Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya görüş keçirib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya görüş keçirib
  14 Yanvar 2022    Oxunub:885
13 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun növbəti görüşü baş tutub.
AzVision.az xəbər verir ki, görüşdə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, eyni zamanda İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının, ADA Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri və ekspertlər iştirak ediblər.

Görüş zamanı elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə mövcud vəziyyət, ölkəmizin mövqeyi təhlil edilib, perspektiv inkişaf imkanları müzakirə olunub. Elmi tədqiqat işlərinin stimullaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, müvafiq sahə üzrə qanunvericilik aktlarına dəyişikliklərin edilməsi və s. üzrə təkliflər səsləndirilib. Müvafiq beynəlxalq səviyyəli təşkilatlarla əməkdaşlığın vacibliyi vurğulanıb.

Eyni zamanda iştirakçılar tərəfindən təqdimatlar nümayiş olunub.

Yekunda “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupa üzv olan müvafiq qurumlar tərəfindən təkliflərin ən qısa müddətdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə göndərilməsinə və bu istiqamətdə müvafiq Yol Xəritəsinin hazırlanmasına dair qərar qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti