5 inqilabi şəkil: “Ceyms Uebb”in göndərdiyi fotolar hansı sirləri açır | ELMI CAVAB

      5 inqilabi şəkil:    “Ceyms Uebb”in göndərdiyi fotolar hansı sirləri açır    | ELMI CAVAB
  13 İyul 2022    Oxunub:4604
İyulun 12-də NASA-nın mütəxəssisləri “Ceyms Uebb” teleskopunun tədqiq etdiyi 5 kosmik hədəfin fotolarını yaydılar. Beləliklə, tarixin ən güclü və bahalı teleskopu rəsmən işə başlamış sayıla bilər. Bəs həmin şəkillərdə nə var və bu qədər xərc, əziyyət bahasına əldə edilən fotolar bizə nə haqda məlumat verirlər?
1. “Cənub halqası”

“Ceyms Uebb” Yer kürəsindən 2500 il uzaqlıqda yerləşən, rəsmi adı NGC 3132 olan, sadə dildə “Cənub halqası” adlanan planetar dumanlığın əvvəllər bilinməyən təfərrüatlarını üzə çıxarıb.


Xatırladaq ki, planetar dumanlıq – ölmüş ulduzun yerindəki, yaxud yeni yaranmış ulduzun ətrafındakı ionlaşmış qaz-toz qatıdır. Ulduz partlayıb fövqəlyeniyə (supernova) çevriləndə fəzaya qaz və toz püskürür. Qaz minilliklər sonra sovulsa da, toz buludu dayanıqlığını saxlayır və milyard illər boyunca kosmosda səyahət edir. Çox vaxt belə toz buludundan yeni ulduzlar və planetlər yaranır.

“Ceyms Uebb”in güclü infraqırmızı sensorları bizə “Cənub halqası” dumanlığında bir yox, iki ulduzun (!) olduğunu göstərməklə yanaşı, onların arasındakı mürəkkəb əlaqənin mexanizmini də üzə çıxardı. Bu, planetar dumanlıqların təkamülünü və yaxın fəzaya təsirini anlamaqda elm üçün son dərəcə faydalı olacaq.

NIRCam (yaxın infraqırmızı diapazon) ilə çəkilmiş soldakı şəkildə ulduz və ətrafındakı mürəkkəb qaz-toz dumanlığınun strukturu aydın görünür. MIRI (orta infraqırmızı diapazon) ilə çəkilmiş sağdakı şəkildə isə dumanlığın daxilindəki qırmızımtılı rəngli ikinci ulduzu da sezə bilirik.


Daha parlaq olan ulduz təkamülünün nisbətən erkən mərhələsindədir. O, nisbətən “yaşlı həmkarı” ilə birlikdə dumanlığın asimmetrik forma almasını təmin edir.

Qeyd edək ki, bu və digər fotoları yüksək keyfiyyətdə “Ceyms Uebb” telekopunun rəsmi saytından endirmək olar.

2. “Stefan xəmsəsi”

Stefan beşliyi (kvinteti) – beş qalaktikadan ibarət qrupdur. O, Yerdən baxanda səmada təxminən Ayın diametrinin 20%-ə yaxın hissəsini tutur. “Ceyms Uebb” 1000 şəkli birləşdirərək, həmin kosmik strukturun 150 milyon piksellik ən yüksək keyfiyyətli variantını əmələ gətirib.


Əslində “Stefan kvinteti”ni “kvartet” adlandırmaq daha dəqiq olardı, çünki qalaktikalardan dördü bir-birinə nisbətən yaxın yerləşsələr də, “NGC 7320” adlanan beşincisi (şəkildə ön planda görürük) onlardan xeyli uzaqdır. Belə ki, beşinci qalaktika bizdən “cəmi” 39 milyon işıq ili aralı olduğu halda, qalan dördünə qədər 210–340 milyon işıq ili məsafə var.

“Ceyms Uebb” bu qalaktikalar bir-biri ilə toqquşarkən yaranan zərbə dalğasını çox effektiv şəkildə qeydə ala bilib. Onun sayəsində artıq biz bilirik ki, toqquşan qalaktikalar bir-birinin daxilindəki qazı necə hərəkətə gətirərək, ulduzların yaranma prosesini qarşılıqlı şəkildə işə salırlar.

