İranın PUA-ları Ukraynada vəziyyəti dəyişə bilərmi? - ARAŞDIRMA

 İranın PUA-ları Ukraynada vəziyyəti dəyişə bilərmi? -  ARAŞDIRMA
  26 Sentyabr 2022    Oxunub:3968
Moskvanın Ukrayna ərazisində apardığı müharibədə üzləşdiyi ən böyük problemlərdən biri Kiyevin Türkiyədən aldığı “Bayraktar” PUA-larından çox effektli şəkildə istifadə etməsi oldu. Bu amil ötən əsrin klassik müharibələri üslubunda hücuma keçən Rusiyanın hərbi rəhbərliyi üçün xoşagəlməz sürprizə çevrildi. Vəziyyətdən çıxış üçün Moskva təcili surətdə ona sadiq qalan müttəfiqlərinin arasında PUA istehsal edən ölkələrə üz tutdu.
İyulun ortalarında Rusiya nümayəndələri iki dəfə İrandakı Kaşan aeroportunda “Shahed-191” “Shahed-129” PUA-larına baxış keçirdilər. Ötən ay isə PUA-ların alqı-satqısının reallaşmaq üzrə olduğunu görən Vaşinqton hər iki ölkəni yeni sanksiyalarla hədələdi. Amma iş-işdən keçmişdi. ABŞ-ın hədəsindən cəmi bir neçə gün sonra livanlı jurnalist və siyasi ekspert Eylaca Maqye İrandan 1000 ədəd “Shahed-129” kəşfiyyatçı-hücumçu PUA-nın alınması barədə Moskvanın Tehranla müqavilə imzaladığı barədə məlumat yaydı. Bundan başqa, operatorların hazırlanması üçün Tehranın Rusiyaya bir neçə hazır PUA və təlim aparatları verdiyi də bildirildi. Bir sutka havada qala bilən “Shahed-129” dronunun atəşi tənzimləmə və müstəqil zərbələr endirə bilməsi imkanları xüsusi vurğulanırdı.

"Ətirşah" mövsümü

Təxminən bir həftə əvvəl Rusiyanın İrandan təzəlikcə aldığı “Shahed-136” PUA-ları ilə Ukraynanın Xarkov vilayətində bir neçə dağıdıcı zərbə endirdiyi barədə xəbər yayıldı. “The Wall Street Journal” nəşrinin Ukrayna Silahlı qüvvələrinin polkovnikinə istinadən verdiyi məlumata görə, Xarkov vilayətinin şimal-şərq səmasında peyda olan üçkünc “Shahed-136” PUA-ları Rusiyanın rənglərinə boyadılıb və ruslar onun adını dəyişərək “Ətirşah-2” ("Герань-2") qoyublar. Ukraynalı hərbçinin sözlərinə görə, “Shahed”lərin geniş şəkildə istifadəsindən əvvəl, ötən ay Rusiya ABŞ-ın Ukraynaya tədarük etdiyi 155-mm M777 haubitsalarına zərbə endirilməsini sınaqdan keçirib.

Əsasən Ukraynanın Xarkov vilayətində cəmləşdirilən bu PUA-ların ölçüsünün nisbətən kiçik olması və çox aşağı hündürlükdə uçması onların Hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən aşkarlanmasını xeyli çətinləşdirir.
Dünən isə Ukrayna mediasında kamikadze PUA-ların Odessada yerləşən Hərbi Dəniz qüvvələrinin (HDQ) qərargahına zərbələr endirdiyi və həmin dronlardan birinin dəniz üzərində vurulduğu, habelə Ukraynanın Dnepropetrovsk vilayəti üzərində qeydə də alındığı barədə məlumat yayımlandı. Onalrın İranın istehsal etdiyi “Mohajer-6” çoxfunksiyalı hücumçu PUA-lar olduğu bildirilir. Bundan başqa, təxminən 10 gün əvvəl Ukrayna Silahlı qüvvələri Kupyansk şəhəri yaxınlığında ilk dəfə uzaqvuran “Shahed-136” kamikadze PUA-sını məhv etməyə müvəffəq olublar.

