Azərbaycandakı dini konfessiya rəhbərləri İlham Əliyevi təbrik edib

   Azərbaycandakı dini konfessiya rəhbərləri İlham Əliyevi təbrik edib
  07 Noyabr 2022    Oxunub:382
Azərbaycandakı dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.
Bu barədə AzVision.az -a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bu gün QMİ-də Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin, QMİ Qazılar Şurasının üzvləri, QMİ-nin səlahiyyətli nümayəndələrinin iştirak etdikləri tədbirdə Şeyxülislam Allahşükür Paşazadə çıxış edib: «Bu gün xalqımızın, dövlətimizin tarixində möhtəşəm bayramlar ərəfəsindəyik. Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsində Zəfərimizdən iki il ötür. Həmçinin, üçrəngli dövlət bayrağımızın fəxarətli bayram gününü qeyd edəcəyik. Tarixi ədalətin bərpası yolunda Haqq savaşımızın mübarək tarixi hər bir azərbaycanlının şərəf günü, qürur mənbəyidir. Zəfər bayramının dövlətçilik qüdrətimizin, Vətən sevgisinin zirvəsi olaraq xalqın qəlbində önəmi olduqca böyükdür. Azərbaycan xalqı 2020-ci ildə 44 gün ərzində tarixin dövlət imtahanından qalibiyyətlə keçdi. Beynəlxalq hüququn tanıdığı, lakin təmin edə bilmədiyi ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli missiyanı müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə şanlı Ordumuz həyata keçirdi. İllərlə həsrətində olduğumuz əzəli torpaqlarımızı işğalçıdan, öz milli, dini, mədəni abidələrini əsarətdən azad etmək, məscidlərimizi, məbədlərimizi həqarətdən, sərvətlərimizi yağmalanmaqdan qurtarmaq yolunda haqq mübarizəmizi, dünya birliyinin göz yumduğu vandalizm hallarına, mədəni soyqırımı cinayətlərinə son qoymaq, dağıdılmış, ruhlar məkanına çevrilmiş şəhər, kəndlərimizə, yaşayış məskənlərimizə sahib çıxmaq vəzifəsini şanlı Azərbaycan Ordusu ləyaqət və şərəflə yerinə yetirdi. Azərbaycan Ordusunun Vətən yolunda canından keçən qəhrəman şəhidlərinə Uca Allah rəhmət eləsin, igid qazilərimizə şəfaət bəxş etsin! Möhtərəm Prezidentimiz Zati-aliləri İlham Əliyev cənabları Azərbaycanı qalib ölkə, Azərbaycan xalqını zəfər çalmış xalq zirvəsinə yüksəltdi, ata vəsiyyətini — Azərbaycan xalqının Ulu Öndərinin Qarabağa dair vəsiyyətini yerinə yetirdi. Xalqın dəstək və həmrəyliyi, liderinə olan dərin etimadı, ehtiram və məhəbbətinə istinadən İlham Əliyev qalib xalqın müzəffər sərkərdəsi, Qarabağın, Şuşanın fatehi, ədaləti bərpa edən millət qəhrəmanı olaraq tarixin səhifələrinə həkk olundu».

Daha sonra QMİ sədri dini mərkəzin, din xadimlərinin bu dövrdə fəaliyyətinə toxunub: «İstər Vətən müharibəsi günlərində, istərsə mübarək Zəfərimizdən sonra biz din xadimləri dəfələrlə onlayn və bilavasitə görüşərək II Qarabağ savaşının müqəddəs amalları barədə ətraflı bəhs etmiş, haqq mücadiləmizin həqiqətləri barədə dünya ictimaiyyətinə geniş məlumatların çatdırılması yolunda əlimizdən gələni əsirgəməmişik. Erməni tərəfinin müharibə cinayətləri, xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani əməllər haqqında, yaydıqları dezinformasiyaları və məkrli ittihamları sıradan çıxarmaq üçün əməkdaşlıq etdiyimiz bütün dini mərkəz və beynəlxalq qurumlarla apardığımız gərgin fəaliyyətlərimizlə ümumi Zəfərə öz töhfəmizi verdik. Din xadimlərimiz həmin mübarək, taleyüklü günlərdə gecəli-gündüzlü xalqın yanında oldular, əsgərlərimizə dini xidmət göstərdilər. Bu, bizim din xadimi olaraq mənəvi vəzifəmizdir və biz bu vəzifəmizi layiqli şəkildə həyata keçirdik. Həmin günlərdə də, hər zaman olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyalarla birlikdə olduq, çiyin-çiyinə haqq mücadiləmizə yardımçı olduq. Fəxarət doğuran haldır ki, möhtərəm dövlət başçımız İlham Əliyev cənabları mədəniyyət paytaxtımız Şuşanın Cıdır düzündə etdiyi tarixi çıxış zamanı Azərbaycanın din xadimlərinin, dindarların töhfəsini xüsusi qeyd etdi, yüksək dəyərləndirdi. Heç şübhəsiz ki, Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi olan, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının bir ailənin üzvləri kimi mənəvi harmoniya şəraitində yaşamalarını təmin edən multikultural ənənələrimiz sayəsində Azərbaycan dövlətinin qüdrəti sarsılmazdır və qələbələri davamlı olacaqdır. Heç bir qüvvə - nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyildir. Azərbaycan cəmiyyəti, Azərbaycan dindarları hər zaman dövlətçiliyimizin, dövlət rəhbərimizin yanındadırlar və onu dəstəkləyirlər. Vətən müharibəsindəki Zəfərimizin ilk ildönümündə işıq üzü görmüş “Vətən və İman” adlı nəşrdə Azərbaycanın bütün dini konfessiyaları ilə birgə Vətən müharibəsindəki fəaliyyətlərimiz geniş işıqlandırılıb. Müxtəlif dillərə tərcümə olunmuş bu kitabda dünya ictimaiyyətini din xadimlərinin fədakar dəyləri və əməlləri, dindarların Vətən sevgisi nümunələri ilə tanış etməkdəyik. Din xadimləri olaraq, bölgədə sülh və qarşılıqlı anlaşma mühiti naminə bundan sonra da mənəvi missiyamızı yerinə yetirmək əzmindəyik və əlimizdən gələni əsirgəməyəcəyik.

