Stanislav Tkaçenko: "İnflyasiya ilə mübarizə üçün vahid resept yoxdur" – MÜSAHİBƏ

      Stanislav Tkaçenko:    "İnflyasiya ilə mübarizə üçün vahid resept yoxdur" –    MÜSAHİBƏ
  20 Avqust 2022    Oxunub:3885
“Müasir dünyada yüksək inflyasiya bazar iqtisadiyyatı şəraitində qaçılmaz olan və dövlətlərin inkişafı üçün kifayət qədər təhlükəli hadisə kimi qiymətləndirilir. İnflyasiya əhalinin yoxsullaşmasına gətirib çıxarır, sosial sabitliyi pozur, daxili iqtisadi böhranlara, siyasi qarşıdurmalara səbəb olur”.
Bu sözləri AzVision.az -a müsahibəsində iqtisad elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko deyib. Eyni zamanda, o xatırladıb ki, sıfır inflyasiya da iqtisadiyyat üçün əlverişsizdir, çünki bu zaman banklar və ailə təsərrüfatları sənayeyə, xidmət sektoruna və ya kənd təsərrüfatına investisiya qoymağa həvəs göstərmirlər:

- Heç bir stimul olmur. Bütün malların qiymətləri sabitdirsə, o zaman əmanətləri bank hesabında və ya "yastıq altında" saxlamaq, perspektivli biznes layihələrinə investisiya qoymaqla risk etməkdən daha təhlükəsizdir.

Mütəxəssislər inflyasiyanın səbəblərini monetar və qeyri-monetara, həmçinin daxili və xariciyə ayırırlar. Liberal iqtisadçılar arasında son dərəcə populyar olan “pulun kəmiyyət nəzəriyyəsi” təsdiqləyir ki, pul vahidinin alıcılıq qabiliyyəti və milli iqtisadiyyatda ümumi qiymət səviyyəsi tədavüldə olan pulun miqdarı ilə müəyyən edilir. Yəni həddindən artıq emissiya qiymət artımının çarxını fırladan ilk və çox vaxt əsas səbəbdir. Bu gün pul emissiyasına mərkəzi banklar cavabdeh olduğundan, bir çox elm adamları və sadə insanlar inflyasiyanı onların fəaliyyətləri ilə əlaqələndirirlər.
“Türk dövlətləri vahid valyuta haqqında düşünməlidir” – Rusiyalı ekspert

İnflyasiya ölkə daxilində və ya dövlətlərarası münaqişələr çərçivəsində praktiki olaraq hərbi əməliyyatları müşayiət edir. Silahlı toqquşmalar zamanı dövlətlər, bir qayda olaraq, büdcə gəlirləri və xərclərinin tarazlaşdırıldığı dövlət maliyyəsinin davamlı modellərini inkişaf etdirməkdən çəkinmirlər. Onlar üçün çap maşınını tam gücü ilə işə salmaq və daxili bazarı əskinaslarla doldurmaq daha asandır, çünki hərbi əməliyyatlar və ordu üçün satınalmalar onların köməyi ilə təmin edilir.

İnflyasiyanın “qeyri-monetar” səbəbləri sırasına daxili bazarda inhisarçılığın hökmranlığı, habelə iqtisadiyyatın inkişafının (islahatların) qeyri-sabit xarakteri ilə əlaqədar istehsal xərclərinin ümumi artımı da daxildir.

İnflyasiyanın əsas səbəbləri milli iqtisadiyyatda, maliyyə orqanların məcburi və ya səhv hərəkətlərində, habelə hökumətin populizmində gizlənir. Lakin inflyasiya həm də əmtəə və xidmətlərin qiymətlərinin qlobal artımı nəticəsində, habelə regional və ya qlobal iqtisadi böhranlar zamanı xaricdən milli iqtisadiyyata nüfuz edə bilər.

- Sizcə, mərkəzi banklar inflyasiyanın azaldılması istiqamətində hansı siyasəti həyata keçirməlidirlər?
- Mərkəzi banklar inflyasiyanin səbəblərindən asılı olaraq ona qarşı mübarizə yolları seçirlər. Yuxarıda bu səbəblərdən yalnız bir neçəsini dedik, lakin praktikada daha çox şey var. Ona görə də, hazırda bankirlərin və ekspertlərin inflyasiya ilə mübarizə haqqında vahid resepti yoxdur. Üstəlik, ildə təxminən 2 faizlik aşağı inflyasiya əksər iqtisadçıların fikrincə, faydalıdır.