Ən azı bu iki məqam Qərbin Ukraynaya verdiyi raket sistemləri ilə qarşıdurmada Rusiyanın böyük ümidlər bəslədiyi İran PUA-larının zəif tərəflərinin olduğunu göstərir. Bu baxımdan, İran dronlar parkının və onun hərbi-terxniki parametrləri ilə tanışlıq çox maraqlıdır.

İran PUA-larının imkanları

Uzun illər boyu sərt sanksiyalar şəraitində yaşamasına baxmayaraq, İran dron-kamikadzelərin, habelə kameralar və raketlərlə təchiz olunmuş PUA-ların istehsalı sahəsində müəyyən uğurlar qazana bilib. Hazırda İranın dron-kamikadzelər və PUA-lar parkında “Mohajer-6” (arsenalında yüksək dəqiqliyə malik 2 raket ola bilər) çoxfunksiyalı hücumçu PUA-sının 3 modelinin, “Kaman-12” (raketlərlə silahlanıb) dronunun 2 tipinin, “Naseh”, “Mohajer-4b”, “Mohajer-4b”, “Mohajer-2H” “Əbabil-3” dronunun ilkin və sonrakı modellərinin, “Cereh-2”, “Kaln Araş”, “Çukar-2”, “Yasir”, “Shahed-136”, “Saleh”, “Sayed”, “Sekeh” kimi aapratlar var. Siyahıda yer alan 3 ən əsas modelin göstəricilərinə nəzər salmaq İranın bu sahədə potensialı barədə təsəvvürün formalaşmasına imkan verir.

1.“Əbabil” səma kamikadzesi və kəşfiyyatçısı İranın istehsal etdiyi ən məşhur PUA-lardan biridir. “HESA” İran aviatikinti sənayesi şirkəti bu layihəni hələ ötən əsrin 90-cı illərində işləyib-hazırlayıb. Bu aparatın “kamikadze”, hədəf və kəşfiyyatçı keyfiyyətində istifadəsi olunması məqsədi güdülürdü. Böyük uçuş müsafəsinə malik olan PUA-nın hazırda iki modifikasiyası buraxılır – “Əbabil-2” və “Əbabil-3”.
2000-ci illərdə yaradılan daha böyük və daha çox funksiyalı “Əbabil-3” kəşfiyyatın aparılması, müşahidə və əməliyyat yerinin öyrənilməsi üçün istifadə olunur. Yaxşılaşdırılmış müşahidə imkanları ola aparat həm istehsalda, həm də istifadədə nisbətən ucuz və sadədir.
“Əbabil” ikipərli sadə vintlə hərəkətə gətirilir. Yalnız kompozit (çoxkomponentli materail) dizaynlı “Əbabil-T” variantından başqa bütün modifikasiyaları bütöv metallı konstruksiyadan ibarət olan bu dronların hamısının uçuş məsafəsi 100 kilometrdən çoxdur. Dronu “JATO” paltformasından və ya “Mercedes Benz 911” pnevmatik atış qurğusundan uçuşa buraxmaq mümkündür. Bəzi mənbələrin məlumatına görə, hər iki modifkasiyadan olan dronlardan Livanda, İraqda, Sudanda, Suriya və Yəməndə gedən hərbi münaqişələrdə istifadə olunub.



2.“Mohajer-6” – göyərtəsində raketlər yerləşən bu PUA multispektral müşahidə üçün zəruri olan kamera və/ və yaxud da 4 ədədə qədər yüksək dəqiqliyə malik raket kimi faydalı yük daşımağa qadirdir. İranın 2017-ci ildə təqdim etdiyi bu aparat təmsilçisi olduğu “ailə”də ilk dəfə tammənalı zərbə imkanları qazanıb. Öz çəkisi 600 kq olan dron 100 kq-dək faydalı yük daşıya bilir.

