Ukrayna ilə əlaqələrdə yeni imkanlar ili – TƏHLİL

   Ukrayna ilə əlaqələrdə yeni imkanlar ili –    TƏHLİL
  12 Yanvar 2022    Oxunub:2660
Əlibala Məhərrəmzadə
Ukrayna Ticarət Evinin baş direktoru
İqtisadiyyat elmləri doktoru, professor


Azərbaycanla Ukrayna arasındakı əlaqələr ümumən yaxşı olsa da, inkişaf üçün hələ kifayət qədər böyük potensial var. Ötən ilin 11 ayı ərzində ölkələrimizin ticarət dövriyyəsi 925 milyon dollardan çox olub. Bu, 2020-ci ilin anoloji dövründəki 611 milyon dollar ilə müqayisədə 51,4% artım deməkdir.
Nəzərə alsaq ki, 2020-ci ildə pandemiya əlaqələri məhdudlaşdırmışdı, 2019-cu il ilə müqayisə daha doğru olar. 2021-ci və 2019-cu illərin 11 ayını müqayisə edəndə biz ticarət dövriyyəsinin 27,4% artdığını görürük.

2021-ci ilin yekun nəticəsi isə yəqin ki, 1 milyard dolları keçəcək. Bu, yaxşı rəqəmdir. Amma iki ölkənin qarşılıqlı əlaqələrdən götürə biləcəyi fayda əsla bununla məhdudlaşmamalıdır. Azərbaycan və Ukrayna prezidentləri cənab İlham Əliyev ilə Volodımir Zelenskinin 2021-ci ilin dekabrın 17-də baş tutan görüşü bu istiqamətdə nikbinliyə əsas yaradır.

Zelenskinin təkliflərindən biri Kiyevdə Ukrayna, Azərbaycan və Türkiyə prezidentlərinin görüşünü təşkil etməkdir. Bu sammit üçtərəfli əlaqələrin inkişafına böyük təkan verə bilər. Ukrayna Türkiyə ilə Azad Ticarət Zonası haqqında müqavilə imzalamağa can atır. Bu təşəbbüsə Azərbaycanın da qoşulması “azad ticarət üçbucağı” yaratmaq baxımından maraqlı olardı.
Hazırda ölkələr arasında ən çox aktuallıq kəsb edən əsas sahələr energetika və hərbi sənayedir. Azərbaycan həm Türkiyənin, həm də Ukraynanın energetika sektorunda mühüm çəkiyə malikdir; Türkiyə həm Azərbaycan, həm Ukraynada hərbi sənayenin inkişafında böyük rol oynayır; Ukrayna Azərbaycana yeni silahlar və hərbi texnika təklif edir.


Ukrayna 2021-ci ilin 11 ayı ərzində Azərbaycandan 486 milyon dollarlıq neft idxal edib. Həmin dövrdə Ukraynanın ümumi neft idxalının 695 milyon dollar olduğunu nəzərə alsaq, Azərbaycanın payı 70%-ə bərabərdir. Bu, o deməkdir ki, Ukraynanın enerji təhlükəsizliyində Azərbaycanın payı həqiqətən çoxdur. Amma iqtisadiyyatın digər sahələrini də inkişaf etdirmək lazımdır ki, əlaqələrdə balans pozulmasın.

Digər çox vacib sahə nəqliyyat və logistikadır. Burada da ikitərəfli əlaqələr mühümdür, amma üçtərəfli işbirliyi qat-qat çox fayda verə bilər. Çünki dövrəyə Türkiyə də qoşulanda regional əhəmiyyətli dəhlizlər, “təchizat zəncirləri”nin yaradılması mümkündür. Bu, bir sıra malların ucuzlaşmasına da şərait yaradar ki, indiki mərhələdə xüsusilə vacibdir.

Ukraynanın əsas ticarət tərəfdaşlarının Avropa olduğunu nəzərə alsaq, Azərbaycan üçün Qərbə əlavə çıxış imkanları yaranır. Avropa Birliyi bazarına çıxış Ukraynaya böyük təcrübə qazandırıb. AB elə bir məkandır ki, onun tələblərinə, standartlarına, texniki və fitosanitar normalarına uyğunlaşandan sonra dünyanın istənilən bazarına asanlıqla çıxmaq və rəqabət aparmaq mümkündür. Bu gün Avropa Birliyinə 1 milyard avro həcmində texnoloji məhsul ixrac edən Ukrayna öz təcrübəsini Azərbaycanla bölüşə bilər.
Əlaqələri GUAM çərçivəsində də inkişaf etmək olar. Yaponiya və Kanada bu təşkilatla əməkdaşlığa maraq göstərirlər. Bu əməkdaşlıq birgə layihələrə investisiya cəlb edilməsi üçün yeni imkanlar yarada bilər.

İş birliyinin digər istiqamətləri kənd təsərrüfatı, tikinti, bankçılıq, tibb və əlbəttə ki, turizm olmalıdır. Dekabrın 17-də prezidentlərin görüşü zamanı imzalanan sənədlərin arasında Gəncə ilə Odessa, Quba ilə Truskavets şəhərlərinin ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığı haqqında Müqavilə də var idi. Bu müqavilənin icrasını yubatmaq olmaz, çünki bu cür əlaqələr digər sahələr üçün də yol açır. Adları çəkilən şəhərlərin arasında turist səfərlərinin sıxlaşması bu istiqamətdə ilk addım ola bilər. “Paytaxtdan-paytaxta” marşrutundan uzaqlaşaraq, Ukraynada Odessa ilə Truskavetsi azərbaycanlılar, Azərbaycanda isə Gəncə ilə Qubanı ukraynalılar üçün populyar turizm istiqamətinə çevirmək lazımdır.


Teqlər: Ukrayna  





Xəbər lenti