Körpə balıqları ovlayanlar saxlanıldı - VİDEO

 Körpə balıqları ovlayanlar saxlanıldı -    VİDEO
  23 İyun 2022    Oxunub:845
Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı xidməti ərazidə baş verən hüquqazidd əməlin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, İdarəyə balıqovlama mövsümünün bağlı olmasına baxmayaraq Bakı Buxtası ərazisində balıqçılıqla məşğul olan şəxslər barədə məlumat daxil olub. Dərhal su polisləri tərəfindən qeyd edilən ünvana baxış keçirilib. Nəticədə Bakı Buxtasında xüsusi balıqovlama alətləri ilə balıq tutan Arif Həsənov və Elvin Həsənov saxlanılıblar. Onların mühərriklə təchiz edilmiş qayıqlarına baxış zamanı 161 ədəd müxtəlif növ körpə balıq və digər ləvazimatlar aşkar olunaraq götürülüb. Hər iki şəxs saxlanılaraq Su Nəqliyyatında Polis İdarəsinə gətiriliblər. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb. Arif və Elvin Həsənovların qanunsuz balıq ovu zamanı istifadə etdikləri mühərrikli qayığın müvafiq sənədinin olub-olmamasının müəyyən edilməsi istiqamətində Su Nəqliyyatında Polis İdarəsində təhqiqat araşdırmaları aparılır. Profilaktik söhbət zamanı həmin şəxslərə balıqovlama mövsümünün bağlı olduğu, xüsusən də körpə balıqların ovlanmasının qadağan edildiyi barədə məlumat verilib.

Qeyd edək ki, həvəskar balıqçılıqla məşğul olan şəxslərə 5 kiloqramdan artıq balıq tutmaq qanunla qadağan edilib. Amma bəzi şəxslər həvəskar balıqçı adından sui-istifadə edərək su hövzələrində xüsusən körpə balıq ovu ilə məşğul olurlar. Daha sonra isə həmin şəxslər körpə balıqların müxtəlif restoranlarda və mağazalarda qanunsuz olaraq satışını təşkil edirlər. Bu isə qətiyyən yolverilməzdir və bəzi balıq növlərinin nəslinin kəsilməsi ilə nəticələnə bilər. Ona görə də nəsli kəsilmək təhlükəsi olan balıqların körpə halda satışı ilə məşğul olan və restoranlarda müştərilərə təklif edən şəxslərə bu sahədə diqqətli olmağı tövsiyə edirik. Əks halda su polisləri tərəfindən həmin şəxslər barəsində də qanunauyğun tədbir görüləcək.

Xatırladaq ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq balıqçılıqla məşğul olan, xüsusən də nərəcinsli balıqların ovlanmasını həyata keçirən, Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələri gətirməyə çalışan, eləcə də adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və digər ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir. İdarənin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.

"Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.




AzVision.az





Teqlər:





Xəbər lenti