Qubada “Nəsillərin görüşü: Uğurlar və perspektivlər...” mövzusunda zona konfransı keçirilib

Qubada “Nəsillərin görüşü: Uğurlar və perspektivlər...” mövzusunda zona konfransı keçirilib
  22 Aprel 2022    Oxunub:275
Aprelin 22-də Quba şəhər Mədəniyyət Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Nəsillərin görüşü: Uğurlar və perspektivlər...” mövzusunda zona konfransı təşkil olunub.
AzVision.az xəbər verir ki, konfrans Dövlət Himninin səslənməsi, respublikamızın ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, həmçinin şimal bölgəsindən olan əmək, müharibə və Silahlı Qüvvələr veteranları, 44 günlük Vətən müharibəsi qaziləri, tələbə və ziyalılar, Sərhəd Qoşunlarının, Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, veteran və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Həssas kateqoriyadan olan vətəndaşlara dövlət qayğısı fonunda şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara cəmiyyətdə böyük ehtiram göstərildiyi vurğulanıb.

44 günlük Vətən müharibəsində veteranların, o cümlədən hər bir vətəndaşın Ali Baş Komandan ətrafında yumruq tək birləşdiyini bildirən Cəlil Xəlilov, bu gün də veteranların Prezident İlham Əliyev ətrafında sıx birləşməsinin zəruriliyini qeyd edib. Sədr müavini bildirib ki, son vaxtlar bəzi veteranların daşıdıqları statusdan sui-istifadəyə cəhd etməsi, dövlət qurumlarına təzyiq göstərməyə çalışması, əsassız tələb və iddialar səsləndirməsi müşahidə edilir və bu, təəssüf doğurur. Polkovnik qeyd edib ki, hər bir tələb və iddia qanuna əsaslanmalı, yalnız və yalnız hüquqi müstəvidə həll edilməlidir. Bu kimi neqativ halların cəmiyyətdə veteranlar haqqında mənfi fikirlərə yol aça biləcəyini söyləyən Cəlil Xəlilov, belə hallara qarşı birgə mübarizə aparmağın zəruriliyini qeyd edib: “Veteranlarımız sadəcə bu kimi neqativ hallara qarşı mübarizə aparmaqla kifayətlənməməli, həm də cəmiyyətdə vətənpərvərlik ruhunun güclənməsi, 44 günlük Vətən müharibəsi qəhrəmanlarının tanıdılması, gənc və yeniyetmələr arasında hərbi vətənpərvərlik tərbiyəsinin güclənməsi baxımından da fəal iş aparmalıdırlar. Müharibə dönəmində cəbhədə böyük qəhrəmanlıqlara imza atan gənclər respublikamızın sosial-iqtisadi həyatında, o cümlədən Qarabağda aparılan böyük yenidənqurma işlərində də fəal olmalı, ön cəbhədəki qəhrəmanlıqlarını arxa cəbhədə öz əməkləri ilə təkrarlamalıdırlar”, - deyə Cəlil Xəlilov söyləyib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial layihələrdən, şəhid ailələrinə, müharibə əlillərinə, veteran və qazilərə göstərilən diqqət və qayğıdan bəhs edib.

Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük Qələbəyə, şanlı Zəfərə imza atdı. İşğalçı erməni ordusu darmadağın edilərək rüsvayçı məğlubiyyətə uğradıldı. Bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildi. Hər zaman şəhid ailələrinin, müharibə veteranlarının yanında olan dövlət başçısı post-müharibə dönəmində də Vətənin azadlığı uğrunda şəhid olanların ailələri, müharibə iştirakçıları ilə həmrəylik sərgilədi. Bu həmrəylik bu gün də davam edir. Şəhid ailələrinin, veteranların sosial problemlərinin həlli istiqamətində böyük layihələr həyata keçirilir. Bu baxımdan, Quba rayonunda da bir sıra mühüm işlər görülür. Buna nümunə olaraq Quba rayonunda Azərbaycan-Türkiyə qardaşlıq parkının, o cümlədən “Media şəhidləri” parkının salınmasını göstərmək olar.

