12 imamdan 12 raketə: Onlardan qorxmağa dəyərmi? – ARAŞDIRMA

     12 imamdan 12 raketə:    Onlardan qorxmağa dəyərmi? –    ARAŞDIRMA
  04 Noyabr 2022    Oxunub:6737
İran silahlarının imkanları son vaxtlar dünyanı maraqlandıran əsas məsələlərdəndir. Tehran Yaxın Şərqdə yaxın və orta mənzilli raketlərin ən böyük arsenallarından birinə malikdir. Əvvəllər İran raketlərinin potensialı yüksək qiymətləndirilmirdi, lakin son illərdə bəzi yeniliklər var.
İran raket silahlarının yaradılmasında əsasən Rusiya və Şimali Koreyadan qidalanıb. 1993-cü ildə SSRİ-nin “Luna-M” raket sistemi əsasında “Zilzal” raketi, 1994-cü ildə Şimali Koreyanın “Nodon” kompleksinin əsasında isə “Şahab-3” ballistik raketləri hazırlanmağa başlandı. 2011-ci ilə qədər İranda bu sinifdən 40 raket hazırlandı.

2017-ci ildə İran parlamenti raket proqramına xərclərin artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqlədikdən sonra ABŞ Tehrana qarşı sanksiyaları genişləndirməyə imkan verən qanun qəbul etdi.

“Fateh – 110”

Ən çox maraq doğuran raketlərdən biri “Fateh-110” kompleksidir. İranın Aerokosmik Sənaye Təşkilatının istehsal etdiyi mobil, təkpilləli, qatı yanacaqlı və yaxın mənzilli raket yerüstü atıcı qurğudan quru hədəflərinə zərbə endirmək üçün nəzərdə tutulub. Yaxın mənzili ballistik sursatlar sinifinə daxil olan “Fateh-110”un ən yeni versiyaları həm güclü, həm də qısa məsafələrdə kifayət qədər dəqiq hesab edilir. Son modifikasiyaları elektro-optik tuşlama sistemlərilə də təchiz olunub.


“Fateh-110” operativ-taktiki raketinin baza versiyası 2002-ci ildən İran ordusunun silahanmasına daxil edilib. Bu raketlər 2010-cu ildən sonra bir neçə dəfə İranda keçirilən “Böyük Peyğəmbər-7” hərbi təlimlərində və paradlarda ictimaiyyətə nümayiş etdirilib. İran raket kompleksini son texniki tələblərə uyğunlaşdırmaq üçün ən azı 10 il sərf edib.

“Fateh-110” raketləri hazırda Şimali Koreya və Suriya ordusunda istifadə edilir. Yəmənə ixracı da istisna deyil. Livandakı "Hizbullah" qruplaşmasına verildiyinə dair geniş məlumatlar var. Rusiya isə 3-cü rəsmi istifadəçi olmağa hazırdır. “Fateh-110” Suriyada "M-600" adı altında və lisenziya əsasında istehsal olunur. Suriya müharibəsində ondan İran və Suriya tərəfindən istifadə edilib. 8 yanvar 2020-ci ildə İran “Fateh-110” və “Qiyam-12” raketlərini "Şəhid Süleymani" əməliyyatında ABŞ-a qarşı tətbiq edib.

Əsas texniki xüsusiyyətləri

Maksimal atəş məsafəsi: 300 km
Start kütləsi: 3500 kq
Döyüş başlığının kütləsi: 448 kq
Hədəfdən mümkün yayınması: 3 m

İnkişafı

“Fateh-110” raketi İranın idarəolunmayan “Zilzal-2” raketinin bazasında hazırlanıb. Əsas fərqi tuşlama sisteminin əlavə edilməsindən ibarətdir. “Zilzal” sinifli raketlərinin hazırlanması 1990-cı illərə təsadüf edir. 2000-ci illərdə müəyyən qədər təkmilləşdirilsə də, aşağı dəqiqlikdə olduğuna görə çox istifadə edilməyib.

“Fateh-110” raketinin ilk nəsli 2002-ci ilin sentyabrında sınaqdan keçirilib və qısa müddət sonra kütləvi istehsalına başlanıb. Raketin ilkin uçuş məsafəsi 200 km olub. 2004-cü ilin sentyabrında ikinci nəsil “Fateh-110” raketi 250 km-ə qədər məsafəni qət edib. 2010-cu ildə təqdim edilən üçüncü nəsli 300 km-ə qədər artırılmış uçuş məsafəsinə malik oldu. 2012-ci ilin dördüncü nəsil raketlərində dəqiqlik daha da artırıldı.
Raketin son versiyaları təkmilləşdirilmiş xüsusiyyətlərə malikdir. Uçuş məsafəsindən başqa faydalı yükün kütləsi də artırılıb.

