Polşa və Azərbaycan arasında diaspor üzrə əməkdaşlıq müzakirə olunub

  Polşa və Azərbaycan  arasında diaspor üzrə əməkdaşlıq müzakirə olunub
  05 Noyabr 2022    Oxunub:383
Polşa və Azərbaycan arasında diaspor sahəsində ikitərəfli əməkdaşlıq müzakirə edilib.
AzVision.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində bu ölkənin Dövlət katibi, hökumətin xaricdəki polyaklar üzrə səlahiyyətli nümayəndəsi Jan Michal Dziedziczak ilə görüşüb.

Dövlət katibi Azərbaycan-Polşa münasibətlərinin qədim tarixi köklərə malik olduğunu, iqtisadiyyat, ticarət və humanitar sahələrdə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib, diaspor sahəsində əməkdaşlığın perspektivlərindən söz açıb, xaricdə yaşayan polyaklarla bağlı hökümətin yürütdüyü siyasət, eləcə də onların yaşadıqları cəmiyyətlərə inteqrasiyası məsələsi barədə məlumat verib. Xaricdə 22 milyon polyakın yaşadığını deyən Jan Michal Dziedziczak onlarla Azərbaycan icmaları arasında əməkdaşlıq qurulmasının faydalı olacağını ümid etdiyini söyləyib.

Komitə sədri xaricdə fəaliyyət göstərən Azərbaycan evləri, Koordinasiya şuraları barədə məlumat verib və onların sayının artırılması üçün Komitə tərəfindən ardıcıl iş aparıldığını bildirib, xaricdə yaşayan gənclərin ana vətənlə əlaqələrinin itməməsi, Azərbaycan mədəniyyətini, tarixini yaxından öyrənməsi üçün komitə tərəfindən həyata keçirilən proqram və layihələr barədə ətraflı məlumat verib.

Komitə sədri son illər istər təhsil almaq, istərsə də iş imkanlarından faydalanmaq üçün Polşaya üz tutan azərbaycanlı gənclərin sayındın artdığını deyərək, bu ölkədə yaşayan hər bir azərbaycanlının, xüsusilə gənclərin və tələbələrin Azərbaycan mədəniyyətini təbliğ etməsinin və azərbaycanlıların Polşa cəmiyyətinə daha aktiv inteqrasiya olunmasının əhəmiyyətindən danışıb.

Görüş zamanı ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da dərinləşməsi, Polşadakı Azərbaycan diasporunun və diaspor təşkilatlarının, eləcə də Azərbaycandakı polyak icmasının fəaliyyəti, diaspor sahəsində ikitərəfli əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb, iki ölkənin diaspordan məsul qurumlarının gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

AzVision.az

Teqlər: Polşa   Azərbaycan  







Xəbər lenti