Nəzəri baxımdan, zaman nöqteyi-nəzərindən pul-kredit orqanlarının və qanunvericilərin fəaliyyəti üçün iki üfüq var ki, bunun nəticəsində inflyasiya heç bir dövlətin əhalisini və büdcəsini təhdid etməyəcək. Qısa müddətdə, bir ilə qədər yüksələn inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artırmaq, dövlət xərclərini, gömrük rüsumlarını azaltmaq, dövlətin xammal ehtiyatlarının və sənaye məhsullarının önünü açmaq və s. lazımdır.

Uzunmüddətli perspektivdə prioritetlər güclü bazar institutlarından, daxili bazarda yüksək rəqabət mühitindən, balanslaşdırılmış büdcə və dövlət borcunun aşağı səviyyəsindən ibarətdir. Qlobal iqtisadiyyatda yaranan yeni çağırışlar inflyasiyaya qarşı mübarizənin yeni həll yollarını tələb edir və ayrı-ayrı ölkələrin, eləcə də beynəlxalq maliyyə institutlarının alimləri və maliyyə orqanlarının nümayəndələri daim onları axtarırlar.

- Rusiya Federasiyası Mərkəzi Bankı inflyasiyanın azaldılması üçün nə edir?
- Təxminən dörddə bir əsrdir ki, Rusiya Federasiyasının Mərkəzi Bankı aşağı inflyasiyaya nail olmaq siyasətini davam etdirir. Müasir Rusiya üçün qiymət artımının məqbul səviyyəsi ildə dörd faizdir, yəni Avropa Birliyindən və ya ABŞ-dan orta hesabla iki dəfə yüksəkdir. Oralarda qiymətlərin illik olaraq 2%-dən yuxarı qalxmamasına çalışırlar.

2022-ci ilin fevral-aprel aylarında qiymətlərin illik 8 faizdən 20 faizə yüksəldiyi Rusiya iqtisadiyyatının yaşadığı inflyasiya şoku Mərkəzi Bankı indiyədək öz effektivliyini göstərən bir sıra tədbirlər görməyə məcbur edib. Söhbət sosial əhəmiyyətli ərzaq məhsulları və istehlak mallarının qiymət artımına yumşaq, lakin daimi nəzarətdən gedir.

Ölkənin büdcəsi tarazlaşdırılıb, kəsir təhlükəsi minimuma endirilib. Rubla inam faiz dərəcələrinin kəskin artırılması ilə bərpa olundu və bu, bir çox vətəndaşın vahiməyə düşməsini, xarici valyutanı və mağaza rəflərində gördüyü hər şeyi satın almasını dayandırdı. Rusiya əmək bazarında məşğulluq səviyyəsi ölkənin bütün postsovet tarixində rekord yüksək səviyyədə qalır ki, bu da vətəndaşlarda gələcək rifaha inam yaradır.

Qərbin milli iqtisadiyyata qarşı sanksiya müharibəsinin qızışdığı və Ukraynada hərbi münaqişənin uzandığı dövrdə Rusiya Federasiyası Mərkəzi Bankının gördüyü tədbirlərin uğurlu olduğunu söyləmək hələ tezdir. Rusiya pul-kredit orqanlarının həyata keçirdiyi tədbirlərin 2022-ci ilin fevral-aprel aylarındakı “inflyasiya partlayışı”nın ardınca may ayında sıfır inflyasiya, daha sonra isə təxminən üç aya yaxın davam edən deflyasiyanın (qiymətin azalması) müşahidə edilməsinə səbəb olması təəccüblü faktdır. Bu, Rusiyanın qiymətlərə nəzarət və inflyasiyanın azaldılması istiqamətində müəyyən nailiyyətləri olduğunu göstərir.

