KİNO | «Nuh»un mənasız fəlsəfəsi

KİNO | «Nuh»un mənasız fəlsəfəsi
  16 Aprel 2014    Oxunub:2175
«Oskar»lı rejissor Darren Aronofskinin çəkdiyi “Nuh” filmi yaz mövsümünün ən qalmaqallı blokbasteri hesab oluna bilər. Bəlli olduğu kimi, artıq bir sıra müsəlan ölkələrində onu qadağan ediblər. Zənnimizcə, burada əsas səbəb Nuhun sifətinin göstərilməsi yox, rəvayətin filmdəki interpretasiyasıdır.
Nuh haqqında film çəkərkən nəyə əsaslanmaq lazımdır? İlk növbədə “Tövrat”a. Amma eyni zamanda, Nuh - tarixi yox, mifik personajdır. Demək, bu personajı ekranlaşdırarkən rejissorun öz fantaziyasına müraciət etməyə də haqqı var. Aranofski də belə edib. Amma onun Nuhunun məqsədi başqadır. İlkin məqsəd canlıları xilas etmək deyil, əksinə, insan nəslinin kökünü kəsməkdir. O, bunun üçün mübarizə aparır. Hətta özünün əkiz nəvələrini öldürmək üçün ailəsinə düşmən kəsilir. Qurduğu gəmini başqa insanlar minməsin deyə, əldə silah qoruyur. Missiya başqadır: özü və ailəsi də daxil olmaqla, insan nəslinin kökünü kəsməkdə Allaha kömək olmaq. Nuh bunun üçün tərddüd etmədən çarpışır. Əziyyəti isə daha çox ailəsi çəkir.

Rassel Krounun yaratdığı Nuh obrazı həssas və humanist peyğəmbər yox, qəddar bir zombidir. Allah deyib ki insanlar ölməlidir – deməli ölməlidir. O, “rəis dedi – qurtardı” məntiqilə işləyir. Gözünü qırpmadan ortancıl oğlu Hamın sevdiyi qızı heyvan tələsində ölməyə buraxır və bununla da oğlunun nifrətini qazanır. Nəvələrini öldürmək istədiyinə görə böyük oğlu Samın və arvadının düşməninə çevrilir. Ona görə də gəmi quruya çıxandan sonra hamıdan üz döndərərək, əyyaş həyatı yaşamağa başlayır. Qeyd edək ki, bu sonuncu fikir Tövratda var, yəni rejissor fantaziyası deyil.

Ümumiyyətlə, filmin ssenarisi təbii olaraq Quran yox, Tövratdakı Nuh süjetinə yaxındır. Qurandakı Nuha insanlar inanmır və onun gəmisinə minmək istəmirlər, ələ salırlar. Filmdə əksinədir: insanlar Nuha inanır və ciddi qəbul edir, gəmiyə minmək üçün hətta savaşırlar, amma Nuh imkan vermir ki, Allah göndərdiyi daşqınla onların nəslini kəsə bilsin.

Amma bəzi fentezi elementləri heç bir dini rəvayətlə uzlaşmır. Məsələn, Nuha gəmini qorumaqda kömək edən nəhəng daş varlıqlar “Üzüklər hökmdarı” filmindəki döyüşən ağacları çox xatırladır. Bibliya süjetinə bu nağıl elementini əlavə etmək nəyə görə lazım idi? Yəqin ona görə ki, Nih təkbaşına gəmini ona minmək istəyən böyük insan ordusundan qoruya bilməzdi. Amma döyüşən qayalar – həddindən artıq qeyri-ciddi obyektlərdir və filmi Bibliya rəvayətindən uzaqlaşdırıb, adi fentezi-epikə çevirirlər.



Hər halda, filmə baxanda iki sualdan yan qaçmaq olmur: Əgər Allah öz yaratdığı insanlar pis olduğuna görə onları məhv etmək istəyirsə, niyə buna görə elə həmin insanların birinin köməyindən istifadə etməlidir? İnsanları sadəcə, yerindəcə məhv etməkdə ona nə mane olur?

Və ikinci sual: Niyə Nuh özü də son ana qədər bilmir ki, Allah onun nəslinin kəsilməsini istəyir, ya istəmir? İkinci sual filmin dramatik-fəlsəfi tərəfini gücləndirmək üçündür və rejissor, həmsenarist Darren Aranifskiyə ünvanlanmalıdır. Birinci sual isə Tövratı yazanlara aiddir.

Darren Aranofski psixoloji triller janrında kifayət qədər güclü rejissordur (“Oskar”lı `Qara sona` filmini yada salın). Amma tarixi və epik süjetlər üzərində fəlsəfə qurmağa çalışanda (“Fəvvarə” filmində olduğu kimi) o qədər də alınmır. “Nuh” da ikinci kateqoriyaya aiddir.

Problem bir də ondadır ki, Aronofskinin fəlsəfəsi, vermək istədiyi mesajlar da tam aydın deyil. Məsələn, “Nuh” filmi ilə o, nə demək istəyib? Hətta Allah nəsə əmr edibsə belə, son qərarı yenə insan özü verməlidir? (Nuh nəvəsini öldürməkdən son anda vaz keçməklə, nəslinin davam etməsi barədə qərarı özü qəbul edir) Dindar üçün qəbuledilməz, dinsiz üçün mənasız fəlsəfədir.

Film haqda ümumi olaraq bunu demək olar ki, o, gözləntiləri doğrultmadı. Tamaşaçılar dünyanı su basması haqda epik fəlakət filmi gözləyirdilər. Amma “Nuh” filmində qloballıqdan heç əsər-əlamət yoxdur, o, ancaq lokal məkanda – Nuhun yaşadığı çöldə cərəyan edir. Bu, filmin daha bir ciddi çatışmazlığıdır.

O ki qaldı fəlsəfəyə, burada da vurğular düzgün qouyulmayıb. “Nuh” haqqında olan Bibliya rəvayəti (yaxud mif) heç bir halda insanın qərar qəbul etmək azadlığına işarə etmir. Ümumiyyətlə, o mifdə fəlsəfi heç nə yoxdur. Ona görə də, bu süjetdən fəlsəfi pritça yox, gözəl vizal effektli epik fəlakət filmi çıxa bilərdi. Amma Aranofski tam əksini edib.

Vüsal Məmmədov


Teqlər:  





Xəbər lenti