Məşhur ailənin həkim övladı: Öldürülən "Əl-Qaidə" lideri kim olub?

   Məşhur ailənin həkim övladı:    Öldürülən "Əl-Qaidə" lideri kim olub?
  02 Avqust 2022    Oxunub:2538
ABŞ-ın xüsusi xidmət orqanları “Əl-Qaidə” terror təşkilatının lideri olan Ayman əz-Zəvahirini aradan götürüb. AzVision.az xəbər verir ki, hazırda dünya mediasının gündəmlərindəm biri olan bu əməliyyatın təfərrüatları hələlik tam şəkildə açıqlanmır. Yalnız o bildirilir ki, terrorçunun olduğu yerə pilotsuz təyyarədən partlayıcılar atılıb.
Bazar ertəsi gecə ABŞ prezidenti Co Bayden əməliyyatla bağlı açıqlama verərək bəyan etdi ki, "Əl-Qaidə" liderinin PUA hücumu nəticəsində öldürülməsi onun Amerika vətəndaşlarına qarşı qətl və zorakılıq əməllərinə son qoyub.

"Öldü" deyilən "Əl-Qaidə" liderinin videosu yayıldı
Bayden qeyd edib ki, 71 yaşlı Zəvahiri ABŞ-a qarşı çoxsaylı hücumların əsas memarı olub və 2001-ci il 11 sentyabr hadisəsinin planlaşdırılmasında aktiv iştirak edib.

- Dünyanın hər yerində olan insanlar artıq qəddar və qətiyyətli qatildən qorxmaq məcburiyyətində deyillər. Birləşmiş Ştatlar bizim qətiyyətimizi və Amerika xalqını bizə zərər vermək istəyənlərdən qorumaq qabiliyyətimizi nümayiş etdirməkdə davam edir, - Bayden deyib.

Zəvahiri kim olub və "lider"liyə necə yüksəldi?

Zəvahiri 1951-ci ildə anadan olub və Misirin Qahirə şəhərinin zəngin bölgələrindən birində, tanınmış həkimin ailəsində böyüyb. Onun babası da tanınmış alimlərdən sayılıb. Babası Rabia əz-Zəvahiri Qahirədə Əl-Əzhər Universitetində imam olub. Onun böyük əmisi isə Abdel Rahman Azzam Ərəb Liqasının birinci katibi idi.

Zəvahiri 1981-ci ildə Misir prezidenti Ənvər Sədata qarşı sui-qəsddə iştirakına görə həbs edilib.

O, həbsxanada verdiyi müsahibəsində "Bütün dünya ilə danışmaq istəyirik. Biz kimik?", - deyib.

O vaxta qədər gənc həkim olan Zəvahiri artıq illərdir Misir hökumətini devirməyi planlaşdıran və onu fundamentalist İslam hakimiyyəti ilə əvəz etməyə çalışan terroristə çevrilib. Misir lideri İsraillə sülh bağladıqdan sonra isə o, Sədatın öldürülməsini fəxrlə dəstəklədi.

Onun Usamə bin Ladenlə isti münasibətləri necə yaranıb?

Zəvahiri 1985-ci ildə Misiri tərk edərək Pakistanın Pişəvər bölgəsinə gedib və orada Əfqanıstanda sovet qüvvələrinə qarşı döyüşən yaraqlıları müalicə edən cərrah kimi işləyib. Beləcə Zəvahiri həmin yerdə Əfqanıstan müharibəsinə qatılmaq üçün imtiyazlı, təm-təraqlı yaşayışdan uzaqlaşan bin Ladenlə tanış olub. Hər iki şəxs buradan yaxın münasibətlərdə olmağa başlayıblar. Daha sonra bin Laden və Zəvahiri 1998-ci ilin əvvəlində Misir İslami Cihad və "Əl-Qaidə"nin rəsmi birləşməsi olan "Yəhudilərə və Səlibçilərə qarşı Ümumdünya İslami Cihad Cəbhəsi"nin yaradıldığını elan ediblər.
O, həmçinin 1998-ci ilin mayında terror qruplaşmasının birləşməsini elan edərək, "Biz qardaş bin Ladenlə işləyirik" deyib.

- Biz onu 10 ildən artıqdır ki, tanıyırıq. Onunla burada Əfqanıstanda döyüşmüşük, - Zəvahiri bəyan edib.
Bir vaxtlar o, hətta bin Ladenin şəxsi həkimi kimi də fəaliyyət göstərib.

Terrorçuların hər iki lideri birlikdə fətva və ya bəyannamə də imzalayıblar: “Amerikalılara və onların müttəfiqlərinə qarşı çıxmaq, istər mülki, istərsə də hərbçilərini öldürmək və onlarla döyüşmək qərarı hər bir müsəlmanın məsuliyyətidir”.

