“Ağıllı güc” Azərbaycanın əsas siyasi alətinə çevrilir – Səadət Yusifova

   “Ağıllı güc” Azərbaycanın əsas siyasi alətinə çevrilir –    Səadət Yusifova
  28 Sentyabr 2022    Oxunub:514
“İkinci Qarabağ müharibəsində qazandığımız şanlı Zəfərin yaratdığı potensial Azərbaycanın “ağıllı gücü”nü daxili və xarici siyasətin əsas alətinə çevirir”.
AzVision.az xəbər verir ki, bu sözləri Bakıda Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib. O bildirib ki, Azərbaycanın təklif etdiyi sülh müqaviləsi, kommunikasiyaların açılması, yeni subregional və regional əməkdaşlıq formatları ölkəmizin siyasi-iqtisadi gücünü artırmaqla yanaşı, həm də yaxın, orta və uzaq perspektivdə regionun yeni təhlükəsizlik sistemini şərtləndirmiş olacaq və onun simasını tamamilə dəyişəcək.

“Azərbaycan Avropanın, Qafqazın, yaxın Şərqin, Türk dünyasının və daha geniş mənada Avrasiyanın bir parçası olmaqla, geosiyasi, geoiqtisadi mövqeyinə görə güclü cəzbetmə qüvvəsinə malik olacaq. Bu isə coğrafi ölçülərindən asılı olmayaraq permanent dəyişən dünyamızda daha effektiv və çevik siyasət yürüdə bilən, müxtəlif alyanslarda sözünün eşdildiyi və diqqətə alındığı aktorların XXI əsrin yeni dünya qaydasında vacib rolunu şərtləndirəcək. Qərbmərkəzli dünyanı əvəz edəcək çoxqütblü dünyada güclü və etibarlı tərəfdaş olan Azərbaycan söz sahiblərindən birinə çevriləcək”,- Səadət Yusifova vurğulayıb.
Beyin mərkəzlərimizi necə gücləndirmək olar?

Onun sözlərinə görə, post-konflitk dövrünün siyasi-iqtisadi, hərbi, diplomatik, təhlükəsizlik müstəvisində doğurduğu problemlər və onların həlli ilə bağlı açıq suallar ölkəmizə, regionumuza və qlobal gündəliyə baxışımıza yeni yanaşmalar tələb edir. Lakin yerli beyin mərkəzləri yalnız regionumuzda və dünyada gedən geosiyasi proseslərə fokuslanmamalıdırlar. Hazırda bizim qarşımızda post-konflikt problemlərinin həlli, azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və ora məcburi köçkünlərin qayıdışı kimi ciddi çağırışlar durur. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində irimiqyaslı işlər aparılır. Bu proses özlüyündə beyin mərkəzləri üçün əvəzedilməz tədqiqat mövzusu və fəaliyyət istiqamətidir. Bir tərəfdən ona görə ki, dünya tarixində çox nadir hallarda ölkələrin bu miqyasda və müstəsna olaraq öz daxili imkanları hesabına yenidənqurma fəaliyyəti olub. Yəni bu prosesin özü hətta çox geniş tarixi dövr perspektivindən unikaldır və hərtərəfli öyrənilməlidir. Bununla bağlı beyin mərkəzlərinin təklifləri, siyasətimizin beynəlxalq akademik və analitik dairələrə çatdırılması olduqca vacibdir.

Digər tərəfdən, beyin mərkəzləri prosesin özündə də bir başa iştirak edə bilər və artıq biz bu təcrübəni görürük. Aparılan genişmiqyaslı bərpa, quruculuq işləri, əhalinin qayıdışının təşkili, iqtisadi reinteqrasiya və s. fəaliyyətlərin hər biri elmi yanaşma, dərin strateji araşdırma və planlaşdırma beyin mərkəzlərinin iştirakını tələb edir.

“Ümid edirik, beyin mərkəzləri ölkəmiz qarşısında duran müasir existensional məsələlərin həllinə yeni yanaşmalar təklif etməklə, ümumi dövlət quruculuğu işinə öz tövhəsini verəcək, “şəbəkə diplomatiyası”nda ölkəmizin maraqlarını daim müdafiə edəcəklər”,- Səadət Yusifova bildirib.



Teqlər: Beyin-mərkəzləri  





Xəbər lenti