"Məhbusun dırnağı olmur": Qadın həbsxanasındakı gözəllik salonundan reportaj - VİDEO+FOTOLAR

  "Məhbusun dırnağı olmur":  Qadın həbsxanasındakı gözəllik salonundan reportaj -  VİDEO+FOTOLAR
  19 Aprel 2022    Oxunub:7079
Qadın məhkumlar üçün Bakıda yeni inşa olunmuş penitensiar müəssisədə məhbus xanımlardan kimisi dərzilik edir, kimisi təmizlik işlərinə baxır, kimisi də aşpazlıq edir. Burada hər kəsin öz işi var.
Elə Aynurə Qafarova kimi. Masalı rayonunda doğulub, boya-başa çatan və 3 uşaq anası olan Aynurə həbsxanada aşpaz köməkçisidir. Həmsöhbətimiz təhsilli olduğunu və əvəllər dövlət işində çalışdığını deyir. O, bıçaqlanma hadisəsinə görə 3 il həbs cəzası alıb. Xanım məhbusun cəza müddətinin çox hisəsi bitib. İndi vaxtının tamam olacağı və balalarına qovuşcağı günü həsrətlə gözləyir.



Hər bir şəraitmiz var. Olmayan isə azadlığımızdır,- deyir Aynurə.- Rəisimiz Elgiz bəy bizimlə maraqlanır, qayğımıza qalır. 3 övladım var. Böyük oğlum atası ilə yaşayır. Onun 23 yaşı var. Digər iki övladlarım isə balacadılar, sığınacaqda qalırlar. Ən çox onlara görə narahatam. Məndə bıçaqlanma işidir. Namus üstündə etmişəm. Həmin adamla indi barışığımız olub. Cəzamı çəkirəm.



Azadlıqda olanda da mətbəxi sevirdim. Ona görə burada aşpaz köməkçisi təyin edildim. Mən qızlarımıza, gəlinlərimizə deyərdim ki, düşünsünlər, sonra addım atsınlar. Heç kimə bura düşməyi arzu etməzdim. Çöldəki azadığın yerini heç nə verməz. Çıxandan sonra balalarımı başıma yığacağam. Həyat yoldaşımdan illər öncə ayrılmışam.Uşaqlarıma da tək baxmışam. 10 ayım qalıb. 10 aydan sonra övladlarıma qovuşacağam. Burada çox şey öyrəndim, məsələn, insaları başa düşməyi, tanımağı....”.



İnsan öz təbiətini inkar edə bilməz. Elə qadın da. İstər həbsxanada, istərsə də azadlıqda olsun, fərqi yoxdur, xanımlar hər yerdə saçını daramağa, üzünə bəzək vurmağa vasitə tapacaq.Yoxdan var edəcək. Axı o qadındır. Hansısa ağır cinayəti törətməsi qadın olmasını inkar etmir....
Həbxananın gözəllik salonuna ayrılan otağı da var. Bura daxil olarkən xanımlar bizi zarafatla qarşılayıb “Qorxmayın, içəri gəlin, məhkum olsaq da, qəşəng saç kəsirik, boyayırıq. Bizi tez-tez ziyarət edin ki, azadlığın iyini alaq” deyirlər. Daha sonra mənə dayanmadan növbəti əfv və amnistiya haqqında müxtəlif suallarını verirlər. Və əlavə edirlər ki, onların həyatda tək ümidi əfv sərəncamlarıdır.


Sevinc Hüseynova əvəllər narkotika istifadəçisi olub. Elə həbsxanaya düşmə səbəbi də bununla bağlıdır. Məhbəsdə o, salonun gözəllik işlərinə baxır. Deyir ki, azadlıqdakı dəbi burada televizordan izləyirlər: "Uzun saçları sevirik. Məhbus yoldaşlarımızın saçını rəngləyirik. Çöldə necədirsə, burada da zövqə uyğun edirik. Baxmayaraq ki, bağlı qapı arxasındayıq, hər şeyimiz var. Uşaqlıqdan marağım olub. 27 ildir, bu işlə məşğul oluram. Hamımız məhkumuq. Bir-birimizi yola veririk. Burada mikrobildinq, kirpik qoyma kimi müasir şeylər olmur. Sadə işlərlə məşğuluq. Saçımıza rəng qoyuruq, kəsirik. Bizə manikür, pedikür də olmaz. Çünki məhkumun dırnağı olmur ”.


Kəmalə Məmmədova həbsxanaya qadın alveri ilə bağlı düşüb. Əslən Kəlbəcərdəndir. Əvəllər salon işlətdiyi üçün bu işləri bacardığını deyir: "Öz sənətimdir. Burada da məhkum yoldaşlarımla işləyirik. Kim nə istəsə, edirik. Həbsxanada qara saç rənginə çox üstünlük verirlər. Bura rahatdır, ev kimidir. Bircə uşaqlarımıza əlimiz çatmır. Balalarım görüşümə gəlirlər. İki oğlum var. Hələ 6 il də həbs yatmalıyam. Mənə insan alveri ilə bağlı cinayət işi açıblar. Mən yoldaşımdan ayrılandan sonra xaricə çox getmişəm. Adını qoydular ki, qadın satmışam. Mən heç kimi satmamışam. 2 il 4 aydır ki, buradayam”.





Şahanə Rəhimli
Əhməd Xəlilov
Bəxtiyar Məmmədov
AzVision.az



Teqlər: Həbs   Məhkum   qadın  





Xəbər lenti