Rusiya Finlandiyaya hücum edə bilərmi? – Gürcüstanlı hərbi ekspertin fikri

   Rusiya Finlandiyaya hücum edə bilərmi? –    Gürcüstanlı hərbi ekspertin fikri
  17 May 2022    Oxunub:4611
“NATO-nun Skandinaviyaya doğru genişlənməsi Rusiya xarici siyasətinin uğursuzluğudur. Hamı bilir ki, həm Finlandiya, həm də İsveç neytrallığa ciddi riayət edirdilər və Şimali Atlantika Alyansına qoşulmaq planları yox idi. İsveç və Finlandiyanın NATO-ya daxil olması adi genişlənmə deyil. Xəritəyə baxsaq görərik ki, NATO-nun Rusiya ilə sərhədləri 1,5 min kilometrə qədər artacaq. Bu, artıq Rusiya üçün ciddi problemdir”.
Bu sözləri AzVision.az -a müsahibəsində Gürcüstanın istefada olan briqada generalı, hərbi-siyasi analitik Amiran Salukvadze deyib. Onun fikrincə, bu genişlənmə hələ dərdin yarısıdır:

- Rusiyanın məşhur Baltik donanması faktik olaraq bloklanacaq. Baltik dənizi doqquz ölkənin sahillərini yuyur. Onlardan altısı artıq Alyansın üzvüdür. İsveç və Finlandiya NATO-ya daxil olduqdan sonra NATO ölkələri Rusiya donanmasını tamamilə mühasirəyə alacaq və bloklayacaq. Bu, qərargahı və bazaları Finlandiya ilə həmsərhəd olan Rusiya Şimal donanması üçün o qədər də xoş mənzərə deyil.

- Sizcə onlar rahat şəkildə Alyansa qəbul ediləcəklər?
- Hələlik bu Skandinaviya ölkələrinin NATO-ya daxil olmaq yolunda yalnız bir problem var, o da bütün üzvlərin razılığıdır. Məlum olduğu kimi, Türkiyə onların üzvlüyünə şübhə ilə yanaşır. Amma NATO liderləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı razı salmağa hazırlaşırlar. Görək bundan nə alınır.
Kremlin hədələrini saymasaq, mən başqa heç bir problem görmürəm. Finlandiya və İsveç mütərəqqi, yüksək texnologiyaya malik dövlətlərdir, müasir orduları, hərbi sənayeləri, inkişaf etmiş demokratiyaları var. Onların NATO standartlarına cavab vermək problemi olmayacaq.

- Bəs onların üzvlüyü hansı riskləri doğura bilər?
- Təbii ki, əsas təhlükə Rusiyadan gəlir. Moskva artıq hərbi-texniki və digər xarakterli cavab tədbirləri görəcəyini bəyan edib. Moskvanın 2/3 hissəsi Rusiya mavi yanacağından asılı olan Finlandiyanın qazını kəsə biləcəyi barədə artıq xəbərlər yayılıb. Hərçənd, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bu şayiələri təkzib edib.


Hərbi-texniki tədbirlərə gəlincə, məsələnin nüvə təhdidlərinə, hətta onlardan istifadəyə gedib çıxa biləcəyini düşünmürəm. Rusiya hərbi müdaxiləyə də cürət etməyəcək. Birincisi, Ukraynadakı müharibə səbəbindən Finlandiya istiqamətində hər hansı problemi həll etmək üçün kifayət qədər qüvvə toplaya bilməyəcək. Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın bir çox şəhərləri - Vıborqdan Zapolyarnıya qədər - artilleriya atəşi zonasına düşür. Düşünürəm ki, Rusiya Ukrayna müharibəsinə paralel olaraq hərbi əməliyyatların ikinci cəbhəsini açmaz.

Rusiya Ukraynada dərin bataqlığa düşüb və müharibənin yaxın 1-2 ay ərzində bitməsi gözlənilmir. Bu müddət ərzində NATO bütün prosedurları tamamlaya bilər.

Finlər və isveçlilər Rusiya-Ukrayna müharibəsi fonunda məhz öz təhlükəsizliklərini təmin etmək üçün NATO ilə yaxınlaşmağa üstünlük verirlər. Ona görə də, Rusiyanın alyansın növbəti genişlənməsini dayandırmaq üçün hansı addımlar ata biləcəyini görmürəm.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az



Teqlər: NATO  





Xəbər lenti