Conson, Draqi… Növbə Şoltsundur

   Conson, Draqi…   Növbə Şoltsundur
  15 İyul 2022    Oxunub:343
Almaniya Rusiya qazı və neftindən çox asılı olduğu bir şəraitdə böhranla üzləşir.
Bu barədə “The Telegraph” yazıb. Nəşrin yazarı Daniel Consonun sözlərinə görə, Almaniya hakimiyyəti ciddi şəkildə “Şimal axını 1” qaz kəməri ilə mavi yanacağın tədarükünün təmir işləri ilə əlaqədar dayandırılması fonunda vətəndaşları enerjidən istifadəni minimuma endirməyə çağırıb.

Qeyd olunub ki, Almaniya ictimaiyyəti və onların hökuməti bundan sonra nə olacağı ilə bağlı təlaş içindədir. Qazdan istifadə kəskin şəkildə azalmasa, ehtiyatların yanvar ayına kimi tükənəcəyi gözlənilir. Əgər belədirsə, o zaman Almaniya 1940-cı illərdən bəri ən pis tənəzzüllə üzləşəcək, iqtisadiyyat 12%-dən çox kiçiləcək, qabaqcıl avtomobil sənayesinin istehsalı 17% azalacaq və altı milyona qədər iş yeri risk altında olacaq.

“Keçmiş Almaniya kansleri Angela Merkelin bütləşdirilən reputasiyası indi parçalanıb və seçicilərin üçdə ikisi Almaniya Baş Naziri Olaf Şoltsun enerji təhlükəsizliyini təmin edə bilmədiyi üçün qınayır. Hətta adətən itaətkar mətbuat elitanın açıq-aşkar ikiüzlülüyünə göz yuma bilməz”-deyə, məqalədə bildirilir.

Nəşrin müşahidəçisinin fikrincə, belə bir şəraitdə kansler Şoltsu və onun hakim koalisiyadakı tərəfdaşları öz vəziyyətlərini xilas etmək üçün Ukraynanı “avtobusun altına atmağa” hazırdırlar. Bundan əlavə, Almaniyada Kiyevə ictimai dəstək Rusiyaya qarşı sanksiya siyasətinə görə enerjinin məhdudlaşdırılması perspektivi fonunda artıq azalıb.

“Ya Berlin böyük uğursuzluğa düçar olacaq, ardınca hakim işıqfor koalisiyası dağılacaq, ya da Rusiya Prezidenti Vladimir Putinə təslim olacaq. Keçən həftə Şolts və onun həmkarları Britaniya Baş naziri Boris Consonun süqutuna sevindilər. Lakin Almaniya kansleri eyni kabus ssenarisi ilə üzləşə bilər və onun qürur hissi qısa müddətli ola bilər”.

Qeyd edək ki, İtaliyanın Baş naziri Mario Draqi tutduğu vəzifədən istefa verdiyini açıqlayıb. Draqi Nazirlər Şurasının iclasında müvafiq bəyanatı İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya çatdırıb. Lakin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Baş nazir Mario Draqinin istefasını qəbul etməyib.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Almaniya   Rusiya   İtaliya  







Xəbər lenti