"ABŞ-dakı səfirimiz "soyqırımı" tədbirlərindən yayındı" - Ermənistan mediası

   "ABŞ-dakı səfirimiz "soyqırımı" tədbirlərindən yayındı" -    Ermənistan mediası
  26 Aprel 2022    Oxunub:818
Ermənistan diplomatiyası qondarma "erməni soyqırımı"nın təbliğatına daha əvvəlki kimi enerji və vaxt sərf eləmir. ABŞ kimi mühüm ölkədə fəaliyyət göstərən Ermənistan səfirliyinin son davranışları buna bariz nümunədir.
AzVision.az xəbər verir ki, bu gün erməni mediası giley-güzar dolu məqalələr dərc edərək Vaşinqtonda əvvəlki illərdən fərqli olaraq 24 apreldə "erməni ab-havasının" yaradılmadığını yazıb.

"Hraparak" isə bütün günahları Paşinyanın ABŞ-a göndərdiyi uğursuz kadrında-səfir Lilit Makuntsda görüb.

"Vaşinqtondakı erməni icmasındakı mənbələrimizdən aldığımız məlumata görə, Lilit Makunts aprelin 24-də təşkil olunan məlum ictimai tədbirlərdə iştirakdan yayınıb. Əvvəlcə səhər saatlarında Vaşinqtonda iki erməni kilsəsində yas liturgiyası təşkil edilib, bir sıra icma tədbirləri keçirilib. Makunts liturgiya zamanı, hətta erməni uşaqlarının təşkil etdiyi "erməni soyqırımı"ndan bəhs edən teatr tamaşasında da görünməyib", - nəşr yazıb.

Müəllif qeyd edir ki, Makuntsun "24 aprel hadisələri" ilə bağlı tədbirlərdən yayınması Vaşinqtonda Ermənistan hakimiyyətinin soyqırımı tələblərindən, onun beynəlxalq səviyyədə tanınması məsələsində artıq maraqlı olmadığı kimi qəbul edilir.

"Makunts aprelin 24-nü həçmin gün səfirliyin qapısı önündəki xaçkarın qarşısına gül dəstələri düzən səfirlik işçiləri və onların ailə üzvləri də daxil olmaqla yalnız kiçik bir qrup insanla qeyd etdi.
Erməni icması deyir ki, səfirlik ilə icma arasında münasibətlər heç vaxt belə acınacaqlı vəziyyətdə olmayıb. Makunts erməni-amerikan icmasını qara və ağlara bölür və yalnız özünə məxsus kiçik qrupla ünsiyyət qurur", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   ABŞ   Soyqırımı  





Xəbər lenti