Ermənilərin Njde fiaskosu: İrəvan Moskvaya niyə reaksiya vermədi?

      Ermənilərin Njde fiaskosu:   İrəvan Moskvaya niyə reaksiya vermədi?
  29 Yanvar 2022    Oxunub:1252
Dünən Rusiya Erməniləri İttifaqı Moskvada Ermənistanın Ordu gününü qeyd etmək adı ilə faşist Qaregin Njde haqqında filmin nümayişinə cəhd etdi. Tədbir başlamazdan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları zala daxil olaraq bu cür təqdimatın qanunsuz olması ilə bağlı prokurorluğun xəbərdarlığını oxuyublar.
Polis nümayəndələri 354.1 (nasizmin reabilitasiyası-red.) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını seansı təşkil edənlərin diqqətinə çatdırıblar. Nəticədə tədbir təşkilatçıları faşist ideologiyalarının daşıyıcısı olmuş Njdeyə həsr edilən filmi nümayiş etdirə bilməyiblər.

Rusiyada Njdeyə aid filmin nümayişinin qarşısı alındı- VİDEO
Maraqlıdır, ermənilərin özlərinə bir nömrəli "qəhrəman" saydıqları Njde ilə bağlı filmin Rusiyada fiaskoya uğramasına İrəvanda necə reaksiya veriblər? AzVision.az xəbər verir ki, bu mövzuda erməni cəmiyyətində ikitirəlik yaranıb. Kimisi özlərinə müttəfiq saydıqları Rusiyanın məlum jestini bağışlanmaz səhv hesab etsə də, bəzi siyasətçilər rus polisinin tədbiri dağıtmasını təbii hal sayıb. Çünki Ermənistanın özündə belə bir çox erməni "qəhrəmanlara" artıq dəyər verilmir. "Sən özünə hörmət etmirsənsə, başqalarından bunu gözləmə" deyilir.

Erməni politoloq Suren Surenyanç yerli mediaya verdiyi açıqlamada İrəvanın qorxaq siyasət yürüdərək baş verən hadisələrə reaksiya verməməsindən təəssüflənib.



- Moskvadan izahat, dəqiqləşdirmələr istəniləcəkmi? Yoxsa elə bizdə də Njdeni nasist hesab edəcəklər? Yadınızdadırmı, bir vaxtlar Ermənistan Respublika Partiyasının rəhbərləri, daha sonra isə Nikol Paşinyan özü bizi rəsmi Moskvanın Njde ilə bağlı erməni tərəfinin arqumentlərini qəbul etdiyinə inandırmışdı? Bəs sizin təminatlarınız nə oldu? Moskvadan izahat tələb olunacaq, yoxsa biz də Njdeni nasist sayacağıq? Bəri başdan deyim ki, mən heç vaxt özümü Njde ideologiyasının davamçısı hesab etməmişəm.

Tanınmış erməni nəşri olan "Hraparak"da isə rus polisinin Njdeyə aid çəkilmiş filmin təqdimatına mane olmasına dair geniş bir təhlil dərc edilib.

Müəllif Njdenin millətçi fəaliyyətinə tərif yağdırıb və "Moskvada polislər Qaregin Njde haqqında filmin nümayişinə mane oldular" başlıqlı məqaləni paylaşaraq öz qəzəblərini ifadə edən erməni oxucuları qınayıb.



- Sual yaranır, "Bəs siz nə gözləyirdiniz?" Rusiya suveren dövlətdir, nə istəsə, edəcək. Biz nə edirik? Məsələn, Njdenin hansı ideyasını rəhbər tuturuq? Onun etdiklərinə biz nə qədər layiqik? Heç olmasa onun əməllərini qiymətləndirə bildikmi?

Qaregin Njde bizim üçün "milli qəhrəmandır" və sual budur ki, biz qəhrəmanlarla necə davranırıq. Odur ki, edə biləcəyimiz bir şey yoxdursa, sakitləşməliyik. Burada, Ermənistanda Qaregin Njdenin ideyaları hər gün türk izləri ilə tapdalanır.
Bizim özümüzə hörmətimizin sürətlə yoxa çıxmasından məyusluğumuzu ifadə etməliyik.

Müəllif yazır ki, yaxınlarına, "milli dəyərlərinə" hörmət etmirsənsə, ksenofobiyadan əziyyət çəkirsənsə, üstəlik, öz gücünə güvənməkdənsə, Allaha arxalanırsansa, o zaman başqaları niyə sənə və sənin millətinə hörmət etməlidir?

- Biz hamıdan hər şeyi tələb edirik, amma özümüzdən heç nə ummuruq.

Xatırladaq ki, dünən Rusiya veteranları da Rusiya Erməniləri İttifaqının faşist Qaregin Njde haqqında film nümayiş etdirməklə Ermənistan ordusu gününü qeyd etmək təşəbbüsünə qarşı çıxıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Njde   Film   Rusiya   Polis   Təqdimat  





Xəbər lenti