Azərbaycanla Latviya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb

   Azərbaycanla Latviya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb
  26 Aprel 2022    Oxunub:584
Aprelin 26-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Latviyanın Baş nazirinin müavini, müdafiə naziri cənab Artis Pabriksin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə AzVision.az - a Müdafiə Nazirliyindən məlumat verilib.

Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Latviyanın müdafiə naziri fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. A.Pabriks “Şərəf kitabı”nı imzalayıb.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilən ərazilərdə görülən işlərlə bağlı onlara ətraflı məlumat verib.

Müdafiə naziri Azərbaycan ilə Latviya arasında hərbi əməkdaşlığın həm NATO-nun müxtəlif proqramları, həm də ikitərəfli əsasda həyata keçirildiyini və bu əlaqələrin daim inkişaf etdiyini vurğulayıb.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən cənab A.Pabriks dövlətlərimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını, Latviyanın Avropanın təhlükəsizlik təşkilatlarında, xüsusilə NATO çərçivəsində Azərbaycanın vacib tərəfdaşı olduğunu deyib. Baş nazirinin müavini, həmçinin azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində latviyalı mütəxəssislərin də iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.

Azərbaycan ilə Latviya arasında hərbi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi vəziyyət, təhlükəsizlik məsələləri, habelə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti