Nazarbayev ailəsi ilə birgə Qazaxıstanı tərk edib

   Nazarbayev ailəsi ilə birgə Qazaxıstanı tərk edib
  07 Yanvar 2022    Oxunub:1109
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev ailəsi ilə birlikdə Qazaxıstanı tərk edib. AzVision.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilir ki, Nazarbayevin qızı və qızının ailəsi də onlara qoşulub. Məlumatı ilk olaraq "Orda.kz" xəbər saytı yayıb.
Nazarbayevin qardaşı oğlu saxlanıldı
Qeyd olunur ki, ölkədə yalnız eks-prezidentin qardaşı Bolat Nazarbayev qalıb. Keçmiş dövlət başçısının hazırda harada olduğu açıqlanmır.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin yanvar ayının ilk günlərində başlayıb. Xalqın tələbi maye qazın qiymətinin aşağı salınmasından ibarət olub. Yanvarın 4-5-də isə Almatı şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau və Almatı vilayətlərində, həmçinin Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Sonradan fövqəladə vəziyyət bütün ölkə ərazisinə şamil edildi. Vəziyyətin gərginliyini nəzərə alan ölkə prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT)
müraciət edərək Qazaxıstana sülhməramlı kontingentin yeridilməsini xahiş edib.

Qeyd edək ki, Qazaxıstanın təhlükəsizlik xidmətinin rəsmiləri iğtişaşlar zamanı 26 radikalın məhv edildiyini və 3 minə yaxın insanın talanlarda iştirak etdiyi üçün saxlanıldığını bəyan edib. 18 polis isə həlak olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qazaxıstan  





Xəbər lenti