“İndi əsas məsələ Qarabağın dünyaya təqdimatıdır” – Səadət Yusifova

   “İndi əsas məsələ Qarabağın dünyaya təqdimatıdır” –    Səadət Yusifova
  21 İyul 2022    Oxunub:679
“Biz informasiyanın dünya düzənində rolunun gücünü Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi 30 il ərzində, 44 gün davam edən Vətən müharibəsi dövründə və ondan sonrakı post-konflikt dövründə beynəlxalq informasiya məkanında Azərbaycana qarşı elan edilməmiş informasiya müharibəsində gördük. Azərbaycan informasiya blokadasına alındığı Birinci Qarabağ müharibəsindən fərqli olaraq, İkinci Qarabağ müharibəsində daha hazırlıqlı idi”.
Bu sözləri “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda keçirilən konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib. O bildirib ki, hibrid müharibə şəraitində asimmetrik informasiya hücumlarına, saxta xəbər selinə, infodemiya və dezinfodemiya axınına məruz qalan Azərbaycan düzgün informasiya-kommunikasiya siyasəti, məsuliyyətli media və sosial media strategiyası aktiv beynəlxalq əməkdaşlıq qurmaqla mövqeyinin dünya ictimaiyyətinə obyektiv çatdırılmasına nail oldu.

Səadət Yusifova xatırladıb ki, Azərbaycan Prezidentinin 1 nömrəli newsmaker olaraq 44 gün ərzində 30-dan çox beynəlxalq KİV-ə müsahibə verməsi beynəlxalq informasiya məkanına çıxış problemini aradan qaldırmış oldu: “Onun xalqa müraciətləri və dünya liderləri ilə dialoqları informasiya taktikası və diplomatiyanın ən yüksək pilotajı olmaqla, proaktiv informasiya yanaşmasının ən müasir və ən parlaq nümunələrindən biri hesab oluna bilər. Prezident, ordu və xalqın vahid varlıq olaraq bir amal uğrunda birləşməsi, bir-birindən qüvvət alması müharibənin psixoloji fonunu müəyyən etdi. Azərbaycan cəmiyyətinin yüksək psixoloji motivasiyası strateji kommunikasiyanın ən vacib şərtlərindən biri oldu”.
Media islahatlarının yönəldiyi hədəflər – Səadət Yusifova sadaladı

S.Yusifovanın sözlərinə görə, Birinci Qarabağ müharibəsindən fərqli olaraq, dünya mediası ilə aktiv əməkdaşlıq və sosial media fenomeni dünya ictimaiyyəti ilə birbaşa işləməyə və informasiyanı birbaşa çatdırmağa,onların qəlblərinə toxunmağa, dünya ictimai rəyini tarazlamağa imkan verdi, rəqəmsal, publik diplomatiyanı informasiya savaşının ən vacib vasitələrindən birinə çevirdi. İnformasiya məkanında beyinlər və qəlblər uğrunda, daha sadə dil ilə desək, ictimai rəy uğrunda savaşda da zəfər qazanıldı. Müharibənin yekunları ilə bağlı fəaliyyətin düzgün təşkili və işğaldan azad edilmiş ərazilərə media, məlumatlandırma turlarının təşkili işğalın doğurduğu fəlakətləli nəticələri çılpaqlığı göz önünə qoydu və informasiya məkanında 30 il ərzində formalaşmış erməni miflərini darmadağın etdi.

“Şərqi Zəngəzur və Qarabağın yenidən qurulması, Böyük qayıdış, Zəngəzur dəhlizinin qurulması, regionda kommunikasiyaların açılması, sülh, əməkdaşlıq və təhlükəsizliyin təmini siyasi-iqtisadi məzmun daşımaqla yanaşı, həm də post-konflikt dövrünün yeni ideoloji xəttini təşkil edir. Görülən işlərin, yeni, dirçələn və çiçəklənəcək Qarabağın dünyaya təqdimatı isə hazırda informasiya işinin başlıca istiqamətlərindən biridir.
Azərbaycanın ən yaxın tarixində keçdiyi təcrübə informasiyanın strateji yükünün nə dərəcədə artdığını açıq şəkildə göstərir. Bu baxımdan qlobalizasiya, iqtisadi inteqrasiya, texnoloji inkişaf və “4-cü sənaye inqilabı” informasiyanı ən əhəmiyyətli, lakin eyni zamanda da ən həssas yanaşma tələb edən amilə çevirir. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı cəmiyyətə fayda verməklə yanaşı, onun təhlükəsizliyi üçün yeni çağırışlar və təhdidlər də yaradır.
Rəqəmsal erada informasiyanın cəmiyyətdəki proseslərə təsir imkanları heç vaxt olmadığı qədər genişlənib və müvafiq dəyişikliklər yaradır ”,- Səadət Yusifova vurğulayıb.

Teqlər:   MEDİA  







Xəbər lenti