İran səfirliyinin maşını ilə gətirilən köynəklərdəki rəqəm nə deməkdir?

   İran səfirliyinin maşını ilə gətirilən köynəklərdəki rəqəm nə deməkdir?
  02 Noyabr 2022    Oxunub:1896
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan vətəndaşlarından ibarət yaratdığı dəstəyə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı aşkar edilən və İrandan gizli şəkildə ölkəmizə gətirildiyi üzə çıxan geyimlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
AzVision.az Qafqzinfo-ya istinadən xəbər verir ki, üzərində dini şüarlar yazılmış və İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla ölkəmizə keçirilən köynəklərdəki rəqəm diqqət çəkib. Belə ki, üzərində “313” rəqəmi yazılmış köynəklərin Azərbaycanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanması nəzərdə tutulubmuş.

Bəs köynəklərin üzərində İran xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə yazılmış “313” rəqəmi hansı mənanı ifadə edir?

Bəzi hədislərdə 313 rəqəmi xüsusi müqəddəslik daşıyır. Qurani-kərimdə qeyd edilmiş bir rəvayətə görə, Həzrət Davud Peyğəmbərin (ə) müasiri olmuş Bəni-İsrail hökmdarı Talut böyük bir qoşunla döyüşə yollananda Allah ona əmr verdi ki, öz əsgərlərini sınağa çəksin və sınaqdan uğurla çıxanları ayırıb özü ilə döyüşə aparsın. Talut əsgərlərinə əmr etdi ki, yolda qarşılarına çıxan çayın suyundan bir ovucdan artıq içməsinlər. Az bir hissə bu tapşırığa əməl etdi. Sınaqdan uğurla çıxanların sayı 313 nəfər oldu və onlar döyüşdə çoxsaylı düşmənə qalib gəldilər (Bəqərə, 249).

Bəzi rəvayətlərə görə, Bədr döyüşündə də 313 nəfər müsəlman özlərindən üçqat artıq düşmənə qalib gəlmişdi. Həmçinin, hədislərə görə, İmam Mehdinin (ə) sadiq silahdaşlarının da sayı 313 nəfər olacaq. Bu say tamamlandıqdan sonra İmam zühur edəcək.

Dövlət Təhlükəsizliyi Xidməti hər hansı qanunsuz silahlı birləşmələrdə iştiraka cəlb edilən Azərbaycan Respublikası vətəndaşlarına qarşı ən kəskin tədbirlərin görüləcəyini, onların ciddi cinayət məsuliyyəti ilə üzləşəcəklərini vurğulayır, xarici xüsusi xidmət orqanlarının hər hansı formada təsir dairəsinə düşmələri barədə ölkənin təhlükəsizlik orqanına vaxtında məlumat vermələrinin zəruriliyinə dair onları xəbərdar edir.

AzVision.az

Teqlər:







Xəbər lenti