Əli Kərimli qanunsuz miqrasiya sənədləri verib — Ramin Hacılının məhkəməsində faktlar açıqlandı

 Əli Kərimli  qanunsuz miqrasiya sənədləri  verib — Ramin Hacılının məhkəməsində  faktlar açıqlandı
  20 İyul 2022    Oxunub:1155
Qanunsuz miqrasiyaya görə ittiham olunan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri Sərdar İskəndərov ifadə verib.
Qeyd edək ki, Sərdar İskəndərovun adı ittiham aktında keçir. Amma onun və daha bir neçə nəfərin cinayət işi Ramin Hacılının cinayət işindən ayrılaraq başqa icraata verilib. Hazırda həmin iş Baş Prokurorluğun İstintaq İdarəsində davam edir.

Sərdar İskəndərov ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləməyib.
Daha sonra hakim şahiddən ofisdən götürülmüş və ona məxsus olan kompüterdə AXCP ilə bağlı bir sıra sənədlərlə maraqlanıb:

Hakim:
- Sənin ofisindən kompüter götürüblər?
Şahid:
- Bəli.
- O kompüter sənin idi?
- Bəli.
- Kompüterə baxış keçirilərkən ayrı-ayrı adamların adına AXCP vəsiqələrinin fotofaylları, Əli Kərimlinin adından arayışlar aşkar edilib.
- Xəbərim yoxdur. Təşkilata gənclər gəlib-gedirdi. Kompüterdən də istifadə edirdilər. Mən kompüterimdə elə arayışlar, vəsiqələr görməmişəm (İttihama görə, Ramin Hacılı və Sərdar İskəndərov mühacirətə getmək istəyənlərə AXCP adından saxta sənədlər də düzəldiblər).
- Azərbaycan Xalq Cəbhəsinin üzvüsən?
- Xeyr.

Növbəti proses avqustin 3-də davam edəcək.

İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Ramin Hacılının barəsində olan cinayət işi ayrıca icraatda məhkəməyə göndərilib.

(demokrat.az)

Teqlər: Məhkəmə  







Xəbər lenti