Yaxın günlərdə şəhid ailələrinin həyətlərinin abadlaşdırılması, onların evlərinə gedən yolların asfaltlaşdırılması prosesinə başlanılacaq. Şəhid ailələrinin, veteranların problemlərinin həll edilməsi, onların sosial rifahının yüksəldilməsi bizim üçün prioritetdir və bu istiqamətdə bütün imkanlardan bundan sonra da maksimum istifadə olunacaq.

Konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi uğura imza atdığını vurğulayıb.

Bildirilib ki, 44 günlük Vətən müharibəsi və bu müharibədə əldə edilən Qələbə sadəcə Azərbaycanın deyil, türk dünyasının ən şanlı qalibiyyətlərindən biridir. Azərbaycan Ordusu, Azərbaycan xalqı bu Zəfərlə 200 illik erməni işğalına layiqli cavab verdi. Azərbaycan öz tarixi torpaqlarını erməni faşizmindən azad etməklə ərazi bütövlüyünü təmin etdi. Tarixi və hüquqi ədalət şanlı Azərbaycan Ordusunun cəsarəti və rəşadəti nəticəsində təmin edildi.

“Bu gün Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə, veteran və qazilərə dövlət tərəfindən mütəmadi qayğı göstərildiyi, onların sosial rifahının yüksəldilməsinin dövlət siyasətimizin prioritet istiqamətlərindən bir olduğu hər kəsə məlumdur. Məlum kateqoriyadan olan vətəndaşlarımızın mənzil, avtomobil, sosial müavinətlərlə təmin edilməsi, çoxsaylı güzəştlərdən yararlanması faktı buna nümunədir. Lakin təəssüflə qeyd etməliyik ki, bu gün bəzi veteranlar, o cümlədən veteran adı daşıyan təşkilatlar əsassız iddia və tələblərlə çıxış edir, ictimai maraqlardan daha çox öz şəxsi maraqlarının müdafiəsinə çalışırlar. Təbii ki, bu kimi hallar cəmiyyətdə də narazılıq doğurur, veteran statusunun aliliyinə, müqəddəsliyinə kölgə salır. Hər bir veteran bu kimi arzuedilməz hallara qarşı mübarizə aparmalı, dövlətimizin şəhid ailələri, veteranlarla bağlı siyasətinə kimlərinsə kölgə salmasına imkan verməməlidir”, - deyə Vüsal Quliyev bildirib.

Konfransda çıxış edən şəhid ailələrinin nümayəndələri, müharibə əlilləri, 44 günlük Vətən müharibəsi iştirakçıları, QHT təmsilçiləri dövlətin şəhid ailələri və veteranlara dəstəyini yüksək qiymətləndirdiklərini, hər zaman olduğu kimi, bundan sonra da milli maraqların keşiyində ayıq-sayıq dayanacaqlarını vurğulayıblar. Konfrans əsnasında şəhid ailələrinin nümayəndələri, o cümlədən veteranlar həm də onları düşündürən, narahat edən məqamlara toxunub, üzləşdikləri problemlərdən birgə həll yollarının müzakirəsinə qoşulublar. Şəhidlərin adlarının əbədiləşdirilməsi, onların göstərdiyi qəhrəmanlıqların təbliği istiqamətində də çoxsaylı təkliflər səsləndirilib.

Diskussiya formasında davam edən konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov şəhid analarının, müharibə veteranının suallarını cavablandırıb, onların müxtəlif məsələlərlə bağlı səsləndirdiyi təkliflər dinlənilib, ümumiləşdirmələr aparılıb.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev konfransdan sonra şəhid ailələri və müharibə iştirakçılarının təmsil olunduqları QHT-lərin nümayəndələri ilə görüşüb.




AzVision.az


Teqlər:







Xəbər lenti