İlham Əliyev Ermənistana vaxt qoydu: Prezidentin müsahibəsindən çıxan vacib nəticələr

      İlham Əliyev Ermənistana vaxt qoydu:    Prezidentin müsahibəsindən çıxan    vacib nəticələr
  13 Yanvar 2022    Oxunub:1155
Prezident İlham Əliyevin dekabrın 12-də yerli telekanallara müsahibəsində bir sıra əhəmiyyətli məsələlərə aydınlıq gətiməklə yanaşı, rəsmi Bakının bölgədə yaranmış yeni situasiya ilə bağlı mövqeyini də açıq ortaya qoydu.
İlk növbədə ilin əvvəlində baş verən Qazaxıstan olayları və bu fonda Rusiyanın regionda yaratdığı təhlükəli vəziyyətin Azərbaycana mümkün təsirləri ilə bağlı prezidentin açıqlamalarından mühüm nəticələr çıxarmaq olar. Azərbaycanın mövqeyinin açıqlanması regionda maraqlı olan qüvvələrə mesaj verilməsi məqsədini daşıyırdı.

Prezidentin açıqlamalarından ilk növbədə anlaşılan odur ki, bugünlərdə Kəlbəcər rayonu istiqamətində ermənilər tərəfindən təxribatların törədilməsinin altında Ermənistanın hazırda sədrlik etdiyi KTMT-nin Qazaxıstana hərbi qüvvə göndərməsindən “cəsarətlənməsi” dayanır. Ehtimal etmək olar ki, Paşinyan bölgədə yaranmış yeni vəziyyətin Azərbaycanın mövqeyinə təsir edib-etmədiyini yoxlamaq üçün bu təxribata əl atıb və ordumuzun kifayət qədər sərt cavabı ona başa salıb ki, bölgədə baş verən proseslər heç bir halda bizim mövqeyimizi dəyişə bilməz.

Prezidentin “rusiyalı sülhməramlıların da xahişlərinə baxmayaraq, saat 21:30-da mən müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın” deməsi, ardınca “Azərbaycan yenə humanizm nümayiş etdirdi, lakin yalnız bizim fikrimizcə cəza əməliyyatının başa çatdırılmalı olması qənaətinə gələndən sonra”, - əlavə etməsi Yerevana KTMT-dəki simvolik sədrliyindən boşuna həvəslənməməsi, burada Azərbaycanın iradəsinə və əldə olunmuş razılaşmalara zidd hansısa işlərin görülə bilməyəcəyi barədə açıq mesajdır.

İlham Əliyevin “ bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz" deməsi birbaşa Qazaxıstanla bağlı hadisələrə işarədir və Emənistan rəhbərliyi ilə yanaşı onlara dəstək verən Rusiyadakı müəyyən dairələrə açıq ismarışdır.

Görünən odur ki, Ermənistanın hazırkı hakimiyyətinin regiondakı vəziyyət dəyişikliyindən dərhal yararlanmaq istəməsi dövlət başçısını hiddətləndirib. Bu səbəbdən İlham Əliyev Paşinyanın etibarlı tərəfdaş olmadığını xatırladır: “Biz indiki hakimiyyətin davranışına baxmamalıyıq, özümüzü aldatmamalıyıq. Məhz onlar Azərbaycan ərazilərini daim işğal altında saxlamaq fikrində idilər, məhz indiki hakimiyyət qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentini Şuşaya köçürmək istəyirdi və hətta orada binanın daş işləri də artıq tamamlanmışdı. Biz onu yerlə bir etdik. İndiki hakimiyyət nümayəndələri deyirdi ki, biz “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıyıq. Yəni Koçaryan-Sarkisyan yox, məhz indiki hakimiyyət. Ona görə, yenə də deyirəm, biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə yanaşı yaşayırıq”.

Ancaq Prezidentin Ermənistana ünvanlanan xəbərdarlıqları bununla bitmir. İlham Əliyev iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımaq şərtilə sülh sazişi imzalaması ilə bağlı Paşinyan hakimiyyətinə konkret vaxt qoydu: 6 ay. Əks təqdirdə, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və bundan irəli gələn hadisələrin fəsadlarına İrəvan qatlanmalı olacaq.

“Bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq” – deyən Prezident daha sonra əlavə edir ki, “Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, olmasın, onda görərik nə olacaq”.

İlham Əliyev sülh müqaviləsinin tam olmasa belə, böyük dərəcədə müharibə riskini aradan qaldırdığını etiraf edir. Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımamasına əsas kimi isə “1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi” kimi arqumentlər gətirir.
Söhbət ondan gedir ki, Ermənistanla sülh müqaviləsi kənar qüvvələrin, ilk növbədə isə Rusiyanın regiona müdaxiləsi üçün bəhanə gətirə biləcəyi amili ortadan qaldırır. Məhz bu səbəbdən, prezident deyir ki, böyük dərəcədə müharibə riski bununla ortadan qalxır. Digər risk faktoru Ermənistanın gələcəkdə bu müqavilənin şərtlərinə əməl etməməsi ehtimalıdır ki, bu halda, İrəvanın istənilən aqressiyasının qarşısının alınması Azərbaycan üçün ciddi problem hesab olunmur.

Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımamasına əsas verən arqumentlərə gəldikdə isə, bu situasiya daha çox Rusiyanın Qazaxıstana münasibətdə irəli sürdüyü faktorları xatırladır. Məsələn, prezident Putin Qazaxıstanın ərazisinin böyük hissəsinin Rusiya imperiyasının ərazisi hesabına formalaşdığını bir neçə dəfə xatırlatmaqla bu respublikaya hərbi müdaxilə üçün ölkəsinin mənəvi-hüquqi əsasının olduğuna eyham vurdu. Azərbaycan da eyni məntiqlə Ermənistan ərazisinin böyük hissəsinə iddia edə bilər və Rusiya bununla razılaşmalı olacaq. Əks halda prezident Putinin Qazaxıstanla bağlı iddialarının da səhv olduğu Kreml tərəfindən etiraf edilməlidir. İlham Əliyevin tam əsaslandırılmış arqumetləri rusiyalı strateqləri şahmatdakı “çuqçvanq” vəziyyətinə salır ki, belə olan halda onlar nə qələbə üçün irəli addım ata, nə də, məğlubiyyətlərini etiraf edib geri çəkilə bilirlər.

Tofiq Vahid
AzVision.az

Teqlər: İlham-Əliyev  







Xəbər lenti