Nifaq adası: ABŞ-ın Tayvandakı marağı nədir – Çinli politoloqla müsahibə

     Nifaq adası:    ABŞ-ın Tayvandakı marağı nədir –    Çinli politoloqla müsahibə
  15 Avqust 2022    Oxunub:1207
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra da bölgədə gərginlik qalmaqdadır. Belə vəziyyətdə ABŞ-ın diqqətinin Ukraynadan yayınaraq, Uzaq Şərqə yönələcəyinə dair ehtimallar səslənir. AzVision.az bu və digər ehtimalları Çinin xarici siyasəti üzrə ekspert, Bucknell Universitetinin (ABŞ) politologiya və beynəlxalq münasibətlər üzrə professoru Çjisyun Çju ilə müzakirə edib.
Ekspertin fikrincə, Pekin Tayvan məsələsini təkbaşına həll etmək əzmini və bacarığını nümayiş etdirmək istəyir:

- Pelosinin Tayvana səfəri tamamilə yersizdir və təxribat xarakteri daşıyırdı, xüsusən də ABŞ-Çin münasibətlərinin dəhşətli vəziyyətdə olduğu bir vaxtda. Pelosinin özü və onu dəstəkləyənlər bilirlər ki, bu, odun üstünə yağ tökməkdir. Bununla belə, gərginlik yəqin ki, artmayacaq və Vaşinqtonun diqqəti də Ukraynadan Tayvana keçməyəcək.

- Ağ Ev həqiqətənmi Pelosinin Tayvana səfəri ilə bağlı nəsə etməkdə aciz idi?
- Ağ Ev və Konqres ABŞ hökumətinin iki ayrı və müstəqil qoludur, odur ki, Prezidentin Konqres üzvlərinə, o cümlədən Nümayəndələr Palatasının spikerinə nəyi etməli, nəyi etməməli olduğunu söyləmək səlahiyyəti yoxdur. Bununla belə, hakimiyyət bölgüsündən ABŞ-ın mübahisəli xarici siyasətinə haqq qazandırmaq üçün istifadə edilə bilməz, xüsusən də söhbət Tayvan kimi həssas və potensial təhlükəli məsələlərə münasibətdən gedirsə.

Pelosi və Bayden eyni siyasi partiyaya mənsubdurlar, daxili və xarici siyasətdə çoxlu eyni fikirləri bölüşürlər. Konqres üzvləri mübahisəli məsələlərlə bağlı öz fikirlərini bildirmək hüququna malikdirlər, lakin ABŞ-ı xaricdə təmsil edərkən onların sözləri və əməlləri ABŞ-ın rəsmi siyasəti ilə ziddiyyət təşkil etməməlidir.

Bayden Pelosinin səfərindən narahat olub və ABŞ ordusunun bu ideyanı məqbul saymadığını qeyd edib. Ancaq görünür, Tayvana səfəri ləğv etməyə inandırmaq üçün kifayət qədər səy göstərməyib. Bəli, Baydenin Pelosiyə nə edəcəyini söyləmək hüququ yoxdur, lakin bu o demək deyil ki, Pelosi ABŞ-ın Tayvanla yalnız “qeyri-rəsmi” münasibətləri saxlamaq siyasətinə etiraz edə bilər.

- Pelosinin Tayvana səfərinin hansı nəticələri olacaq?
- Aydındır ki, hazırda heç kim Tayvan boğazında müharibə istəmir, lakin ABŞ, Çin və Tayvan Pelosinin Tayvana səfəri kimi hərbi münaqişəyə səbəb ola biləcək insidentlərlə necə məşğul olmaq barədə düşünməlidirlər.
Əvvəllər Tayvan boğazının hər iki tərəfini Çinin bir hissəsi hesab edən Tayvan getdikcə Çindən ayrı və müstəqil olduğunu iddia edir. Cavabında Çin də Tayvan üzərində suverenliyində daha qətiyyətli mövqe ortaya qoyur. ABŞ yalnız Çin Xalq Respublikasını Çinin rəsmi hökuməti kimi tanıyır və Tayvanla “qeyri-rəsmi” əlaqələr saxlayır. Birləşmiş Ştatlar Tayvanın Çinin tərkib hissəsi olması mövqeyini tanıyır, lakin açıq şəkildə qəbul etmir.
Tayvanın statusu ilə bağlı davam edən mübahisələrə görə, Tayvan boğazı gələcəkdə qeyri-sabit qalacaq və gərginlik asanlıqla yenidən arta bilər.