Şeyxülislam A. Paşazadə dövlətimizin dini-mənəvi dəyərlərə yüksək diqqətindən, azad Qarabağda aparılan bərpa və quruculuq işlərindən bəhs edib: «Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələri — vəhşicəsinə dağıdılmış şəhər və kəndlərin, dini-mənəvi məkanların bərpası ilə bağlı nəzərdə tutulan və sürətlə aparılan genişmiqyaslı quruculuq işləri bizi hədsiz sevindirir. Zati-aliləri Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərimizə ənənəvi olaraq diqqət və qayğı ilə yanaşmalarına bütün dünya şahiddir. Azad edilmiş ərazilərdə məscidlərlə yanaşı digər dinlərə məxsus dini-mənəvi abidələrin bərpa və yenidənqurulmasına dövlət səviyyəsində diqqət ayrılması Azərbaycanın dünyadakı tolerant imicinin, ali dəyərlər ölkəsi, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində aparıcı mərkəzlərdən biri olmasının təsdiqidir. Füzulidə, bu yaxınlarda Zəngilanda fəaliyyətə başlamış hava limanları, Şüşaya aparan Zəfər yolu, Ağalı kəndinə qayıdış, Ağdama, Cəbrayıla nəfis baş planları üzrə yeni həyat verilməsi bizim əminliyimizi, nikbinliyimizi artırır. Uca Allahın köməyi ilə, müdrik dövlət rəhbərimizin misilsiz səyləri ilə, əminik ki, ən qısa zamanda Azərbaycanın Qarabağ torpaqları öz yeni, gözəl görkəmi ilə hər birimizi sevindirəcəkdir. Fəxr edirik ki, Qafqazın lider dövləti olan Vətənimiz bu gün də bölgədə sülh, iqtisadi tərəqqi yönündə dəyərli layihələrlə çıxış edir».

QMİ sədri Şeyxülislam A. Paşazadə bu il ərzində dünyanın müxtəlif nöqtələrində - Vatikan, Fransa, İngiltərə, Avstriya, İndoneziya, Bəhreyndə mötəbər tribunalardan Azərbaycan xalqının Zəfərini tərənnüm etdiyini, xalqımızın qəhrəman Ordusunun gücü ilə əldə etdiyi qələbəsindən, dövlət rəhbərimizin müdrik və müzəffər Ali Baş Komandanlığından bəhs etdiyini, dini konfessiya rəhbərlərimizlə bərabər ölkəmizin multikultural dəyərlərinin təntənəsindən danışdığını diqqətə çatdırıb. Sonda Ulu Rəbbimizdən xalqımıza, dövlətimizə yeni qələbələr nəsib etməsini dua edib.

Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev öz çıxışında Vətən müharibəsində qazanılmış Zəfərin önəmindən bəhs edib, şanlı Azərbaycan Ordusunun rəşadətlərini xatırladıb, Azərbaycanın bütün dini konfessiyalarının təmsilçilərinin, din xadimlərinin Zəfərin qazanılmasında roluna toxunub.

Tədbirdə dini konfessiya rəhbərləri çıxış ediblər. Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi xristian dini icmasının sədri Robert Mobili öz çıxışlarında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı uğurun tarixi əhəmiyyətindən danışıblar və sıralarında müxtəlif din mənsubları olan Vətən şəhidlərinin xatirəsini anıblar.

Zəfərin ikinci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin qazı və səlahiyyətli nümayəndələri Vətən müharibəsi dövründə din xadimlərinin xalqa, orduya dini-mənəvi xidmət göstərmələrindən, Şeyxülislam başda olmaqla dini mərkəzin tövsiyə və tapşırıqlarını mənəvi borc olaraq həyata keçirərək şəhidlərin dəfn mərasimlərində yaxından iştiraklarından duyduqları qüruru vurğulayıb, qazanılmış Zəfərin ali mənəvi dəyərindən bəhs ediblər. Bildiriblər ki, Azərbaycan dindarları, din xadimləri hər zaman Vətənin xidmətindədirlər və Azərbaycan Prezidentinin müdrik siyasətini dəstəkləyirlər. Tədbirdə iştirak edən Vətən müharibəsinin qazisi olan din xadimlərinin ürək sözləri dinlənilib və onlar Zəfər bayramı münasibətilə mükafatlandırılıblar. Bildirildi ki, bütün məscidlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin ruhları dualarla anılacaqdır.

Tədbirdə dini konfessiya rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu oxunub.

AzVision.az

Teqlər:







Xəbər lenti