İlham Əliyev Naxçıvana avtomobil yolunun çəkilişi ilə bağlı yenilikləri açıqlayıb

   İlham Əliyev    Naxçıvana avtomobil yolunun çəkilişi    ilə bağlı yenilikləri açıqlayıb
  12 Yanvar 2022    Oxunub:228
"Yox, mən bunu görmürəm. Çünki Ermənistan tərəfindən hələlik hər hansı bir cavab verilməyib bu təklifə. Kommunikasiyanın açılması ilə bağlı artıq cavab verilib. Baxmayaraq ki, biz bu məsələni gündəliyə salanda ona da etiraz edirdilər”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində jurnalistin “Müqayisəli təhlili apardıq, yəni, Ermənistan tərəfindən davamlı təxribatlar, indiki hakimiyyətin hərəkətlərində mütərəddidlik, qeyri-davamlı proseslərin baş verməsi. Qeyd etdiyiniz məsələ - sülh sazişi və ölkələrin bir-birinin ərazilərini tanıma məsələsinin, fikrinizcə, perspektivi görünür, yoxsa yox?” sualına cavabında deyib.

“İndi hər kəs bunu yaxşı xatırlayır ki, həm dəmir yolunun tikintisinə, xüsusilə avtomobil yolunun tikintisinə etiraz edirdilər və deyirdilər ki, yox, bu, olmayacaq. Sonra mən müsahibələrimin birində dedim ki, istəsə də, istəməsə biz bunu edəcəyik. Bunu deyəsən aprel ayında demişdim və nəticə etibarilə indi avtomobil yolunun, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasındakı avtomobil yolunun çəkilişinə də razılıq verib. Yəni, mən demək istəmirəm ki, biz onları məcbur etmişik, biz heç bir zor tətbiq etməmişik. Ola bilər ki, bizim, necə deyərlər, siyasi addımlarımız, diplomatik addımlarımız, eyni zamanda, bölgədə gedən proseslər göstərir ki, bunu artıq təkcə Azərbaycan yox, bir çox region ölkələri istəyir. Ona görə bu tarixçəyə nəzər salsaq görərik ki, Ermənistanın mövqeyində dəyişiklik baş verir. Ona görə istisna edilmir ki, bu gün inkar etdiyi sülh müqaviləsinin imzalanmasına da nə vaxtsa hazır olacaq. Ancaq yenə də deyirəm, elə bilməsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik. Biz, sadəcə olaraq, regionun gələcəyi naminə və müharibə riskinin sıfra endirilməsi naminə bu təklifi edirik. Yenə də deyirəm, əgər Ermənistan buna hazır deyilsə, onda bu, olmayacaq. Olmasa nə olacaq? Heç nə. Biz nə itirəcəyik? Heç nə itirməyəcəyik, nə bu gün, nə sabah. Bəlkə də əksinə. Amma itirən tərəf Ermənistan olacaq”, - dövlət başçısı qeyd edib.

AzVision.az


Teqlər: Prezident  







Xəbər lenti