- Çin və Tayvan arasında müharibə gözlənilirmi? Müharibə olarsa, ABŞ-ın rolu necə olacaq?
- Yox. Hazırda və ya yaxın gələcəkdə müharibə olacağını düşünmürəm. Çin 1980-ci illərin əvvəllərindən sülh yolu ilə birləşmə siyasəti yürüdür. O, güc tətbiqini istisna etməsə də, Tayvanla sülh yolu ilə birləşmək Çinin əsas siyasəti olaraq qalır.

Uzun müddətdir ki, Birləşmiş Ştatlar Tayvanla bağlı "strateji qeyri-müəyyənlik", ÇXR-i Tayvana qarşı güc tətbiq etməkdən çəkindirmək və Tayvanın ÇXR-i provokasiya etməsinin qarşısını almaq üçün ikili strategiya həyata keçirir. Son illərdə bir sıra amerikalı alim və Konqres üzvləri Pekinin artan inadkarlığı fonunda Birləşmiş Ştatların “strateji qeyri-müəyyənliyi” “strateji aydınlığa” dəyişməli olduğunu iddia edirlər.

Prezident Bayden bir neçə dəfə ABŞ-ın Tayvanı qorumağa sadiq olduğunu bildirib. Lakin Ağ Ev ABŞ-ın siyasətinin dəyişməz qaldığını vurğulamaq üçün hər dəfə geri addım atmalı olub. Hələlik ABŞ hökuməti “vahid Çin” siyasətinə, eləcə də 1979-cu il tarixli Tayvan Münasibətləri Aktına riayət edir. Bununla belə, Birləşmiş Ştatlar Tayvanı müdafiə etmək üçün ona silah satmağa davam edir, halbuki onun Tayvanı müdafiə etmək öhdəliyi yoxdur. Amma tərəflərin prioriteti münaqişəni qızışdırmaq deyil, müharibənin qarşısını almaqdır.

- Tayvan ABŞ üçün niyə vacibdir? ABŞ-ın adada maraqları nədən ibarətdir?
- ABŞ-ın 1949-cu ilə qədər Çini idarə edən Qomindan Millətçi Partiyası ilə əlaqələri olub. Çan Kay Şi və onun Qomindan hökuməti vətəndaş müharibəsində məğlub olduqdan sonra Tayvana çəkildi. 1949-cu ilin oktyabrında Mao Tszedun Çin Xalq Respublikasının (ÇXR) qurulduğunu elan etdi. Lakin Çan Kay Şinin Çin Respublikası (ÇR) hökuməti Tayvanda fəaliyyətini davam etdirir və 1971-ci ildə Çin Xalq Respublikası elan olunana qədər Çini beynəlxalq səviyyədə təmsil edirdi.

Maonun qüvvələri materik Çini ələ keçirdikdən sonra Birləşmiş Ştatlar Tayvanı tərk etmək üzrə idi. Çan Kay Şinin korrupsioner hökumətinin dağılacağı və Tayvanın Maonun nəzarətinə keçəcəyi qaçılmaz görünürdü. Tayvanı 1950-ci ilin iyununda başlayan Koreya müharibəsi xilas etdi, çünki ABŞ kommunizmin yayılmasından narahat olmağa başladı. Tayvan Soyuq Müharibə dövründə ABŞ-ın strateji aktivinə çevrildi.

1980-ci illərdə Tayvan demokratikləşdi. Bu gün ABŞ Tayvanın demokratiyasını güclü şəkildə dəstəkləyir. Bundan əlavə, ABŞ və Tayvan arasında iqtisadi, mədəni və şəxsiyyətlərarası mübadilələr çox dinamikdir. ABŞ və Tayvan arasındakı münasibətlər "qeyri-rəsmi" olsa da, çox yaxındır.

Bütün bu səbəblərə görə, ABŞ Tayvanı dəstəkləyəcək, çünki o, Amerikanın milli maraqlarına xidmət edir. Təbii ki, ABŞ və Çin arasında rəqabət getdikcə gücləndiyindən Tayvan ABŞ üçün Çinə qarşı mübarizədə istifadə edə biləcəyi rıçaq kimi əlavə dəyər qazanıb. Birləşmiş Ştatların Tayvanın Çinin tərkib hissəsi olması ilə bağlı mövqeyi “qəbul edən” “Vahid Çin” siyasəti var, lakin strateji səbəblərə görə ABŞ Tayvanın Çinə birləşməsini çətin ki dəstəkləsin.

Seymur Məmmədov
Nadir Quliyev

AzVision.az


Teqlər: Tayvan   ABŞ   Çin  







Xəbər lenti