Türk Ordusu yunanların xəndəyini məzara çevirəcək – Ədalət Verdiyevin yazısı

   Türk Ordusu yunanların xəndəyini məzara çevirəcək –    Ədalət Verdiyevin yazısı
  15 İyun 2022    Oxunub:4954
Yunanıstan Türkiyə ilə sərhəddə, Meriç çayı ərazisində tank əleyhinə xəndəklər qazır. Görünür, yunan xalqı hələ də miflərə inanır və ümid edir ki, xəndək qazmaqla təhlükəsizlik təmin olunacaq. Bu xəndəklərdən ermənilər də işğal etdikləri Azərbaycan ərazilərində “Ohanyan səddi”nin tərkibində yüz kilometrlərlə qazmışdılar. Amma bu, Ermənistanı və onun işğalçı ordusunu xilas etmədi. “Qonşulara qarşı vasitə” təyinatı baxımından eyni funksiyaları daşıyan Yunanıstanı da xəndək xillas etməyəcək. Xəndək təhlükəsizliyi təmin etsəydi, Ukraynaya hamı silah və texnika əvəzinə ekskavator və bel göndərərdi.
Yunanıstanın "Evros-news” xəbər portalının məlumatına görə, Türkiyə ilə sərhəddə tank əleyhinə xəndəklərin yaradılması layihəsi hələ 2010-cu ildə razılaşdırılıb. Türkiyə ilə Yunanıstan arasında artan gərginlik fonunda işlər sürətləndirilib. Yunanıstan mətbuatının yazdığına görə, bir neçə ay ərzində uzunluğu 135 km, eni 32 m, dərinliyi 7 m olan xəndək qazılacaq.

Yunanıstanın Türkiyə ilə quru sərhədini tank əleyhinə xəndəklər şəbəkəsilə “bağlamağı” planlaşdırması beynəlxalq ictimaiyyəti Türkiyyə qarşı qaldırmaq məqsədilə atılan absurd addımdır. Çünki Türkiyənin Yunanıstan ərazisində hərbi hədəfləri yoxdur. Amma Afinanın Türkiyə sərhədlərinin yaxınlığında yerləşən adaları hərbiləşdirilməsi və ora qoşun yerləşdirilməsi Lozanna müqaviləsinə və digər razılaşmalara ziddir, bu isə Türkiyəni kəskin addımlar atmağa vadar edir.

Yunanıstan şərqi Aralıq dənizinin bir hissəsini qanunsuz şəkildə mənimsəmək cəhdlərindən əl çəkməsə, iki NATO ölkəsi arasında münaqişə qaçılmaz olacaq və bunun məsuliyyəti tamamilə Afinaya aiddir. Bu münaqişədə yunanların uğur qazanma ehtimalı sıfırın altındadır. Hələ 2020-ci ildə məlum idi ki, Yunanıstan sahillərindən 600 kilometr aralıda olan Kastellorizo adasına gizli şəkildə qoşun yerləşdirir. “Dəniz quldurluğunun yeni növü” adlandırılan bu fəaliyyətlər son aylarda digər adalar istiqamətində də sürətlənib və bu da Türkiyə tərəfindən çox sərt reaksiyaya səbəb olub.

Əgər Yunanıstan davranışlarına düzəliş etməsə, Türkiyənin onu cəzalandıracağı şübhəsizdir. Bunun qarşısını heç bir xəndək və səngər ala bilməz, çünki Türkiyə Silahlı Qüvvələri Yunanıstan ordusunu zəbt etdiyi adalardan çıxarmaq üçün əsasən havadan pilotsuz və pilotlu aviasiyanın, dənizdən isə desant gəmilərinin tətbiqinə üstünlük verəcək. Türkiyə ağır “AKINCI” PUA-sını ilk dəfə yunanlar üzərində döyüş sınağından çıxara bilər. Uzaq adaların təmizlənməsində qanadlı raketlərdən, yaxın adaların təmizlənməsində isə reaktiv yaylım atəşli sistemlərdən istifadə ediləcəyi mümkündür.

Tarix boyu yunan və türk orduları dəfələrlə qarşı-qarşıya gəliblər. 1397-ci ildən başlayan münaqişə və müharibələrdə türk əsgəri bir dəfə də olsun yunanlara arxa çevirməyib. 1897-ci ildə də yunanlar Türkiyə sərhədlərini aşaraq, Giritdə yerli əhaliyə hücum etmişdilər. Türklərin qısa müddətdə Yenişehir, Tırhala və Volosu ələ keçirərək, Afinanın 250 km.-nə çatmasını yunanlar nə tez unutdular? Rusiya və İngiltərə olmasaydı, bəlkə Afina indi türk şəhəri idi. Belə faktlar çoxdur.

Nəzərə alsaq ki, Türkiyə Silahlı Qüvvələri ilə yunan ordusunun bugünə olan döyüş potensialı və təcrübəsi arasında böyük bir uçurum mövcuddur, o zaman tarixin acı dərslərindən nəticə çıxarmayan Yunanıstan rəhbərlərinin “ölkənin müdafiəsi” adı ilə qazdıqları əslində xəndək deyil. ABŞ-ın bölgədəki maşasına çevrilən Afina hazırda İrəvanın son 30 ildə yol verdiyi səhvləri təkrarlayır. Əgər yunan höküməti təxribatçı fəaliyyətlərinə korrektələr etməsə, türk əsgəri xəndək adı ilə qazılan böyük çuxuru yunan ordusu üçün “qardaşlıq məzarı”na çevirəcək. Görünür, yunanlar Qarabağda türk PUA-sından buraxılan tək bir raketlə onlarla erməni əsgərin “hava rəqslərini” diqqətlə izləməyiblər. Amma izləmələri məsləhətdir.

Tarix müəyyən fasilələrlə olsa da, təkrarlanır. Zaman-zaman qlobal güclər türkləri böyük imtahan qarşısında qoymağa çalışıblar. Bu, indi də davam edir. Ağlı başında olan hər bir insan yaxşı anlayır ki, Emənistan Azərbaycana və Türkiyəyə, yaxud da Yunanıstan Türkiyəyə qarşı diş göstərə bilməz. Ermənilərin dişini çəkib başlarına da Yumruq vurmuşuq, amma yunanların yaddaşını təzələməyə ehtiyac yaranıb.

İndiyə qədər türklərə qarşı düşmənçilik fəaliyyətlərinin nəticəsi olamayıbsa, bundan sonra da olmayacaq. Yunanları qızışdıran ABŞ yaxşı bilir ki, Türkiyə bu imtahandan da üzüağ, alnıaçıq çıxacaq. Yunanıstan-ABŞ hərbi birliyinin aqibəti isə Ermənistan-Rusiya müttəfiqliyinin taleyindən fərqlənməyəcək. Biz isə bu gün qardaş Türkiyənin yanında olmalı, Türk Əsgərinə daim və hərtərəfli dəstək verməliyik.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Türkiyə   Yunanıstan  





Xəbər lenti