Cənubi Qafqazın ən böyük klinikası: Pişikləri qısırlaşdırır, itləri çimizdirir, qoyun-keçinin çağırışına gedirlər

  Cənubi Qafqazın ən böyük klinikası:  Pişikləri qısırlaşdırır, itləri çimizdirir, qoyun-keçinin çağırışına gedirlər
  11 Yanvar 2022    Oxunub:879
İtlərin insanların sadiq dostu olduğu deyilir, amma bu, digər ev heyvanlarına - pişiklərə, tutuquşulara, dovşan və başqalarına olan sevgimizi inkar etmir. Ailələrimizin ayrılmaz parçası olan bu “dostlarımıza” diqqət və qayğı göstərmək heyvansevərlər üçün artıq bir öhədlik olub.
Bakıda ev heyvanlarının baxımı, onların müalicəsi üçün müxtəlif klinikalar fəaliyyət göstərir. Hər ötən gün bu klinikaların sayı artır. Lakin hər klinikada heyvanın dərdini öyrənəcək tam şərait yoxdur. Amma ötən ilin dekabrında paytaxtda elə bir Baytarlıq klinikası açıldı ki, burada heyvanların müayinəsi üçün bütün lazımı avadanlıqlar və şərait var.

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində yaradılan bu tibbi müəssisə nəinki Bakının, eləcə də Cənubi Qafqazın ilk böyük və müasir klinikasıdır. Klinikanın qapısından içəri daxil olduğun andan artıq sadiq dostunun əmin əllərdə olacağı qənaətinə gəlirsən.



1000 kvadratmetr sahəni əhatə edən klinikada özəl baytar, feldşer, laborantlardan ibarət 20-yə yaxın əməkdaş çalışır. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova bildirib ki, klinikada qəbul, karantin, stasionar, terapiya, toksikologiya, dermotologiya, oftalmologiya, cərrahiyyə, USM, rentgen, biokimya laboratoriyası, eləcə də ilkin baytarlıq yardımı avtomobili vasitəsilə xidmətlər göstərilir:

“Heyvanların müayinəsi girişdə aparılır. Onların ağırlıq dərəcəsinə uyğun olaraq şöbələrə bölünür. Dekabrın 28-də olan rəsmi açılışdan öncə 2 həftə sınaq keçirdik. O zamandan bəri 50-yə yaxın sahibli, sahibsiz heyvana yardım edilib. Sahibsiz heyvanlar əməliyyat edildikdən və sağaldıqdan sonra buraxılıb. Lakin onlar elə burada institutun həyətində qalırlar. Bizə əsasən itlər, pişiklər, və digər ev heyvanları gətirilir. Lakin təsərrüfatlardan da xırda buynuzlu heyvanlar üçün çağırışlar da ola bilər. O zaman əməkdaşlarımız gedib, yerindəcə heyvanı müayinə edirlər”.



Heyvanların müayinəsinin qiymətləri isə özəl klinikalarla müqayisədə elə də baha deyil.

“Tariff Şurasının müəyyən etdiyi qiymətlər var, lakin onlar bir qədər yüksəkdir. Bizdə qiymətlər münasibdir və müayinələrə görə dəyişir. Sahibsiz heyvanlar gətiriləndə onlar tamamilə pulsuz müayinə edilir. Təcili kömək lazımdırsa edilir. Lakin müalicə yazıldıqda artıq onu gətirən şəxsə resept verilir ki, dərmanları alınsın. Həmin heyvanın saxlanması və müalicəsinə nəzarət isə pulsuz aparılır.

Klinikada rentgen 25 manat, heyvanların qısırlaşdırılması 50-60 manatdır. Heyvan stasionarda müalicə olunduqda isə 25 manat ödənməlidir. Bura heyvana qulluq etmək, yemək vermək, altını-üstünü dəyişdirmək daxildir.

Klinikaya bu günə qədər əsasən sınıq, açıq yaralı heyvanlar gətirilib. İnfeksion xəstəliyə yoluxmuş pişiklərimiz də olmuşdu, bir həftəyə sağalıb getdilər. İlk günlərdə isə Salyandan pişik gətirilmişdi. Sahibi onun üçün çox narahat idi. 2 həftə burada qaldı, hər gün sahibi zəng edib pişiyini canlı görmək istəyirdi. Eyni zamanda ağır vəziyyətdə olan bir iti də sağaltmışıq. Deyəsən, maşın vurmuşdu və sahibi müalicə etmək istəməyib, çölə atmışdı. Onu başqa adam gətirmişdi. Bütün müalicəsi boyunca yanında oldu. Sağalandan sonra isə həmin gətirən adam apardı.

