Süni qiymət artımı ilə mübarizə nədən başlamalıdır | TƏHLİL

      Süni qiymət artımı    ilə mübarizə nədən başlamalıdır    | TƏHLİL
  28 İyul 2022    Oxunub:2828
Son vaxtlar tez-tez rastlaşdığımız ifadələrdən biri də “süni qiymət artımı”dır. Biz yüksək vəzifəli şəxslərin dilindən “sünu bahalaşma”ya qarşı tədbirlərin görülməsinin vacibliyi haqda fikirləri çox eşidirik. Amma fakt budur ki, indiyə qədər məsələ ilə bağlı demək olar, heç kim cəzalandırılmayıb, qiymətlər isə təbii, ya süni olmasından asılı olmayaraq, artmaqda davam edir.
Belə vəziyyətdə süni bahalaşmanın qarşısını kəsmək sosial baxımdan son dərəcə vacib əhəmiyyət daşıyır və hökumətin ən vacib qayğılarından olmalıdır. Bəs süni bahalaşma nədir, niyə baş verir və ona qarşı nə etmək olar?!

Azərbaycanda süni qiymət artımı problemi ilə geniş şəkildə ilk dəfə 2016-cı ilin devalvasiyası zamanı üzləşmişdik. O zaman dollara nisbətdə manatın dəyəri aşağı salındığından, avtomatik olaraq xaricdən dollarla alınıb, ölkəyə gətirilən mallar da bahalaşdı. Fəqət xeyli nadürüst sahibkar yaranan bahalaşma dalğasından istifadə edərək, dollarla alınmayan malların da qiymətini qaldırdı. O vaxt sadə insanların dilindən məsələn, “Məgər kartof-soğan da dollarla alınır?!” kimi şikayətləri çox eşidirdik.

Həmin il bir neçə sahibkar cəzalandırıldı, amma problemin həllini tapdığını demək olmaz. Əslində məsələ ondan sonrakı dövrdə də həmişə aktual olub. 2019-cu ildə keçirdiyi bir müşavirədə prezident İlham Əliyev süni qiymət artımı ilə bağlı demişdi ki, istehlak bazarına daim nəzarət olmalıdır: “Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Bu sahə daim diqqət mərkəzində olmalıdır".

Bu il vəziyyət daha mürəkkəbdir. Çünki bütün dünyada qlobal bahalaşma gedir və nəyin təbii, nəyin süni olduğunu müəyyənləşdirmək asan deyil. İrili-xırdalı istənilən sahibkarın qiymət artımına izah vermək üçün əlində “əsası”, yaxud bəhanəsi var: “Hər yerdə belədir”. “Belə”, yəni necə?! Ölkədəki qiymət artımı “idxal inflyasiyası” ilə təndirmi? Yoxsa, xaricdən baha alınan malların üstünə yerli inhisarçılar da öz faizlərini əlavə edirlər? Bunu başa düşmək üçün idxal inflyasiyası ilə daxildəki istehlak qiymətləri indeksinin artımı arasındakı əlaqə daha ciddi şəkildə monitorinq və təhlil olunmalıdır.

Bu ilin fevral ayında baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncam imzalamışdı. Sənədə görə daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarət artırılmalı idi. İnhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarına qarşı mübarizə, ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi nəzərdə tutulurdu. Beş ay keçib, amma bu istiqamətdə hansısa uğurdan danışmaq mümkün deyil. Hələ uğur bir qırağa qalsın, hansı işlərin görülməsilə bağlı cəmiyyətə vaxtı-vaxtında məlumat da verilmir.

Ötən ay maliyyə naziri Samir Şərifov demişdi ki, ölkəmizdə görülən antiinflyasiya tədbirləri nəticəsində qiymətlər azalacaq, xüsusilə ərzaq ucuzlaşacaq. Təəssüf ki, bunun da əlamətləri görünmür.

Hər şeydən əvvəl, biz süni qiymət artımı ilə qiymət müxtəlifliyini düzgün fərqləndirməyi bacarmalıyıq. Bəzən tamam səhv yanaşma götürülür və ayrı-ayrı ticarət obyektlərində malların qiymətindəki kiçik fərq “süni qiymət artımı” kimi təqdim edilir. Bu, bazar iqtisadiyyatının prinsiplərindən irəli gələn qiymət müxtəlifliyidir. Problem ondadır ki, mövcud qanunvericilik bunun üçün yumşaq desəm, tam uyğun deyil. Qanunvericiliyə görə süni qiymət artımı – “bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi, qiymətlərin süni şəkildə yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılmasıdır”. Bu zaman biz kiçik bir mağaza müdirini də məsələn, yumurtanı 10 qəpik baha satdığı üçün “süni qiymət artımına” görə cəzalandıra bilərik. Halbuki, onun bazarla manipulyasiya etmək imkanları praktik olaraq sıfırdır.

Bizim iqtisadi qanunvericilikdə “süni qiymət” anlayışının tam mahiyyətini aça biləcək, bazar iqtisadiyyatı şəraitində onunla mübarizə imkanları yaradacaq normativlər çatışmır. Ona görə də, təklif edirəm ki, süni qiymət artımına qarşı mübarizənin əsaslı, fundamental olması üçün əvvəlcə qanunvericiliyə “əl gəzdirmək” lazımdır. Məsələn, “Haqsız rəqabət haqqında” qanuna “süni qiymət artımı” anlayışını salmaq və onunla effektiv mübarizə üçün metodlar əlavə etmək olar. Nəyəsə qarşı effektiv mübarizə aparmaq üçün əvvəlcə onun dəqiq təyinini verməlisən. Düşünürəm ki, parlament payız sessiyasına toplaşanda gördüyü ilk işlərdən biri bu istiqamətdə olmalıdır.


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru



Teqlər: Bahalaşma  





Xəbər lenti