"Ruslar bank və digər strukturlarımıza kütləvi axın edirlər" - Erməni nazir

   "Ruslar bank və digər strukturlarımıza kütləvi axın edirlər" -   Erməni nazir
  30 Aprel 2022    Oxunub:755
Ermənistanda informasiya texnologiyaları(İT) sahəsində Rusiya kapitallı 520 şirkət açılıb. AzVision.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan yerli mediaya verdiyi müsahibədə deyib.
O qeyd edib ki, ruslar Ermənistan iqtisadiyyatının digər sahələrinə də maraq göstərirlər.

- Biz bilirik ki, həm sənayeyə, həm də kənd təsərrüfatına böyük maraq var. Ümid edirəm ki, nəticələr özünü çox gözlətməyəcək, - nazir vurğulayıb.

Kerobyanın sözlərinə görə, rusların Ermənistana axını indi də davam edir. Bunu Ermənistan banklarında və müxtəlif dövlət strukturlarındakı böyük növbələr sübut edir.

- Növbə “tıxac”ları təkcə bank sektorunda deyil, müxtəlif strukturlarda formalaşıb. Məsələn, pasport şöbələrində çox uzun növbələr var. Bir çox etnik erməni ölkə vətəndaşı olmaq istədiyini dilə gətirir. Dostlarımdan biri dedi ki, şirkət açmaq üçün növbəyə duranda onun çekinin qarşısında hələ 156 nəfərin növbə gözlədiyi göstərilib. Onların hamısı da ya fərdi sahibkar kimi qeydiyyatdan keçmək, ya da şirkət açmaq niyyətində olublar, - nazir deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti