Nə qədər ƏDV geri qaytarılıb?

   Nə qədər ƏDV geri qaytarılıb?
  21 İyul 2022    Oxunub:1449
2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir, layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.
Hazırda ölkə üzrə tətbiq edilən onlayn nəzarət-kassa aparatlarının (NKA) sayı 66.339-dur. 2022-ci ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 636 milyon 507,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,8 milyondan çox istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 6 ayı ərzində portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 651.001.786 kassa çeki üzrə 267,2 milyon manatdan çox, təkcə bu ilin yanvar-iyun ayları ərzində isə 222.747.769 cek üzrə 95,3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

AzVision.az



Teqlər:





Xəbər lenti