"Azərbaycan yeni strateji mərhələyə qədəm qoyub" - Nazir müavini

"Azərbaycan yeni strateji mərhələyə qədəm qoyub" -    Nazir müavini
  02 Noyabr 2022    Oxunub:665
"Qlobal tendensiyaları və çağırışları qəbul etməklə, Azərbaycan 2021-2030-cu illəri əhatə edən pandemiya və münaqişədən sonrakı dövr üçün keyfiyyətcə yeni bir strateji mərhələyə qədəm qoyub. Azərbaycan hökuməti qarşıdakı onillikdə ölkənin sosial-iqtisadi və ətraf mühitin inkişafı istiqamətində uzunmüddətli təkamül yollarını hədəfləyən beş milli prioriteti müəyyənləşdirib".
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov BMT-nin "DİM Dialoqları" təşəbbüsü çərçivəsində keçirilən "Azərbaycanda Yaşıl transformasiya" adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanın yeni strateji inkişaf mərhələsində milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsi, davamlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, ölkənin yaşıl enerji məkanına çevrilməsi və ətraf mühitin sağlamlaşdırılması, azad edilmiş ərazilərimizin sürətli reinteqrasiyası və s. kimi məqsədlər hədəflənir.

"Ötən dövr ərzində qlobal geosiyasi gərginliyin davam etməsi şəraitində dünya iqtisadiyyatında qeyri-müəyyənliklər və resessiya riskləri daha da yüksəlib. Bütün bunlara baxmayaraq, cari ilin ötən dövründə Azərbaycan iqtisadiyyatında yüksək artım dinamikası davam edib. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM 5,6 faiz artıb. İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının uğurla reallaşdırılması istiqamətində tədbirlər nəticəsində cari ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 73,3%, ixrac 101,6%, o cümlədən qeyri-neft-qaz məhsullarının ixracı 17% çoxalıb".

S.Məmmədov qeyd edib ki, dayanıqlı iqtisadiyyatın əsas prinsiplərindən biri də iqlim dəyişikliyi ilə mübarizə, təbii resursların səmərəli istifadəsi və biomüxtəlifliyin qorunmasıdır:

"Qlobal iqlim dəyişikliyini nəzərə alaraq, Azərbaycan hökuməti sirkulyar iqtisadiyyata keçidi, təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadənin təşviqi, təkrar emal və çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı layihələri dəstəkləyir. Bu baxımdan, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “yüksək keyfiyyətli ekoloji mühit” və ”yaşıl enerji” milli inkişaf prioritetləri olaraq seçilmiş və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Təmiz ətraf mühit” və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivə müəyyənləşdirilib.

Növbəti orta müddətli dövrdə tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin 20%-ə çatdırılması, o cümlədən regionlarda 10% təşkil etməsi, tullantıların çeşidlənməsi, emalı və təkrar istifadəsi sisteminin təkmilləşdirilməsi yolu ilə ehtiyatlara qənaət və bərpa edilməsi potensialının artırılması kimi hədəflər də qoyulub. Strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 %, qeyri-neft qaz ÜDM-nin isə illik orta hesabla 5% artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88%-ə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft/qaz ixracının həcminin 85% artırılması hədəflənir".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti