“Qarabağdakı gərginliyi Ermənistan yaradır” – Rusiyalı politoloq

   “Qarabağdakı gərginliyi Ermənistan yaradır” –    Rusiyalı politoloq
  15 Avqust 2022    Oxunub:1530
“Qarabağdakı gərginliyi tam olaraq erməni tərəfin hərəkətləri yaradır. Ermənistan hazırda nə demarkasiya, nə Zəngəzur dəhlizinin işə başlaması, nə də silahlı birləşmələrin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı razılaşmaları yerinə yetirir”.
Bunu AzVision.az -a rusiyalı politoloq Dmitri Solonnikov Qarabağdakı vəziyyəti şərh edərkən deyib. Onun sözlərinə görə, indiki çətin beynəlxalq vəziyyətdə Ermənistan hakimiyyəti problemli birmənalı şəkildə bulanıq suda balıq tutmaqla həll etməyə çalışır.

“Doğrudan da dünya getdikcə mürəkkəbləşir, gərginlik nöqtələri artır: həm Çin-Tayvan təmas xəttində, həm də Serbiya ilə Kosovo arasında. Ermənistan da Cənubi Qafqazda gərginlik nöqtəsi yaratmağa çalışır. Əgər Amerikanın müttəfiqləri dünyanın müxtəlif yerlərində təxribatlar təşkil etməyə çalışırlarsa, niyə erməni diasporu Ermənistan rəhbərliyini bu cür hərəkətlərə sövq etməyə çalışmasın? Onlar da bunu etməyə çalışırlar”, - Dmitri Solonnikov bildirib.

Rusiyalı ekspert deyir ki, Moskva yeni müharibənin başlamasına mane olmağa çalışır: “Rusiya 44 günlük müharibə nəticəsində əldə edilmiş razılaşmaları tam dəstəkləyir. Ermənistanın silahlı qüvvələri çıxarılmalı, Zəngəzur dəhlizi açılmalı, sərhəd demarkasiya edilməlidir. Bu situasiyada Rusiya Azərbaycanın hərəkətlərini dəstəkləyir və biz Rusiyanın Azərbaycanın indiki hərəkətlərinə sakit yanaşdığını müşahidə edirik. Əlbəttə, insanların ölümü böyük faciədir. Lakin bu müharibənin qlobal xarakter daşımaması önəmlidir. Əgər Azərbaycan tərəflərin əvvəllər qaldırdığı məsələləri həll edə bilsə, bu, erməni təxribatlarına layiqli cavab olacaq”,- Dmitri Solonnikov bildirib.

Murad Nəcəfov
Nadir Quliyev

AzVision.az

Teqlər: Qarabağ  







Xəbər lenti