NATO ötən il Rusiyanın 290 hava müdaxiləsinə nəzarət edib

         NATO ötən il Rusiyanın    290    hava müdaxiləsinə nəzarət edib
  08 Yanvar 2022    Oxunub:903
NATO ötən il ərzində baş verən hava müdaxilələri haqqında statistikanı açıqlayıb. AzVision.az xəbər verir ki, hərbi alyansın mətbuat xidmətinin məlumatına görə, NATO-nun Avropadakı qırıcıları 2021-ci ildə təxminən 370 dəfə havaya qalxıblar.
Rusiya hərbi təyyarələrinin uçuşlarına cavab olaraq isə 290 döyüş uçuşu həyata keçirilib.

- NATO qırıcıları müttəfiqlərimizin hava məkanı yaxınlığında təsdiqlənməmiş uçuşlar olarsa, havaya qalxmağa hazırdırlar,-
NATO sözçüsü Oana Lunqesku deyib.

“F-16” lar Rusiya qırıcılarını Baltik dənizində tək buraxmır
Onun sözlərinə görə, 2021-ci ildə hava təxribatlarının qeydə alınmasının əksəriyyəti NATO-nun Estoniya, Latviya və Litva hava sərhədləri mühafizəsi missiyasını yerinə yetirdiyi Baltik regionunda baş verib. Lunqesku onu da əlavə edib ki, məlum müdaxilələr insidentsiz baş verib. Çünki NATO qırıcıları yalnız yaxınlaşan təyyarəni müəyyən etmək və onun patrul xidməti aparılan ərazidən çıxışına nəzarət etmək üçün havaya qalxıblar. Alyansın mətbuat xidməti illüstrativ nümunə kimi fotoşəkillər də göstərib. Məsələn, Rusiyanın İl-22PP elektron döyüş təyyarəsini müşayiət edən İtaliya qırıcısı F-35-in fotosu. NATO sözçüsü qeyd edib ki, alyansın hərbi hava qüvvələrinin 60-dan çox təyyarəsi elan olunmamış hərbi uçuşlara, eləcə də hava hərəkəti dispetçerləri ilə əlaqəni itirmiş mülki təyyarələrə dərhal reaksiya vermək üçün bütün Avropada daim yüksək hazırlıq vəziyyətdədir.

Qeyd edək ki, NATO-nun hazırda biri Almaniyada, digəri isə İspaniyada olmaqla iki hava əməliyyatı mərkəzi var. Məhz bu mərkəzlər Avropa üzərindən bütün hava hərəkətlərinə nəzarət edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Rusiya   Təyyarə  





Xəbər lenti