Hulusi Kılıç: “Onların qarşısına Türk birliyi ilə çıxmaqdan başqa yolumuz yoxdur”

   Hulusi Kılıç:    “Onların qarşısına Türk birliyi ilə çıxmaqdan başqa yolumuz yoxdur”
  10 Noyabr 2022    Oxunub:416
“Türk Ağsaqqalları Birliyi olaraq Daşkənddən Səmərqəndə mesaj ünvanladıq”
AzVision.az xəbər verir ki, bunu Türk Ağsaqqalları Birliyi - TAİB-in Türk dünyası üzrə həmsədri, tanınmış diplomat Hulusi Kılıç deyib. O qeyd edib ki, TAİB-in Özbəkistanda keçirdiyi konfrans birinci növbədə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə həsr olunmuşdu.

"Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə təşkil etdiyimiz konfrans bütün komponentlər üzrə yüksək səviyyədə keçirildi. Bununla paralel olaraq Konfransın Türk dünyasına və Türk Dövlətləri Təşkilatının sayğıdəyər liderlərinə mesajı da oldu. Biz Türk dünyasında mənəvi ağırlığı ilə seçilən Özbəkistanın vətəndaş cəmiyyəti nümayəndələri ilə birgə Səmərqənddə keçirikcək Türk Dövlətləri Təşkilatının Zirvəsinə onu çatdırmağa çalışdıq ki, dəyərli liderlərimizin Türk dünyasının birliyi istiqamətində atdıqları addımları dəstəkləyir və proseslərin daha da sürətlənməsi üçün ictimai müstəvidə çalışmalarımızı daha da artırmağa hazırıq".


TAİB həmsədri qeyd edib ki, Türk xalqları arasında əlaqələrin genişlənməsi, Türk Dövlətləri Təşkilatının sarsılmaz güc mərkəzinə çevrilməsi üçün ictimai təşkilatların da üzərinə böyük məsuliyyət düşür:

"Elə bir mərhələyə qədəm qoymuşuq ki, fəaliyyət istiqamətlərindən, ixtisaslaşma profillərindən asılı olmayaraq ictimai təşkilatlar malik olduqları imkanlardan və əlaqələrdən istifadə etməklə Türk birliyinin daha da möhkəmlənməsinə töhfə verməlidirlər. Bunu bizdən mövcud reallıqlar, geosiyasi amillər, qlobal siyasətdə müşahidə olunan qütbləşmə meyilləri tələb edir. Yəni bu gün bizim konkret maraqlar üzərində formalaşmış məlum birliklərin qarşısına Türk birliyi ilə çıxmaqdan başqa yolumuz yoxdur. Bəli, biz böyük qürur hissi ilə deyə bilərik ki, bu gün həm Türkiyə Prezidenti sayın Rəcəb Tayyib Ərdoğan və Can Azərbaycanın çox hörmətli dövlət başçısı cənab İlham Əliyev Türk dünyasının inkişafı, Türk birliyinin möhkəm dayaqlar üzərində boy verməsi üçün bütün gərəkli addımlar atırlar. Biz ictimaiyyət nümayəndələri olaraq digər Türk dövlətlərinin liderlərinin də qətiyyətli və prisipial addımlar atmağa meyilli olduqlarını görürük. Siyasi liderlərin hər biri əmin ola bilər ki, atdıqları addımlar geniş ictimai dəstək qazanacaq".