“Zülfüqar” raketi

İstehsalçının məlumatlarına görə, “Zülfüqar” İranın mobil şassi üzərinə yerləşdirilən birpilləli və qatı yanacaqlı qısamənzilli ballistik raketidir. O, 300-700 km. məsafədəki hədəfləri vura bilir. Raket Əli ibn Əbu Talibin “Zülfiqar” qılıncının şərəfinə belə adlandırılıb. “Zülfüqar” raketinin “Fateh-110” ailəsinin (ehtimal ki, “Fateh-313”) bazasında hazırlandığı ehtimal olunur. Bəzi versiyaları operatorlara raketləri idarə etməyə imkan verən elektron-optik tuşlama sistemləri ilə təchiz olunub.


Raket ilk dəfə 25 sentyabr 2016-cı ildə keçirilən hərbi parad zamanı nümayiş etdirilib. Bundan sonra İranın müdafiə naziri Hüseyn Deqkan raketin uçuş məsafəsinin 700 km olduğunu bəyan edib. Daha sonra İranın Müdafiə Nazirliyi sınaqlarının videosunu yaydı.

2019-cu ildə isə İranın paytaxtı Tehranda islam inqilabının 40-cı ildönümü münasibətilə təşkil edilən hərbi sərgidə 12 növ ballistik raket - “Xürrəmşəhr”, “Sicil”, “Qədr F” və “Qədr H”, “Qiyam”, “Şahab 1”, “Şahab 2”, “Zilzal”, “Zülfüqar”, ”Hörmüz” və ”Fars körfəzi” nümayiş etdirildi.

“Zülfüqar” 2017-ci ildə “Fateh-110” raketinin daha uzaqmənzilli variasiyası kimi İİKK-nın silahlanmasına daxil edilib.
2019-cu ilin fevral ayında İran “Zülfüqar” raketinin 1000 km. mənzilli “Dezful” adlı yeni və daha uzaqmənzilli versiyası təqdim olunub.

Hərbi əməliyyatlarda tətbiqi

İran 2017-ci il iyunun 8-də Tehranda törədilən terror aktına cavab olaraq 2017-ci il iyunun 17-də Suriyanın Deyr əz-Zor bölgəsi istiqamətində İŞİD obyektlərinə 6 ədəd “Zülfiqar” raketi atıb.
2021-ci ildə Yəməndəki “Ənsar Allah” adlı husi üsyançı hərəkatı Səudiyyə Ərəbistanının “Aramco” neft şirkətinin obyektlərini həm ”Zülfüqar” və “Bədr” ballistik raketləri, həm də PUA-larla kütləvi hücumlara məruz qoymuşdu.

Taktiki-texniki xüsusiyyətləri

İran mətbuatına etibar etsək, “Zülfüqar” raketinin hədəfdən yayınması 10 metrə yaxındır. Ancaq bu, təsdiqlənmiş məlumat deyil.

“Zülfüqar” 500 kq. ağırlığında döyüş başlığı daşıya bilir. Bundan əlavə, bu raketlərdə kaset döyüş başlığı da quraşdırıla bilər.

İxtisaslaşdırılmış “Defense Express” nəşrinin məlumatına görə, İranın “Fateh-110” və “Zülfüqar” raketləri xüsusiyyətlərinə görə “Toçka-U”, “S-300” və “İskəndər” sistemlərindən daha çox dağıdıcı gücə malikdir.

Eni: 0,6 m;
Uzunluğu: 10,3 m;
Atəş məsafəsi: 700 km;
Tuşlama sistemi və dəqiqlik inersiyaldır, GPS 100 və CEP-dən istifadə olunur.


Çatışmazlıqları

Uzun müddət təcrid şəraitində qalan İran bir sıra texnologiyalara çıxış imkanından məhrum olub ki, bu da istər-istəməz onun raketlərinin döyüş qabiliyyətinə təsir edir. İran raketlərinin böyük hissəsi maye yanacaqla çalışır. Bu isə raketləri uzun müddət döyüş növbətçiliyində saxlamaq üçün əlverişli deyil. Çünki maye yanacaqlı raketlərin döyüş növbətçiliyinə qoyulması və oradan uzaqlaşdırılması uzun və əziyyətli işdir. Bu isə istər-istəməz hərbi hissə və bölmələrin döyüş qabiliyyətinə mənfi təsir göstərir.

