“Türk dövlətləri vahid valyuta haqqında düşünməlidir” – Rusiyalı ekspert

   “Türk dövlətləri vahid valyuta haqqında düşünməlidir” –    Rusiyalı ekspert
  19 Avqust 2022    Oxunub:1003
“İnflyasiya indi qlobal Iqtisadiyyatın əsas problemidir. Bunun iki səbəbi var. İki il əvvəl COVID-19 pandemiyası zamanı dünyanın aparıcı mərkəzi bankları həddindən artıq çox pul çap etdilər. Onlar əmin idilər ki, 2008-ci ilin böhranı zamanı olduğu kimi, inflyasiyada xüsusi bir artım olmayacaq və inkişaf etmiş ölkələrdə istehlakçı inamının asılı olduğu fond bazarları dayanıqlı artım nümayiş etdirəcək”.
Bu sözləri AzVision.az -a “Alpari” şirkətinin analitik departamentinin keçmiş direktoru, rusiyalı iqtisadçı Aleksandr Razuvayev deyib. Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden sələfi Obama qədər şanslı olmadı və klassik monetar inflyasiya başladı:

- Hələ 2021-ci ilin mayında Almaniyanın maliyyə şirkətləri ərzaq qiymətlərinin artımının zəif iqtisadiyyata malik ölkələrdə iğtişaşlara və hətta inqilaba səbəb ola biləcəyini proqnozlaşdırırdılar. Lakin bu, yüksək səviyyəli maliyyəçilər və məmurlar arasında təşviş doğurmadı. Bu cür inflyasiya pul siyasətini sərtləşdirmək və ya faiz dərəcələrini artırmaqla asanlıqla müalicə olunur. Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankı indi inflyasiya ilə mübarizə aparırlar.

- Razılaşın ki, Ukraynada gedən hərbi münaqişə bütün kartları qarışdırıb...
- Bəli, elədir. Qərb Rusiyadan neft, qaz, kömür tədarükünü məhdudlaşdırmağa başladı, xərc inflyasiyasının çarxını fırladıb, eyni zamanda sənayedə marjanı azaltmaqla onun tənəzzülünə və işsizliyin artmasına səbəb oldu. Keçən əsrin neft şokları göstərdi ki, xərclərə bağlı olan inflyasiyanı məğlub etmək mümkün deyil. Onu ancaq yaşamaq olar. Rusiyanın ixracatının fiziki həcmi əhəmiyyətli dərəcədə azalıb. Lakin qiymət artımı ilə əlaqədar ixrac gəlirləri artıb. Bu o demək deyil ki, sanksiyalar Rusiyaya ümumiyyətlə zərbə vurmayıb. Moskva Birjasının üç əsas “mavi fişka”sı 2021-ci il üçün dividendlərini ləğv etdi - Qazprom, Lukoyl, Sberbank. Bunlar Rusiyanın bütün orta təbəqəsinin əmanətləridir. Qlobal iqtisadiyyata qayıdaraq deyə bilərəm ki, biz çox uzun müddət yüksək inflyasiya dövründə yaşamalı olacağıq.

- Rusiya Federasiyasının Mərkəzi Bankı inflyasiyanın azaldılması üçün hansı tədbirləri görür?
- Əslində indi Rusiya Bankı üçün inflyasiya əsas problem deyil. Sanksiya şoku zamanı Rusiya Bankı əsas dərəcəni kəskin şəkildə 20%-ə qaldırdı. Lakin indi illik inflyasiya tədricən azalır və 15% təşkil edir. Əsas nisbət 8%-dir. İlin sonunda illik inflyasiyanın 12%, əsas göstəricinin isə 7% olacağı ehtimal edilir.
Hökumət sənayeni dəstəkləmək üçün əsas dərəcəni daha sürətlə azaltması üçün Rusiya Bankına təzyiq göstərir. Amma Rusiya Bankı, təbii ki, fond bazarının inkişafına çox diqqət yetirir.
Rusiya iqtisadiyyatının restrukturizasiyasından əsas faydalananlar kibertəhlükəsizlik, idxalı əvəzetmə və müdafiə sənayesidir. Hələlik bu sektorların investorlar üçün çoxlu tam hüquqlu qiymətli kağızları yoxdur. İlk növbədə sürətlə inkişaf edən “Positive Technologies” şirkətinin səhmlərini vurğulamağa dəyər. Lakin zaman keçdikcə bu cür səhmlər daha çox olacaq. Üstün səhmlərə maraq artacaq. Onlardan dividend götürmək ehtimalı adi səhmlərə nisbətən xeyli yüksəkdir.


- Necə düşünürsünüz, inflyasiyanın aradan qaldırılmasında Azərbaycan üçün ən sərfəli strategiya hansı ola bilər?
- Azərbaycan qlobal iqtisadiyyatın bir hissəsidir və inflyasiya prosesləri, təbii ki, Bakıya da təsir edir. Ancaq burada əsas olan qiymətlərin necə qalxması yox, sizin nə qədər qazanmağınızdır. Neft və qaz ixracatçısı kimi Azərbaycanın böyük üstünlükləri var. Mövcud vəziyyət onun əlinə oynayır. Amma mən Türk Dövlətləri Təşkilatının vahid valyutasının tətbiqi barədə düşünərdim. Türk dövlətlərinin Avropadan və onun avrosundan nəyi əskikdir? Hesab edirəm ki, Bakıda, Ankarada və Astanada türk avrosu haqqında düşünməyə, Avrasiyanın vahid valyutası ideyasını Moskva ilə müzakirə etməyə dəyər. Moskva Rus Dövlətinin maliyyə sistemini Qızıl Orda xanlarının birbaşa göstərişi ilə farsların və çinlilərin yaratdığını hamı bilmir.

- Logistikanın pozulması yük daşımalarının qiymətinə necə təsir edir?
- Hazırda bu amil kifayət qədər ciddidir. Bununla belə, bazar sistemi çox çevikdir və xarici şoklara tez uyğunlaşır. Dünyada heç kim kapitalizmdən yaxşı bir şey ortaya qoymayıb. Düşünürəm ki, ilin sonuna qədər bu amil aradan qalxacaq. Eyni zamanda, Zaqafqaziyada ticarət yollarının açılması regionun bütün ölkələrinə müsbət təsir göstərəcək. Fikrimcə, uzunmüddətli perspektivdə inflyasiyaya qarşı ən yaxşı müdafiə qızıl və gümüş sikkələrdir. Ancaq riskləri minimuma endirmək üçün onları almaq, nüfuzlu maliyyə şirkətlərinin və kommersiya banklarının seyflərində saxlamağa lazımdır.

Seymur Məmmədov
Nadir Quliyev

AzVision.az


Teqlər: İnflyasiya   Mərkəzi-Bank  







Xəbər lenti