Kvintetin yuxarısındakı NGC 7319 qalaktikasının mərkəzində qara dəlikdən ibarət aktiv nüvə var. Onun kütləsi Günəşdən 24 milyon dəfə ağırdır. Müqayisə üçün deyək ki, bizim Qalaktikanın mərkəzində yerləşən “Oxatan A” qara dəliyi Günəşdən cəmisi 4.3 milyon dəfə ağırdır.

Bu məlumatlar bizə qalaktikaların kosmosdakı qarşılıqlı əlaqəsini və təkamülü proseslərini daha yaxşı anlamaqda kömək edəcək.

3. “Gəmi kili” dumanlığındakı NGC 3324

Bu nəfəskəsici mənzərə Yerdən 7600 işıq ili məsafəsində yerləşən və aktiv ulduzyaranma proseslərinin getdiyi NGC 3324 zonasını təsvir edir. NIRCam vasitəsilə əldə edilən şəkildə əvvəllər görmədiyimiz bir prosesi - ulduzların doğulmasını müşahidə edirik.


Qaz-toz strukturlarının spesifik forması çox qaynar və ağır gənc ulduzlardan gələn “küləyin”, həmçinin ultrabənövşəyi şüalanmanın nəticəsidir. Bu şüalanmaların yüksək enerjisi dumanlığı tədricən aşındırır.

Qəhvəyi-narıncı “dağ”ların zirvəsindən qalxan “tüstü” əslində son dərəcə yüksək temperaturlara qədər qızmış ionlaşmış qaz və tozdur ki, intensiv ultrabənövşəyi şüalanma onları dumanlıqdan kənara itələyir.

Bu fotolar bizim ulduzların necə yaranmasını daha yaxşı başa düşməyimizə kömək olacaq.

4. WASP-96b

“Ceyms Uebb”in nəhəng güzgüsü və fövqəldəqiq alətləri Yerdən 1150 işıq ili məsafəsində olan WASP-96b nəhəng qaz planetinin atmosferindən süzülüb keçən işığın dəyişmələrini qeydə almağa imkan verdi. Həmin işığın spektral analizi göstərir ki, WASP-96b planetində su buxarı var.


Həmçinin aydın oldu ki, bugünə qədər digər teleskopların vasitəsilə öyrənə bilmədiyimiz həmin dünya uzaq bir cəhənnəmdir: onun radiusu yupiterinkindən 1,2 dəfə böyük, kütləsi 52% azdır. Öz ulduzu ilə məsafəsi Yerin Günəşdən olan məsafəsinin 1/20 hissəsinə bərabərdir, buna görə də atmosferi 725 dərəcə selsiyə qədər qızır. Planet ulduzunun ətrafında 84 saata tam dövrə vurur.

Uzaq dünyanı qısa vaxtda bu qədər dəqiqliklə öyrənə bilməsi göstərir ki, “Ceyms Uebb” tezliklə həyat üçün yararlı planetlər də aşkarlayacaq.

5. Adsız qalaktikanın sirri

Yaxın infraqırmızı diapazonun spektroqrafı (NIRSpec) sayəsində “Ceyms Uebb” teleskopu Yerdən 13,1 milyard işıq ili uzaqlıqda yerləşən adsız qalaktikanın haqqında məlumat toplamağı bacarıb.


Kainatın ən gənc vaxtlarında yaranan bu çox qoca qalaktika əsasən hidrogen, oksigen və neon qazlarından ibarətdir. Çünki o vaxtlar Kainatda ağır elementlər həddindən artıq az idi. Dövri cədvəldə gördüyümüz elementlərin nisbətən ağır nüvəyə malik olanları sonradan ulduzların daxilində nukleosintez nəticəsində yaranmağa başlayıb.

Cəmisi 5 şəkildən bu qədər informasiya gəlirsə, “Ceyms Uebb”in astrofizikada inqilab yaradacağına heç bir şübhə ola bilməz. Qarşıda kosmos haqqında çox maraqlı məlumatlar bizi gözləyir.

Vüsal Məmmədov
AzVision.az

Teqlər: Elm   Kosmos   Ceyms-Uebb  







Xəbər lenti