“Mohajer-6” modeli düzbucaqlı gövdəyə, yuxarıya meylli burun hissəsinə, üst hissədə qurulmuş üfüqi tənzimləyiciyə, düz qanadlara və bərkidilmiş üçtəkərli şassiyə malikdir. Aparat üfüqi tənzimləyicidəki iki hündürlük sükanları, şaquli təncimləyicidəki istiqamət sükanları və hər qanadın arxasında yerləşən qapaqlar vasitəsilə idarə olunur. Digər modifikasiyalardan fərqli olaraq “Mohajer-6” üçpərli vintə malikdir. Hücumçu “Mohajer-6” PUA-sı multispektral sensorla, lazerli məsafəölçənlə, hər biri istiqamtləndirilə bilən “Qaem TV/IR” və ya “Almas” raketi daşımaq imkanına malik 2 asma qurğu ilə təchiz edilib.
Digər modifikasiyada bu dronların qanadlarının hər birində iki asma qurğu yerləşdirilir ki, ümumilikdə bu 4 asma qurğunun da yuxarıda qeyd olunan raketləri daşıması imkanı iki dəfə artır. Mövcud olan avtopilot sistemi siə uçuşun və enişin avtomatik qaydada həyata keçirilməsinə imkan verir. Bundan başqa, dron radioelektron mübarizə üçün vasitələrlə də təchiz oluna bilər. Müxtəlif mənbələrin məlumatına görə, indiyədək 180-200 “Mohajer-6” PUA-sı istehsal edilib.


3. “Şahed 129” – İranın ən effektli hərbi dronu. 2012-2013-cü illərdən silahlanma arsenalına qəbul edilən 16 qanadlı tammənalı ağır kəşfiyyatçı-zərbəçi təyyarə “Şahed 129” PUA-sının faydalı yükgötürmə imkanı 400 kq təşkil edir. Böyük uçuş müddətinə malik olan və orta məsafəli hündürlükdə uçan bu birmühərrikli PUA “Shahed Aviation Industries” şirkəti tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusu üçün işlənib-hazırlanıb. Hərbi və kəşfiyyat xarakterli vəzifələri icra edə bilən “Şahed 129” modeli 24 saatlıq uçuş ehtiyatına malikdir.

Təxminən 65-75 sm diametrlik ensiz silindirk gövdəli, gündüz və gecə missiyalarının həyata keçirilməsi üçün elektrooptik/infraqırmızı sensorla, yığılan şassilərlə təchiz olunan bu PUA videoməlumatları real vaxt rejimində ötürə bilir. Başlığında “Rotax 914” yerləşən dron hərbi sursatın daşınması üçün 4 asma qurğuya malikdir. Elan olunan uçuş məsafəsi 1700 km təşkil edir. “Şahed 129”-un əvvəllər Suriyada və İranın şərq sərhədlərinə patrul nəzarətində istifadə edildiyi bildirilir.


Maraqlıdır ki, bəzi ekspertlər İran aparatlarının Amerika və İsrail texnologiyaları əsasında işlənib-hazırlandığını iddia edirlər. Məsələn, “Yasir” PUA-sı üçün baza rolunu “Boeing Insitu” şirkətinin “ScanEagle” layihəsinin oynadığı bildirilir. “Şaher” PUA-sının İsrailin “Hermes” aparatını xatırlatdığı, “Sekeh” aparatının isə Amerikanın məşhur “Lockheed Martin” şirkətiinin istehsal etdiyi “RQ-170 Sentinel”in bənzəri olduğu vurğulanır.

Əslində belə iddialar heç də təəccüblü deyil. Çünki zaman-zaman İranın digər ölkələrin istehsal etdiyi PUA-ları vurduqdan və ya endirərək ələ keçirdikdən sonra onları diqqətlə öyrəndikləri barədə məlumatlar yayılırdı. Görünür, həmin fürsətlərdən yararlanan Tehran indi Rusiyaya PUA-lar stamaqla həm də Qərbin isti aşına soyuq su qatmağa çalışır.

Sahil İsgəndərov, politoloq
AzVision.az



Teqlər: İran   PUA  





Xəbər lenti