Avropanı həyəcanda saxlayan “Meymun çiçəyi” xəstəliyi nədir?

   Avropanı həyəcanda saxlayan    “Meymun çiçəyi” xəstəliyi    nədir?
  18 May 2022    Oxunub:5267
Avropada yayılan “meymun çiçəyi” xəstəliyi həyəcan təbili çalmağa səbəb olub. Artıq Böyük Britaniyada 2, İspaniyada 8 nəfərdə xəstəliyə yoluxma qeydə alınıb. Eyni zamanda ötən ilin iyulunda ABŞ-da da yoluxma faktı olmuşdu.
“Meymun çiçəyi” xəstəliyi nədir?

Bu, “Meymun çiçəyi” virusunun yaratdığı nadir bir xəstəlikdir. Çiçək virusu ilə struktur olaraq əlaqəlidir və oxşardır, lakin adətən daha yüngül bir xəstəliyə səbəb olur. Virusun müalicəsi üçün xüsusi bir peyvənd, eyni zamanda təsdiqlənmiş müalicə metodu da yoxdur. Lakin çiçək xəstəliyinin peyvəndi bu virusun da müalicəsində istifadə olunur. Peyvənd bu xəstəliyin qarşısının alınmasında 85 faiz rol oynayır.

“Meymun çiçəyi” (“Monkeypox”) virusu ilk dəfə 1958-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə Dövlət Serum İnstitutu tərəfindən aşkarlanıb. Xəstəliyin mənbəyi bilinmir. Lakin Qərbi və Mərkəzi Afrikada rast gəlinən və Afrikanın tropik meşələrində olan kiçik gəmiricilərdən (məsələn, dələlər) keçdiyi ehimal edilir. Eyni zamanda meymunların da infeksiya mənbəyi olduğu qeyd edilir.
Xəstəliyə ilk dəfə 1970-ci ildə Demokratik Konqo Respublikasında rast gəlinib. 2016-cı ildən bəri təsdiqlənmiş hallar son vaxtlar daha çox Mərkəzi Afrika Respublikası, Konqo Respublikası və Nigeriyada rast gəlinir. 2017-ci ilin sentyabrından bəri Nigeriyanın 32 ştatında 558 xəstə aşkarlanıb, 8 nəfər ölüb. Xəstəliyin 20 dəfə artmasının səbəbini 1980-ci ildə çiçək xəstəliyinə qarşı peyvəndin dayandırılması ilə əlaqələndirirlər.

Virusun inkubasiya dövrü 7-19 gündür. Xəstəlik heyvandan insana əsasən, heyvanın insan bədənini cızması, qanı və ya havadakı tənəffüs damcıları vasitəsilə ötürülə bilər. Lakin insandan insana keçməsi halları da müşahidə edilib.



Xəstəlik kəskin, qəfildən başlayır. Bədən temperaturunun artması, baş ağrıları və əzələ ağrıları, başgicəllənmə, ürəkbulanma və qusma ilə müşahidə olunur. Xəstəliyin sonrakı dinamikası çiçək xəstəliyinin simptomlarına bənzəyir. “Meymun çiçəyi” və çiçək xəstəliyi arasındakı əsas fərq, burada xəstələrin demək olar ki, 90% -ində limfa vəzləri şişir. Xəstəliyin 3-cü və 4-cü günündə əvvəlcə üzdə, sonra qollarda səpgilər əmələ gəlir, sonra gövdəni əhatə edir.
Xəstəlik əsasən 16 yaşa qədər uşaqlarda müşahidə olunur.





Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti