Nazirlər Kabineti Təminat Fondunun gəlir və xərcləri icmal büdcədən çıxarıb

Nazirlər Kabineti Təminat Fondunun gəlir və xərcləri icmal büdcədən çıxarıb
  06 İyun 2022    Oxunub:763
Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu hesab edilməsi ilə əlaqədar olaraq, Təminat Fondunun gəlir və xərcləri icmal büdcədən çıxarılıb.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin bir sıra hüququi aktların uyğunlaşdırılması haqqında verdiyi qərarda göstərilib. Bu uyğunlaşma “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 440-VIQD nömrəli Qanunu və “Dövlət borcu haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 24 dekabr 2021-ci il tarixli 441-VIQD nömrəli Qanunu ilə əlaqədar müəyyən olunub.

Bəhs olunan Qanunla bəzi dəyişikliklər edilib və uyğunlaşdırma işləri də həmin istiqamətlərdə aparılıb.

Dəyişikliyə görə, dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulan yalnız birdəfəlik təyinatlı deyil, bütün müvafiq vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaətin dövlət büdcəsinin ehtiyat fonduna yönəldilməsi nəzərdə tutulub.
Həmçinin dövlət büdcəsi ilə bağlı təqdim edilən sənədlərdən toplu maliyyə balansı ləğv edilib.

Bundan əlavə hüquqi şəxs qismində təsis edilmiş büdcədənkənar dövlət fondlarından əlavə olaraq hüquqi şəxs yaratmadan da büdcədənkənar dövlət fondlarının təsis edilməsi müəyyən edilib.

Hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondlarının xərclərinin yuxarı həddinin həmin fondların büdcə ilinin əvvəlinə olan qalığından və il ərzində mədaxil olunacaq vəsaitin cəmindən yuxarı ola bilməməsi müəyyən edilib.

Hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondlarının maliyyə əməliyyatları barədə illik hesabatlarını dövlət büdcəsinin icrası barədə hesabatla birgə təqdim etməsi nəzərdə tutulub.

İcmal büdcənin gəlir və xərclərindən dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği çıxarılıb.

AzVision.az



Teqlər: Büdcə  





Xəbər lenti