İnsanlarımızın heyvan sevgisi çox gözəldir. Gənclərimiz yaralı, sahibsiz heyvanları qutuya qoyub gətirir və onlar üçün göz yaşları tökürlər ki, sağaldaq”.



Klinika rəhbəri deyir ki, sahibsiz heyvanları müalicə etdikdən sonra onları gətirən şəxslərlə əlaqə saxlamaq mümkün olmur. Heyvanları çölə də buraxa bilmirlər:

- Sahibsiz heyanlar gətirilir, müalicə olunur, sonra onları gətirəni tapa bilmirik ki, verək. Ona görə düşünmüşük ki, heyvanı gətirənlərin nömrəsini alaq ki, sağaldıqdan sonra gəlib götürsünlər. Çünki bura sığınacaq deyil ki, heyvanları saxlayaq. Stasionarda müalicə üçün müəyyən müddət qala bilərlər. Hazırda sahibsiz 3 amputasiya olunmuş pişik var ki, onlar çölə buraxılmır”.

Klinikaya heyvanları təkcə müalicəyə gətirmək lazım deyil. Burada sadiq dostlarımızın gözəlliyinin də qeydinə qalırlar. Onların çimizdirilib qurulanması, tüklərinin daranması və qırxılması üçün də xüsusi otaq var. İşi isə peşəkarlar görür. Yəni heyvanlarımızı tamamilə onlara əmanət edə bilərik. 20-25 manata klinikada heyvanlarınızı gözəlləşdirə bilərsiniz.

Klinikanın əməliyyat otağı isə müasir xəstəxanalardan elə də seçilmir. Heyvanın əməliyyata hazırlanması, narkoz verilməsi, avadanlıqların strelizasiyası və digər prosedurlar üçün hər şey var.

“Belə cərrahi kabinet heç bir klinikada yoxdur. Əməliyyat otağı ilə yanaşı, reanimasiya otağımız var ki, burada heyvanlar daim nəzarətdə saxlanılır. İlkin yardım üçün hər bir şəraitimiz var. Bunlar dövlət hesabına alınıb. Lakin biz bu klinikanı dövriyyəyə salmalıyıq ki, artıq klinika özü-özünü maliyyələşdirməlidir.

Klinikanın nəzdindəki laboratoriyalarda isə heyvanların qan və sidik analizləri götürülür. Qanın immunoloji və biokimyəvi analizləri olur. Qan anaizləri 35-40 manat arasında dəyişir”.



S.Rüstəmova bildirib ki, yeni fəaliyyətə başladığı üçün klinikaya müraciət o qədər də deyil. Lakin o, əmindir ki, qısa zamanda bura müraciət edənlərin sayı artacaq.
“Bizdə bütün avadanlıqlar var. Hər hansı baytarlıq klinikasına daxil olanda arxa tərəfdə bir stol qoyulub, orada heyvan müayinə edilir. Nəyisə dəqiqləşdirmək lazım olanda səni başqa yerə göndərirlər. Burada isə belə deyil. Qapıdan içəri girən andan artıq heyvanın bütün müayinələri üçün avadanlıqlar var.

Klinikamızda eyni zamanda peşə artırma kurslarımız da olacaq. Türkiyə və Rusiyadan ekspertlərimiz dəvət olunacaq və dərs deyəcəklər. Eyni zamanda Aqrar Universitetlərlə də əməkdaşlıq müqaviləsi imzalamışıq”.



Klinikada ev heyvanlarının peyvəndlənməsi də aparılır. Amma onların klinikaya girişi fərqli qapıdandır. Bu da sağlam ev heyvanlarının digərləri ilə yanaşı olmaması üçün edilir. Peyvəndlərin də ödənişi 15,20 və 30 manatdan başlayır.

Klinikanın gənc cərrahı Hacı Axundzadə indiyə qədər 15 heyvanı əməliyyat etdiyini deyib.

“Əsasən amputasiya, qısırlaşdırma və bir bağırsaq keçməzliyi əməliyyatlarımız olub”.















Aytən Zəhra
AzVision.az

Qalereya


Teqlər:







Xəbər lenti