Taxıl bazarında “yanğın” sönüb, amma problem qalır | TƏHLIL

   Taxıl bazarında “yanğın” sönüb, amma problem qalır    | TƏHLIL
  02 Avqust 2022    Oxunub:1573
Hazırda qlobal iqtisadiyyat üçün iki ən ciddi təhdid sayılan enerji daşıyıcıları və inflyasiya məsələlərinin həllini tapması üçün getdikcə daha çox səylər göstərilir. Çünki qarşıdan payız, sonra isə qış mövsümü gəlir.
Təhdidlərdən ikincisi, yəni inflyasiya və qiymət artımı taxıl məhsulları üzrə yarana biləcək qıtlıq təhlükəsində özünü xüsusilə göstərirdi. Odur ki, Ukrayna taxılının Qara dəniz limanları vasitəsilə ixracına dair Türkiyənin səyi nəticəsində əldə olunan razılaşma böyük rezonans doğurdu və dərhal qiymətlərdə özünü göstərdi. Ssaziş dünyada taxıl bazarında mövcud gərginliyi azaltmaq məqsədi daşıyırdı. Onun nəticəsində taxıl üzrə dünya bazarlarında bir sakitlik yaranmalı idi və yarandı da.

Düzdür, qiymətlər çox ucuzlaşmayıb və kəskin ucuzlaşma gözlənilmir. Əsas o idi ki, bazardakı ajiotaj aradan qalxsın. Sözügedən razılaşma ilə taxıl problemi tam həllini tapa da bilməz, ona görə ki, Rusiya-Ukrayna arasında müharibə davam edir və dünyada ümumi gərginlik var. Odur ki, taxıl böhranının qısa zamanda aradan qalxacağı absurd gözləntidir. Rusiya ilə Ukrayna dünyada taxıl istehsalı, tədarükü və ixracı sahəsində çox böyük paya sahibdirlər. Onların arasında savaş davam etdiyi müddətdə əvvəlki dövrdəki kimi taxıl istehsalı və ixracı qeyri-mümkün sayılır.

Yəni dünyada taxıla olan tələbatın ödənilməsində problemlər qalacaq. Hətta vəziyyət bir az da çətinləşə bilər. Çünki qıtlıq təhlükəsi ortadan qalxmayıb.

Yeri gəlmişkən, bir cəhəti də nəzərə almaq lazımdır ki, dünyada taxıl böhranı heç də Rusiya-Ukrayna müharibəsinə görə yaranmayıb.Taxıl böhranı 2020-ci ildən özünü göstərməyə başlamışdı. Müharibə bunu dərinləşdirdi. İstanbulda imzalanmış saziş odun üzərinə su töksə də, problemin tam həlli üçün ilk növbədə müharibə dayanmalı, Rusiya və Ukrayna ilə yanaşı, digər ölkələrdə də taxıl istehsalı və tədarükü pandemiyadan əvvəlki vəziyyətə qayıtmalıdır.

Bu arada ölkəmizdə dövlət başçımızın imzaladığı Fərmanla ərzaqlıq buğda ilə özünütəminetməni yüksəltmək üçün bir sıra tədbirlərin nəzərdə tutulması xüsusən yerinə düşdü. O baxımdan ki, bizdə ərzaq təhlükəsizliyi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə məsələsinin həllini tapması üçün bilavasitə taxıl problemi çözülməlidir.

Bəli, indiyədək ölkəmizdə taxılçılığa çox diqqət yetirilib. Ümumiyyətlə, əsas ərzaq məhsulları ilə özünütəminetmə məsələsi bizdə həyata keçirilən sosial-iqtisadi siyasətdə əsas prioritet sayılıb və sayılır. Bu məqsədlə aqrar sahəyə dövlət dəstəyi mexanizmlərini durmadan təkmilləşdirmək və yeni addımlar atmaq həmişə diqqət mərkəzindədir. Lakin təəssüf ki, hələ də kənardan asılı vəziyyətdəyik. Bu fakt daxili bazarımızı daim risk altında saxlayır. Başqa sözlə desəm, ərzaq təhlükəsizliyimiz məsələsinin həll tapmadığını diqtə edir. Ona görə də hökumət ölkədə taxıl istehsalı və tədarükündə məhsuldarlığı artırmağa çalışır. O cümlədən, işğaldan azad olunan ərazilərimizin bu baxımdan, xüsusi töhfələr verəcəyi gözlənilir.

Odur ki, subsidiyaları artırmaq, yeni təsərrüfat formaları və üsulları yaratmaq, dövlət dəstəyi mexanizmlərinin daha çox stimullaşdırıcı xarakter kəsb etməsinə nail olmaq nəzərdə tutulan əsas tədbirlər sırasındadır. Qlobal iqtisadiyyat üçün enerjidaşıyıcıları üzrə böhranla əlaqədar birinci təhdidə gəldikdə isə, ötən yazılarımın birində də qeyd etdiyim kimi yaxşı ki, Azərbaycan enerjidaşıyıcıları sarıdan asılı vəziyyətdə olan ölkələr siyahısında deyil və bu cəhətdə biz çox xoşbəxtik. Ölkəmiz də əgər Avropa İttifaqı ölkələri kimi enerjidaşıyıcıları sarıdan asılı vəziyyətdə olsaydı, onda bizdə bu gün vəziyyət necə idi, onu düşünmək çətindir.

Lakin enerjidaşıyıcılarının bahalığı qlobal inflyasiyanı alovlandırır. Odur ki, sözügedən göstərici hazırda bütün dünyada yüksək sürət nümayiş etdirir. Ölkəmizdə də inflyasiyanın yüksək olduğunu görürük. Əsas ərzaq məhsulları üzrə özümüzü mümkün dərəcədə maksimal həddə təmin edə bilsək, bundan da yaxa qutara bilərik.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Taxıl  





Xəbər lenti