Media islahatlarının yönəldiyi hədəflər – Səadət Yusifova sadaladı

// "Ölkəmizin “yumşaq və ağıllı güc” alətləri sırasında media mühüm rol oynayır”

 Media islahatlarının yönəldiyi hədəflər –  Səadət Yusifova sadaladı
  21 İyul 2022    Oxunub:1116
“Ölkəmizdə son iki ildə həyata keçirilən media islahatlarının “yol xəritəsi” olan “Media haqqında” Qanun informasiya məkanımızın təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətninin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə yönəlib. Bu baxımdan yeni yaradılan Media İnkişaf Agentliyi və Audiovizual Şura üzərinə yeni vəzifələr qoyulub”.
Bu sözləri “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda keçirilən konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib. O Azərbaycan mediasında həyata keçirilən islahatların yönəldiyi hədəfləri belə sadalayıb:
✔️ Ənənəvi medianın rəqəmsal mediaya çevik keçidinin təmin edilməsi;
✔️ Media subyektlərinin kadr, infrastruktur və texniki potensialının gücləndirilməsi;
✔️ Media subyektlərinin müasir dünya standartlarına uyğun fəaliyyətinin qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi;
✔️ Media subyektlərinin uğurlu biznes modelinin formalaşdırılması;
✔️ Media subyektlərinin vizual, texniki və məzmun keyfiyyəti baxımından müasir dünya trendlərinə uyğunlaşdırılması;
✔️ Geniş, loyal oxucu, dinləyici və tamaşaçı kütləsinin formalaşdırılması, cəmiyyətin mediaya etimadının artırılması;
✔️ Cəmiyyətimizi narahat edən neqativ təzahürlərin aradan qaldırılması;
✔️ Medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması.

Səadət Yusifova vurğulayıb ki, bu gün dünya irimiqyaslı texnoloji, siyasi, iqtisadi, sosial, mədəni, mental dəyişikliklərin baş verdiyi, köhnə qaydaların işləmədiyi, yenilərinin isə hələ yaranmadığı, yeni siyasi, iqtisadi, beynəlxalq münasibətlər və təhlükəsizlik sistemlərinin formalaşdığı keçid mərhələsindədir. Biz qlobal və regional kontektsdə baş verən proseslərə nəzər salsaq, tamamilə yeni inkişaf paradiqmasına daxil olduğumuzu görəcəyik. Hazırki zaman kəsiyində baş verən proseslərin miqyası və məzmununun ilkin təhlili dünyada yeni oyun qaydalarının formalaşdığını söyləməyə əsas verir.

“Bu baxımdan Vətən müharibəsinin və onun nəticələrinin doğurduğu özgüvənin kapitalizasiyası zərurəti, Ukrayna müharibəsinin beynəlxalq münasibətlər və beynəlxalq təhlükəsizlik sistemində sürətləndirdiyi fundamental dəyişikliklər, enerji resursları və bazarları uğrunda mübarizə, qida təhlükəsizliyi, terrorizm, kütləvi miqrasiya, dünya maliyyə-iqtisadi sistemində, logistika və sənaye sahəsində COVİD-19 pandemiyasının doğurduğu iqtisadi böhran və həyat fəaliyyətinin bütün sahələrində rəqəmsallaşmanın sürətlənməsi tendensiyası, başqa sözlə desək, müasir qlobal çağırışlar regionda və dünyada mövqeyimizin möhkəmləndirilməsi, regionda dayanıqlı sülhün, təhlükəsizliyin, inkişafın təmin edilməsi, sadəcə dünya qaydasına yazılmaq yox, dünya qaydalarını yazmaq imkanlarına əltaçatlığın təmin edilməsi kimi hədəflər qoyur”,- o vurğulayıb.

Azərbaycan Respublikasının Prezidentinın hər zaman öz çıxışlarında “Dünya sürətlə dəyişir və biz bu dəyişikliklərə hazır olmalıyıq” dediyini xatırladan Səadət Yusifova bildirib ki, ölkəmiz daim hazırlıqlı, qabaqlayıcı, proaktiv mövqe nümayiş etdirməlidir: “Əslində Vətən müharibəsindən sonra regional güc mərkəzinə çevrilən Azərbaycanın sülh müqaviləsinin bağlanması, regional kommunikasiyaların açılması təşəbbüsləri, irəli sürdüyü regional təhlükəsizlik və əməkdaşlıq formatları yeni dünya qaydasının formalaşması çağırışına bir cavabdır. Yeni dünya qaydasında öz yerini tapmaq və möhkəmlənmək, regional birlik və alyanslara, regional təhlükəsizlik və əməkdaşlıq sistemlərinə əsaslanacaq XXI əsrin dünya qaydasını qurmaq istəyidir. Yeni dünya əslində dünya xalqlarının, o cümlədən də bizim onu necə görmək istəyimizdən və səylərimizdən asılı olacaq. Bu baxımdan ölkəmizin “yumşaq və ağıllı güc” alətləri sırasında media, sosial media və kommunikasiya mühüm rol oynayır”.

AzVision.az

Teqlər: MEDİA  







Xəbər lenti