Hulusi Kılıçın sözlərinə görə, Türk birliyinin hansısa ölkəyə və ya ölkələrə qarşı olacağına dair fikirlərin oturuşmasına heç bir halda yol verilməməlidir: “Türk birliyi bütün hallarda iqtisadi inkişaf, mədəni sahədə inteqrasiya, gələcəyə möhkəm dayaqları olan körpü atmaq, xalqların rifahını təmin etmək, bütövlükdə dünyanın bəhrələnə biləcəyi yeni layihələr və tranzit xətlər reallaşdırmaq ideyalarına söykənir . Türk Dövlətləri Təşkilatı da xalqların soy, dil və tarixi-mədəni köklərindən güc alaraq yola çıxıb. Türk xalqları bütün dövrlərdə sülh və barış tərəfdarı olublar. Bu gün də belədir, Türk dövlətləri bütün ölkələrlə dost münasibətinin tərəfdarıdır. Əlbəttə, bizə qarşı düşmən mövqeyində dayanmaq istəyənlər olacaqsa, buna da münasabitəmiz adekvat olacaq. Necə ki, 44 günlük II Qarabağ müharibəsində bunun ən bariz nümunəsini yaratdıq”.

Diplomat Türkiyənin proseslərdə rolundan bəhs edərək, rəsmi Ankaranın, bilavasitə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının möhkəm iradəsinin hazırkı gedişatda böyük rol oynadığına diqqət yönəldib: “Bu gün Türkiyə qlobal siyasətə özünün təsir imkanları, texnoloji sahədə nail olduğu fantastik inkişaf göstəriciləri ilə seçilən bir dövlətdir. Hamımız görürük ki, regionda hansı mürəkkəb oyunlar qurulur və Türkiyə bu oyunları necə məharətlə pozmağı bacarır. Heç şübhəsiz ki, Türkiyə Dövləti Türk dünyasının hədəflərinə çatması üçün də öz prinsipial mövqeyindən geri çəkilməyəcək və günü-gündən artan potensialından istifadə etməklə Türk birliyinin arzulanan şəkildə formalaşması yönündə çalışmalarını davam etdirəcək. Əgər söhbət inkişafdan, xalqlar arasında əlaqələrin genişlənməsindən, daha təminatlı gələcəyin qurulmasından və bölgədə barış mühitinin yaradılmasından gedirsə, Türkiyə və onun Prezidenti bu yoldan çəkilməyəcək”.

TAİB həmsədri Özbəkistandakı müşahidələrindən də söz açıb. Hulusi Kılıç qeyd edib ki, Özbəkistanın Azərbaycana olan münasibəti onu məmnun edib: “Gördüyüm o oldu ki, Özbəkistanın həm rəsmi şəxsləri, həm də özbək xalqı Azərbaycan üçün tale yüklü məsələlərə çox həssas yanaşır. Cənab Prezident İlham Əliyev barədə söylənilən yüksək fikirlər də göstərdi ki, Azərbaycan bugünkü inkişafı, Türk birliyinin möhkəmlənməsi istiqamətində atdığı addımlar özbək qardaşlarımız tərəfindən diqqətlə izlənilir və dəstək qazanır. Sözsüz ki, iki qardaş xalqların münasibətində müşahidə olunan dərinləşmədə dövlət başçıları arasındakı səmimi dostluq münasibətlərinin rolu böyükdür”.

Türk Ağsaqqalları Birliyi – TAİB-in konkret fəaliyyət proqramına söykənən unikal platforma olduğunu deyən Hulusu Kılıç qeyd edib ki, TAİB bütün Türk dünyasını əhatə etməyə, Türk birliyinin güc mərkəzinə çevrilməsinin tarixi zərurət olması gerçəkliyinə ictimaiyyətin diqqətini yönəltməyə çalışır: “İnanırıq ki, fəaliyyətimiz daha ciddi nəticələrə gətirib çıxaracaq. İctimai birlik olaraq Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvəsindən gözləntimizə gəldikdə, inanırıq ki, dövlət başçıları qarşıdakı mərhələdə aktual olacaq məsələlərin üzərinə işıq salacaq və bizim hər birimiz üçün fəaliyyətimizi yeni tələblərə uyğunlaşdırmaq, eləcə də istiqamətləri daha aydın görmək imkanı yaranacaq”.

AzVision.az

Teqlər:







Xəbər lenti