Azərbaycan qırıcılarının avişousu başladı - FOTOLAR

 Azərbaycan qırıcılarının avişousu başladı -  FOTOLAR
  26 May 2022    Oxunub:1513
TEKNOFEST Azərbaycan" festivalı çərçivəsində pilotların uçuşu başlayıb.
AzVision.az xəbər verir ki, Azərbaycan və Türkiyə pilotları səmada avio-şoular nümayiş etdirir. Hava şousu ilk dəfə eyni təyyarədə uçuş edən qardaş Azərbaycan və Türk pilotlarından ibarət aerobatika heyətlərinin keçidi ilə başlayıb. Vətən Müharibəsi Qəhrəmanı polkovnik Rəşad Nadirovun başçılıq etdiyi Mİ-17 helikopterlər üçlüyü ilk olaraq Türkiyə və Azərbaycan respublikalarının dövlət bayraqlarını və “TEKNOFEST” festivalının bayrağını Bakı səmasında dalğalandırıb.



Sonra Mİ-24 helikopterləri üçlüyü, MFİ-17 (“Super Muşşaq”) təlim təyyarələrindən ibarət üçlük, aviabazalarda təyyarəçilərin uçuş qabiliyyətinin daim yüksəldilməsinə xidmət edən reaktiv mühərrikli L-39 təlim təyyarələri üçlüyü, hava məkanında aviasiyanın hakimliyini qoruyub saxlayan, hücum təyyarələrini və digər quru qoşun birləşmələrinin havadan qorunması və himayəsində müstəsna rol oynayan çoxməqsədli, səsdən iti MİQ-29 qırıcı təyyarələr üçlüyü, yerüstü hədəflərə dağıdıcı zərbələr endirən hücumçu SU-25 təyyarələr qrupu öz nümunəvi uçuşları ilə tamaşaçıları salamlayıb.



Qardaş Türkiyənin Hərbi Hava Qüvvələrinin “ATAK”, “AKINCI-SLTRK”, “HÜRKUŞ” təyyarələri, eləcə də “Solo Türk” və “Türk Ulduzları”nın nümunəvi uçuşları tamaşaçıları valeh edib. “Türk Aviasiya və Kosmik Sənaye” şirkətinin istehsalı olan “HÜRKUŞ” təyyarəsində ön pilot Murad Ösbala olub. Digər pilot isə Azərbaycan Hərbi Hava Qüvvələrindən ehtiyata buraxıldıqdan sonra “HÜRKÜŞ” aerobatika komandasında xidmət edən ilk azərbaycanlı test-pilot, ehtiyatda olan polkovnik Xəlil Yusubovdur.



Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 və MİQ-29 qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “Hürkuş” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı ilə nəfəs kəsən hava şousu təqdim ediblər. Milli şahinlərimiz də qardaş Türkiyənin pilotları ilə yanaşı, mürəkkəb manevrlərin öhdəsindən layiqincə, cəsarətlə, qətiyyətlə gəlib və bu dəfə də tamaşaçıları heyrət ediblər.



“Ay-ulduz”lu Türk Bayrağını əngin səmalarda əzəmətlə dalğalandıran qəhrəman Türk pilotları ilə yanaşı, bu gün İkinci Qarabağ savaşında Azərbaycanın üçrəngli bayrağını tarixi və əbədi torpaqlarımız olan cənnət Qarabağımızda, Şuşanın səmalarında qürurla dalğalandıran milli şahinlərimiz də məharət və peşəkarlıqları ilə tamaşaçıları heyran qoyublar.















Aytən Zəhra
AzVision.az


Teqlər: Pilot  





Xəbər lenti