Avstriya Azərbaycandan qaz tədarük edə bilər

   Avstriya Azərbaycandan qaz tədarük edə bilər
  27 Aprel 2022    Oxunub:778
Avstriyanın Rusiyadan qaz tədarükünü dayandırması illər çəkə bilər.
AzVision.az xəbər verir ki, bunu Avstriyanın kansleri Karl Nehammer "OE24.TV" telekanalına müsahibəsində deyib.

Kansler hesab edir ki, Avstriyanın Rusiya qazından imtinası üçün "beynəlxalq qaz bazarında [qazın] mövcudluğundan asılı olaraq" bir neçə il lazım olacaq. Onun sözlərinə görə, Ukraynadakı hadisələr başlayandan bəri Energetika Nazirliyinin mütəxəssisləri Avstriyanın OMV neft-qaz şirkəti ilə birlikdə iki aydır ki, Avstriyanın Rusiya qazından asılılığını azaltmaq üçün çalışırlar.

"Mən sabahdansa bu gün imtina etməyi üstün tuturam - amma bu real deyil. İndi biz Almaniya, Macarıstan və digər ölkələrlə qaz embarqosuna qarşı maraq qrupu yaratmışıq, lakin eyni zamanda asılılığı azaltmalıyıq", - deyə K.Nehammer bildirib.

Kansler qeyd edib ki, Rusiya qaz tədarükünü dayandırmaq qərarına gəlsə, Avstriyadakı qaz ehtiyatı yalnız iki ay yarım üçün bəs edə bilər. "Energetika naziri OMV şirkəti ilə birlikdə yeni tədarük mənbələri axtarır, məsələn, Azərbaycandan. Ancaq yenə də ən yaxşı ssenari - tədarükün dayanmamasıdır", - deyə K.Nehammer əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti