Kamran Əliyev Səudiyyə Ərəbistanının Baş prokuroru ilə görüşüb

Kamran Əliyev Səudiyyə Ərəbistanının Baş prokuroru ilə görüşüb
  10 May 2022    Oxunub:237
Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacib xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AzVision.az - averilən məlumata görə, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanışlıq nümayəndə heyətinin üzvlərində xoş təəssürat yaradıb, həmçinin Mərkəzdə yerləşən muzey və eksponatlar barədə onlara ətraflı məlumat verilib.

Daha sonra Azərbaycan Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib.

Görüş zamanı dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları İlham Əliyev və İki Müqəddəs Ocağın Xadimi, kral Salman bin Əbdüləziz Al Səudun birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, dərin tarixə və mədəni köklərə söykənən ikitərəfli münasibətlərin gələcək dövrdə də uğurla inkişaf etdiriləcəyi vurğulanıb.

Baş prokuror Kamran Əliyev Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın gücləndirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin çağdaş dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Şeyx Səud bin Abdullah Əl Müacib təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə edib.

Görüşdə hüquqi sahədə, həmçinin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmaqla hər iki ölkənin prokurorluq orqanları arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə Əməkdaşlıq haqqında Anlaşma Memorandumun hazırlanması barədə razılıq əldə olunub.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və eksponatlarla tanış olublar.

Daha sonra qonaqlar Baş Prokurorluğun müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş yeni inzibati binasında yaradılmış şəraitlə tanış olaraq 44 günlük Vətən müharibəsinə həsr olunan muzeyi də ziyarət ediblər.

Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.

AzVision.az

Teqlər:







Xəbər lenti