Washington Post: Qərb hegemonluğu nə vaxt bitəcək?

      Washington Post:    Qərb hegemonluğu nə vaxt bitəcək?
  27 Aprel 2022    Oxunub:405
Qərb ölkələrinin iki yüz illik hegemonluğu 2040-cı ilə qədər inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının böyüməsi hesabına başa çatacaq.
AzVision.az xəbər verir ki, bu barədə “The Washington Post”un köşə yazarı Henri Olsen yazıb. Müəllif hesab edir ki, ABŞ, Avropa İttifaqı və onların Asiyadakı müttəfiqlərinin üstünlüyü iqtisadi gücə əsaslanırdı. O, qeyd edir ki, 1950-ci ilə qədər yalnız ABŞ-ın alıcılıq qabiliyyəti pariteti Çin, Hindistan və Rusiyanın birləşdiyindən daha böyük ümumi daxili məhsula malik idi.

Olsen yazır ki, 2000-ci ildə hazırda Moskvaya qarşı sanksiyalar tətbiq edən dövlətlər - Avropa İttifaqı və əksər NATO ölkələri, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, Tayvan, İsveçrə və Sinqapur - dünya ÜDM-in 79,4%-ni istehsal ediblər. 2020-ci ilə qədər bu rəqəm 60,4%-ə düşüb.

“Bunun çoxu Çinin meteorik yüksəlişi ilə bağlıdır, lakin Hindistan və digər inkişaf etməkdə olan ölkələr də Qərbdən daha sürətli böyüyüblər. Bu ölkələr indi o qədər güclüdürlər ki, hətta Qərbin Rusiya ilə konfliktindəki ümumi gücünə belə tab gətirə bilər”, - Olsen qeyd edib.

Onun fikrincə, bu tendensiya davam edəcək və əgər diqqətinizi 30 ən böyük iqtisadiyyata yönəltsəniz, Beynəlxalq Valyuta Fondunun məlumatına görə, hazırda Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələr iqtisadi istehsalın 64,9%-ni təşkil edir. 2027-ci ilə qədər isə bu rəqəm 58,5%-ə düşəcək.

“2040-cı ilə qədər Çin və Hindistan birlikdə alıcılıq qabiliyyəti pariteti baxımından ABŞ və səkkiz ən böyük ölkənin birləşdiyindən daha böyük ÜDM-ə sahib olacaqlar. Buna Braziliya, Meksika, İndoneziya və Türkiyə kimi digər inkişaf etməkdə olan gücləri də əlavə etsəniz, qlobal güc balansı daha da dəyişəcək. Bu yüksələn güclərdən bəziləri qoşulmasa, bu hadisə Qərbin iki yüz illik qlobal hökmranlığına son qoyacaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Qərb   ABŞ   Rusiya  







Xəbər lenti