Digər tərəfdən, İran silahlarının dəqiqlik məsələsi də böyük sual altındadır. İran ordusunun bölmələri əsasən nöqtə atışlarına deyil, böyük ərazidə yerləşən infrastruktur obyektlərinə zərbə endirməklə qeyri-dəqiqlik faktorunu gizlətməyə çalışırlar. Ən azından Ukrayna və Suriyada bunu müşahidə edirik.

Nəticə

Rusiyanın özü ciddi raket istehsal potensialına malik olduğu halda, İrandan ballistik raketlər ixrac etməsi bir daha ölkənin müdafiə sənayesinin ciddi problemlərlə qarşılaşdığından xəbər verir. İran raket ixracatında ciddi paya malik olmasa da, qarşılaşdığı təhdidlərin neytrallaşdırılması və ya aradan qaldırılması məqsədilə bir neçə müxtəlif sinfə aid raket komplekslərini və onların sursatlarını inkişaf etdirib. Maraqlısı odur ki, vaxtilə ərazisi işğal altında olan Azərbaycana raket satmaqdan imtina edən İran hazırda Ukraynanın işğalını dəstəkləmək məqsədilə Rusiyaya müxtəlif silahlar satmaq niyyətindədir.

Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilərkən səsini çıxarmayan İranın bu gün tarixi torpaqlarına qayıdan qalib Azərbaycanın uğurlarına qısqanclıqla yanaşması Tehran rejiminin əsl mahiyyətini ortaya qoyub. Vətən Müharibəsindəki Qələbəmizdən sonra sərhədlərimizdə davamlı hərbi təlimlər keçirən əmmaməli islam düşmənləri Arazın həm o tayında, həm də bu tayında daha çox nifrət qazanmaqdadır. Azərbaycanın İran ordusunun 5-10 sınıq-salxaq maşın ilə aşağı-yuxarı hərəkət etməsindən narahat olacağını düşünənlər də yanılırlar.


Rusiyaya veriləcək İran raketlərinin Ukraynadakı müharibənin gedişatına ciddi təsir edəcəyi o qədər də inandırıcı deyil. Çünki İran silahı nə Suriyada, nə də Livanda özünü həlledici faktor kimi təsdiqləyə bilib. Bunu İrandan Rusiyaya verilən PUA-ların timsalında da müşahidə etmək mümkündür. Məhv edilən İran PUA-larının sayı hər gün artır. İranın Azərbaycana qarşı müharibədə Ermənistana, Ukraynaya qarşı müharibədə Rusiyaya silah verməsi birmənalı olaraq İslam Respublikasının işğalçını dəstəkləməsi deməkdir. Ukraynaya qarşı müharibədə İranın Rusiyaya raket və PUA dəstəyi verməsi həm İslam dininə, həm də insanlığa ziddir.

Rusiya ciddi sanksiyalara məruz qalan ölkə kimi müasir idarəetmə və tuşlama sistemlərini artıq əldə edə bilmir. Bu isə silahların idarəetməsinin ələ keçirilməsini asanlaşdırır. Üstəlik, nöqtə atışları həyata keçirməyə imkan vermir.

Amma təəssüf ki, bu silahların qeyri-dəqiqliyi onların dağıdıcı gücünü istisna etmir. Odur ki, Rusiya arsenalında İran raketlərinin peyda olması Ukrayna ərazisində dağıntıların və itkilərin artması ilə müşayiət olunacaq. İran silahının kütləvi məhv edilməsi isə Tehranın silah bazarında onsuz da zəif nüfuzuna mənfi təsir göstərəcək. ABŞ İran silahlarının imkanlarını tam öyrənmək və onlara qarşı əks təsir imkanlarına malik vasitələri inkişaf etdirmək imkanı qazanacaq. Rusiyaya raketlərin çatdırılması İrana qarşı növbəti sanksiyaların tətbiqilə nəticələnəcək. Bütün bunlara İranın daxilində baş verən etiraz aksiyalarını da əlavə etsək, yaxın perspektivdə Tehran rejiminin aqibətini ehtimal etmək çətin deyil.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: İran  





Xəbər lenti