"Əl-Qaidə"nin ABŞ-a hücumlarında Zəvahirinin "oynadığı rol"

ABŞ və ümumilikdə onun xüsusi obyektlərinə hücumlar bin Ladenlə Zəvahirinin fətvalarından qısa müddət sonra baş tutub. Kamikadzelərin Keniya və Tanzaniyadakı ABŞ səfirliklərini bombalaması, 200-dən çox insanın ölümü və 5000-dən çox insanın yaralanması buna misaldır.

Bunun ardınca 2000-ci ilin oktyabrında Yəməndə ABŞ-ın "Cole” gəmisinə hücum oldu. Kamikadzelərin qayıqlarını partlatması nəticəsində 17 ABŞ dənizçisi öldü və 39 nəfər ağır yaralandı.

Zəvahirinin terrorlar, sui-qəsdlər əməllərinin kulminasiyası 2001-ci il sentyabrın 11-də Dünya Ticarət Mərkəzinin əkiz qülləəri və Pentaqonun binasına hücum sayılır. Həmin hücumlarda 3000-ə yaxın insan faciəli şəkildə həlak oldu. Həmin vaxtı Vaşinqtona uçan və qaçırılmış dördüncü təyyarə sərnişinlərin müqavimət göstərməsi nəticəsində Pensilvaniya ştatında tarlada qəzaya uğradı.

11 Sentyabr hücumlarından əvvəl və sonra Zəvahiri çoxsaylı video və audio yazılarda çıxış edərək, müəyyən edilmiş Qərb hədəflərinə qarşı hücumlara çağırıb və müsəlmanları onun işinə dəstək verməyə səsləyib.

Zəvahirinin qardaşı Məhəmməd 2012-ci ildə CNN-ə açıqlamasında deyib ki, "Məni və qardaşımı terrorçu adlandırmadan əvvəl o ittihamın mənasını müəyyən edək. Əgər bu, qaniçən amansız qatillər deməkdirsə, bizim işimiz belə deyil. Biz yalnız bəzi hüquqlarımızı bərpa etməyə çalışırıq. Tarix boyu Qərb dövlətləri tərəfindən ələ keçirilən hüquqlarımızı”.

Zəvahiri nə vaxt "Əl-Qaidə"yə rəhbərlik etməyə başladı?

Baş terrorçu 2011-ci ildə ABŞ qüvvələrinin bin Ladeni öldürməsindən sonra "Əl-Qaidə" lideri oldu.

11 sentyabr hücumlarından sonra ABŞ-ın Əfqanıstana müdaxiləsi başlayanda o, davamlı olaraq yerdəyişmələr edərək müxtəlif ərazilərə köçüdü. Hətta təhlükəli anlardan birində o, Əfqanıstanın dağlıq bölgəsi olan Tora Borada ABŞ hücumuna məruz qaldı ki, burada arvadını və uşaqlarını itirdi. Amma özü çətinliklə də olsa bu hücumdan xilas ola bilib.

Keçən həftə Birləşmiş Millətlər Təşkilatının xüsusi ekspertlər qrupu bəyan etdi ki, Zəvahirinin yenidən rahatlıq əldə etməsi Talibanın Əfqanıstanı ələ keçirməsi və "Əl-Qaidə"nin əsas müttəfiqlərinin de-fakto administrasiyada güclərinin möhkəmlənməsi ilə üst-üstə düşür.
Zəvahirinin ictimaiyyətə məlum olan sonuncu çıxışı "Əl-Qaidə"nin media bölməsi tərəfindən iyulun 13-də yayımlanan audioyazı olub.

ABŞ Zəvahirini necə aradan götürdü?

ABŞ Əfqanıstanda Kabildə təhlükəsiz bir evdə gizlənən Zəvahiriyə qarşı dəqiq əks-terror əməliyyatı keçirib.

Şənbə günü, iyulun 30-u Kabil vaxtı ilə səhər saat 6:18-də baş terrorçu və onun əsas müşavirləri arasında görüş keçirilərkən PUA-dan hücum təşkil edilərək əraziyə iki "Hellfire" raketi atılıb. Dəqiq hava zərbəsi nəticəsində Kabildə heç bir amerikalı xüsusi personal olmayıb...

Avqustun 2-nə keçən gecə isə Ağ Ev uğurlu antiterror əməliyyatı keçirdiyini elan etdi.

Tural Tağıyev

AzVision.az





Teqlər:   Bayden   ABŞ   Terror   PUA   Əfqanıstan  





Xəbər lenti