- Necə düşünürsünüz, inflyasiyanın aradan qaldırılmasında Azərbaycan üçün ən sərfəli strategiya hansı ola bilər?
- İnflyasiya ilə mübarizədə dövlət orqanlarının hər bir qərarının öz dəyəri var, bu dəyəri iqtisadiyyatın hansı sektorlarının və hansı əhali qruplarının ödəyəcəyinə Azərbaycan siyasətçiləri qərar verəcəklər. Nəzəri cəhətdən baxsaq, bu gün Azərbaycan hakimiyyət orqanlarının nəzərdən keçirə biləcəyi tədbirlər arasında daxili bazarda inhisarçılığa qarşı mübarizə, hakimiyyət orqanlarının fəaliyyətində, xüsusən də dövlət satınalmaları məsələsində şəffaflığın artırılması, qiymət artımının sürətli templərini nümayiş etdirən əmtəə qruplarına dövlət nəzarəti, daxili bazarın ucuz idxal üçün açılması, istehlak bazarını ucuz mallarla doyurmaq üçün valyuta ehtiyatlarından istifadə ola bilər.

Hazırda Azərbaycanda illik 12 faizi keçən inflyasiya vətəndaşların əksəriyyəti üçün çox yüksəkdir. Ona görə də, Azərbaycan Respublikası, ola bilsin ki, əhalisinin ən aztəminatlı və inflyasiyadan ən çox zərər çəkən qruplarına ərzaq və maddi yardımların göstərilməsi sahəsində digər dövlətlərin təcrübəsini öyrənməlidir. Ölkənizin iqtisadi artım templərinin regionda ən yüksək göstəricilər arasında olduğunu nəzərə alsaq, mikro səviyyəli fəaliyyətdə bu yanaşma xeyli aktualdır.

Əgər Bakı Rusiyanın təcrübəsinə müraciət edib faiz dərəcələrini qaldırsa və ya manatın məzənnəsini yenidən qiymətləndirsə, o zaman daxili bazarda qiymətlərin aşağı düşməsi iqtisadi artımın yavaşlaması və hətta iqtisadi böhranla müşayiət edilə bilər. Yəni Azərbaycan hakimiyyəti yüksək iqtisadi artım templərini və eyni zamanda sosial sabitliyi qoruyub saxlamaq üçün ülgücün üzəriylə addımlamalı olacaq.

- Logistikanın pozulması daşımaların qiymətinə necə təsir edir?
- Mütəxəssislər qarşıdan gələn qlobal iqtisadi böhranın iki əsas səbəbi kimi yumşaq pul siyasətini və təchizat zəncirlərinin pozulmasını qeyd edirlər. Ola bilər ki, bu böhran qlobal xarakter almasın, lakin planetin müəyyən regionları (Avropa, Şimali Amerika, Yaxın Şərq) artıq tam şəkildə təsirlənib. Ona görə də, bu gün qlobal iqtisadiyyatda işlərin cari vəziyyətini düzgün qiymətləndirmək və yaxın 2-3 il ərzində onun inkişaf perspektivlərini proqnozlaşdırmaq üçün nəqliyyat və logistika xidmətləri bazarının təhlili aktual vəzifədir.

Logistika pozuntuları iqtisadiyyata ən əlverişsiz şəkildə təsir edir. Sadə vətəndaşlar mağaza rəflərində istehlak mallarına rast gəlmədiyi üçün onların qiyməti qalxır və bu da inflyasiyaya səbəb olur. Sənaye müəssisələri komponentləri vaxtında almır, buna görə istehsal dayanır ki, bu da işsizliyin artmasına və iqtisadi artımın azalmasına səbəb olur. Ərzaq malları daha ləng daşınır və ya ümumiyyətlə istehsalçılarda qalır, nəticədə ərzaq qiymətlərinin artması, ərzaq qıtlığının artması və bəzi ölkələrdə və onların regionlarında aclıq təhlükəsi yaranır.

Qloballaşma dövründə planetin nəqliyyat-logistika kompleksinin inkişafındakı aşkar uğurlar bizə öyrətdi ki, nəqliyyat sektoru fasiləsiz işləyir, malların çatdırılma xərcləri minimaldır və ümumi qiymət səviyyəsinə təsir göstərmir. Amma indiki böhran göstərdi ki, hətta nəqliyyat və logistika sənayesinin indiki inkişaf səviyyəsini saxlamaq belə trilyonlarla dollar investisiya və genişmiqyaslı beynəlxalq əməkdaşlıq tələb edir. Qalır bu problemin həllinin bəşəriyyətdən asılı olacağına ümid ifadə etmək.

Seymur Məmmədov
Nadir Quliyev

AzVision.az





Teqlər:   İnflyasiya  





Xəbər lenti