Amerika biolaboratoriyaları: Niyə İrəvan hesabatlardan yoxa çıxdı?

   Amerika biolaboratoriyaları:    Niyə İrəvan hesabatlardan yoxa çıxdı?
  19 Aprel 2022    Oxunub:1686
Aprelin 14-də general-leytenant İqor Kirillov Rusiya Müdafiə Nazirliyində keçirdiyi brifinqdə ABŞ-ın Ukraynadakı qondarma hərbi-bioloji fəaliyyətindən, xüsusilə də Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) işindən danışıb. Kirillovun məruzəsində bildirilir ki, UETM Pentaqonun biosilahlar yaratmasında əsas elementlərdən birinə çevrilib və onun “Bakıda, Kişinyovda, Tbilisidə regional ofisləri var”.
Rusiyalı hərbi-siyasi analitik, strateji təhlükəsizlik sahəsində ekspert, Yaxın Şərq və Afrika üzrə mütəxəssis Vladimir Bekiş AzVision.az -a deyib ki, bu ittihamların necə təsdiqlənəcəyi hələ sualdır. Aydın məsələdir ki, bu ittihamları oxuyan 100 nəfərdən yalnız dörd-beşi Ukraynadakı laboratoriyalarda faktiki olaraq öyrənilənlərin və sınaqdan keçirilənlərin mahiyyətinə varacaq. Əlliyə yaxın insan sadəcə inanacaq, qalanları da inanıb, Amerika və Ukraynanı söyəcək, Rusiyaya minnətdarlıqla baxacaqlar. Lazım olan da elə budur.


- Sizcə, UETM ABŞ ilə əməkdaşlıq çərçivəsində viruslar, patogenlər və digər yoluxmalarla bağlı araşdırmalar aparıbmı?
- Məncə, aparıb. Amma bu, kriminal və ya hərbi cinayətdirmi? Yox, elə deyil. Bu tədqiqatları nə ilə qarşılaşacağını bilmək üçün bir çox ölkə aparır. Rusiya xüsusi təyinatlıları və bioloji silah mütəxəssisləri Ukrayna ərazisində mərmilər, bioloji öldürücü maddələrlə doldurulmuş raket başlıqları tapsaydılar, o zaman məsələ bağlanardı, çünki burada artıq beynəlxalq norma və razılaşmaların pozulması var. Qalan hər şey hipotetik fərziyyələr səviyyəsindəndir.
Əlavə etmək istərdim ki, Rusiyanın özü də təhlükəli bioloji maddələrlə iş sahəsində heç də geri qalmır və mələk deyil. Tam əksinə. Məsələn, keçən əsrin 70-ci illərinin sonunda SSRİ-də, konkret olaraq Çelyabinskdə gizli bir müəssisədən qarayara xəstəliyinin sızması onlarla insanın ölümünə səbəb olmuşdu.

- Bəs Bakının bura nə dəxli var? Bundan əvvəl Müdafiə Nazirliyinin anoloji hesabatlarında Azərbaycanın adı çəkilmirdi. Kremlin mövqeyi niyə dəyişdi? Yeri gəlmişkən, artıq Kirillovun siyahısında Ermənistan göstərilmir, baxmayaraq ki, əvvəllər həm Rusiya mətbuatında, həm Mamontovun hesabatında, həm də ermənilərin özlərinin etiraflarında respublikada Amerikanın bioloji laboratoriyalarının olduğunu rəsmi İrəvan özü də gizlətmirdi...
- UETM-nun Kişinyovda, Bakıda filiallarının olmasına gəlincə, mən yenə də burada qəbahətli və şübhəli bir şey görmürəm. Belə bir filial Moskvada və ya Dəməşqdə tapılsaydı, təəccüblənərdim. Amma yəqin ki, orada onların öz filialları var... ABŞ-ın bunu edə bilən bütün ölkələrdə bioloji tədqiqatları maliyyələşdirməsi tamamilə aydındır. Çelyabinskdə, ya da Uhanda olduğu kimi, həmişə sızma, infeksiya riski də var. Ona görə də, amerikalılar belə təhlükəli işləri öz ərazilərindən çıxarırlar. Ukraynalıların bu variantla razılaşması da başadüşüləndir. Yaşamaq, əməkdaşlıq etmək lazımdır. Əgər risk varsa, onun səbəbləri də var. Əsas məsələ mükəmməl işləmək və bu riski sıfıra endirməkdir.

Bu siyahıda Bakının, ya da sonradan yoxa çıxan Ermənistanın olmasına gəlincə, böyük, qlobal, çoxfaktorlu oyun, hətta müharibə gedir. Nəzərə alın ki, mümkün olan, fayda gətirə bilən, təsir yaradan hər şeydən istifadə etmək lazımdır. Əminəm ki, Rusiya nümayəndələrinin - siyasətçilərinin, məmurlarının, hərbçilərinin, xüsusi xidmət orqanlarının bir çox ölkələrlə ünsiyyəti hazırda gərgindir. Həm qonşularla, həm də dünyanın başqa yerlərində. Söhbət dünyanın yenidən bölüşdürülməsindən gedir. Bu ünsiyyət çoxfaktorludur. Odur ki, İrəvanın Rusiya hərbi ekspertlərinin və medianın hesabatlarından itməsini onun Rusiya qazını rublla almağa razı olmasıyla əlaqələndirərdim... Həyat mürəkkəbdir...

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az



Teqlər: Rusiya   ABŞ   Biolaboratoriya  





Xəbər lenti