"Nekropol - Rusiya": Ərazisi və itkiləri bol dövlətin faciəsi

      "Nekropol - Rusiya":    Ərazisi və itkiləri bol dövlətin faciəsi
  16 May 2022    Oxunub:4289
Şok xəbər kimi səslənsə də, düz bir il öncə Rusiya Federasiyasının Novosibirsk şəhərində sürətli qəbirqazma üzrə ölkə çempionatı keçirilib. Təşkilatçıların dediklərinə görə məqsəd mərasim şirkətlərinin nüfuzunu yüksəltmək və orada işləyənlərin peşəsini “tabu sayılmaqdan qurtarmaq” olub.
Kamenkada yerləşən krematoriyanın ərazisində baş tutmuş bu absurd yarış "Nekropol - Sibir'2021" adlandırılıb və mərasim xidmətləri sərgisi çərçivəsində həyata keçirilib. Düşünün, yunan dilindən tərcümədə rəsmi adı "Ölülər şəhəri - Sibir'2021" mənasını daşıyan tədbir heç kimi təəcübləndirməyib. Omsk şəhərindən yarışa qatılan ata və oğul Qolovanovlar 200x80x160 sm (uzunluq/en/dərinlik) parametrli qəbri 38 dəqiqəyə qazaraq, yarışın qalibləri olub və pul mükafatı qazanıblar.


Rusiya uğursuz Ukrayna kampaniyasında belə ciddi itkilər verməsəydi, məsələ tarixdə elə gülünc xəbər kimi qala bilərdi. Amma Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının son (15.05.22) məlumatına görə, Rusiya 27.400 nəfər itki verib. Bura təkcə RF silahlı qüvvələrin personalı deyil, “Rosqvardiya”, DİN-in OMON bölmələri və hətta özəl hərbi şirkətlərin (məsələn “Wagner group”) döyüşçüləri, xaricdən cəlb olunan terrorçular da daxildir.

Məlumdur ki, qondarma ЛНР/ДНР (ОРДЛО) "respublikalarının" və Krımın mülki əhalisi də aktiv şəkildə səfərbər olunur və səriştəsizlikdən ciddi itkilər verirlər. Əslində Ukrayna vətəndaşı olan bu kəslərin dəqiq sayı məlum deyil və Rusiya həmin itkiləri gizlətməkdə maraqlıdır. Son vaxtlar isə elə öz ordusunun məhv edilmiş şəxsi heyətini mobil krematoriyalarda yandırır ki, yaxınlarına təzminat ödəməsin. Ölkə qanunvericiliyinə görə "itkin düşənlərin" qohumlarına heç bir maddi ödənişlər nəzərdə tutulmayıb.

O ki qaldı Ukraynada məhv edilmiş Rusiya vətəndaşlarının yaşadıqları ərazilərə, onlar əsasən Şimali Qafqaz, Cənub, Sibir, Volqaboyu, Şimal-Qərb, Ural və Uzaq Şərq federal dairələrin sakinləridir.


"Информационное сопротивление" şəbəkə təşəbbüsünün dərc etdiyi interaktiv xəritədə qeyd olunur ki, ən çox (rəsmi şəkildə təsdiqlənən) itkilər vermiş regionların arasında Dağıstan, Buryatiya, Şimali Osetiya - Alaniya respublikası, Volqoqrad və Krasnodar seçilir.

Görünən odur ki, bir il öncə başlayan "Ölülər şəhəri - Sibir" tədbiri artıq bütün Rusiya ərazisində keçirilməkdədir və qəbir qazmağın sürəti sən demə, əslində çox vacib faktor imiş...

Hans Kloss
AzVision.az üçün


Teqlər: Müharibə   Rusiya   Ukrayna  





Xəbər lenti