Azərbaycan və Koreya XİN-ləri siyasi məsləhətləşmələr keçirib

Azərbaycan və Koreya XİN-ləri siyasi məsləhətləşmələr keçirib
  22 İyul 2022    Oxunub:1110
20-23 iyul tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Koreya Respublikasına səfər edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AzVision.az -a verilən xəbərə görə, səfər çərçivəsində 21 iyulda Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədovun, Koreya tərəfindən isə xarici işlər nazirinin müavini Yo Sınq-benin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələr zamanı ikitərəfli diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinin qeyd olunduğu cari ildə Azərbaycan və Koreya arasında ikitərəfli əlaqələrin hazırkı durumundan məmnunluq ifadə olunub. Azərbaycan-Koreya münasibətlərinin gələcək inkişaf imkanları, iqtisadi sahədə əməkdaşlıq, o cümlədən qarşılıqlı ticarət və investisiyaların artırılması, xüsusilə də Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi və həmin ərazilərdə aparılan geniş bərpa-quruculuq işlərində Koreya şirkətlərinin mümkün iştirakına dair fikir mübadiləsi aparılıb. Bundan əlavə, turizm, mədəniyyət, səhiyyə və təhsil sahələri üzrə Azərbaycan-Koreya əməkdaşlığının gələcək inkişaf imkanları müzakirə edilib. Həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələlərə dair məlumat mübadiləsi həyata keçirilib.



21 iyulda xarici işlər nazirinin müavini E.Məmmədov Koreyanın yerli media qurumlarından “Korea Times”, “Korea Joongang Daily” və “Aju Ilbo” qəzetlərinin rəhbər şəxsləri və müxbirləri ilə görüşüb və qarşı tərəfin suallarını cavablandırıb.

22 iyulda nazir müavini E.Məmmədov ilə Koreya Respublikası Parlamentinin vitse-spikeri Kim Yonq-cu arasında nəzakət görüşü keçirilib. Görüş zamanı keçən 30 il ərzində Azərbaycan-Koreya əlaqələrinin inkişafında iki ölkə parlamentlərinin oynadığı rol yüksək qiymətləndirilib və bu xüsusda, Koreya Parlamentinin hər zaman nümayiş etdirdiyi açıq və əhatəli əməkdaşlığa görə qarşı tərəfə minnətdarlıq ifadə edilib. Parlamentlərarası əməkdaşlığın təkcə ikitərəfli formatda deyil, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) kimi çoxtərəfli arenada da uğurla davam etdirildiyi bildirilib.



22 iyulda xarici işlər nazirinin müavini E.Məmmədov Koreya Respublikası Parlamentində parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri So Byonq-su ilə görüşüb.

İyulun 22-də xarici işlər nazirinin müavini E.Məmmədov, həmçinin Koreya İdxalatçılar Assosiasiyasının (KOIMA) sədri Kim Byonq-kvan ilə görüşüb və Azərbaycan mallarının Koreya bazarına idxalı imkanlarına dair fikir mübadiləsi aparıb.

Eyni tarixdə nazir müavini E.Məmmədov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) prezidenti Son Hyok-sanq ilə görüş keçirib. Görüş zamanı 1994-cü ildən etibarən KOICA tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yurdundan didərgin düşmüş insanlara göstərilmiş yardımlar və sonrakı dövrlərdə Azərbaycanda həyata keçirilmiş layihələr yüksək qiymətləndirilib və KOICA ilə əməkdaşlığın gələcəkdə də yüksək templə davam etdiriləcəyinə inam ifadə olunub.





AzVision.az



Teqlər:





Xəbər lenti