"Ermənistan vaxtında cəzalandırılsaydı, Ukrayna faciəsi olmaya bilərdi"

// Azay Quliyev ATƏT PA-da ermənilərə tutarlı cavab verdi

   "Ermənistan vaxtında cəzalandırılsaydı, Ukrayna faciəsi olmaya bilərdi"
  24 Noyabr 2022    Oxunub:481
ATƏT PA-nın Varşavada keçirilən payız sessiyasında Ermənistanın nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyanın ölkəmizə qarşı əsassız ittihamlarına Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev tutarlı cavab verib.
“Birincisi, bu ilin sentyabr hadisələri zamanı Azərbaycan heç kimin ərazisini işğal etməyib, sadəcə Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün təsirli cavab tədbirləri görüb, bizə təhlükə yaradan atəş nöqtələrini zərərsizləşdirib.

Azərbaycan bu kimi hərbi toqquşmalarda maraqlı deyil və heç vaxt olmayıb. Çünki hərbi toqquşmanın baş verdiyi ərazilərə yaxın yerlərdə çox böyük yenidənqurma və tikinti layihələri həyata keçirir, bu baxımdan həmin layihələri risk altına atmağımız məntiqli deyil.

İkincisi, 30 il ölkəmizin 1/5-ni işğal altında saxlayan, etnik təmizləmə, insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş Ermənistanın Azərbaycanı agressiyada ittiham etməsi siyasi riyakarlıqdan başqa bir şey deyil.

Bundan başqa, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanati kobud şəkildə pozan Ermənistan Laçın yolundan sui-istifadə edir, sülhməramlılıların müşayiəti ilə Qarabağ iqtisadi zonasına qanunsuz silah daşıyır.

Hörmətli həmkarlar, sizdən soruşuram, bu qədər cinayət törətmiş Ermənistanın başqasını nədəsə günahlandırmağa mənəvi haqqı varmı? Məncə, yox. Ona görə də Ermənistana məsləhət görərdim ki, Azərbaycan haqqında yaydığı yalan və böhtanlara son qoysun, "qurbanlıq kartı" oynamağı dayandırsın. Bu, Ermənistana heç bir fayda gətirməyəcək.

Sonda onu demək istərdim ki, əgər ATƏT və digər beynəlxalq təşkilatlar vaxtında Ermənistanı cəzalandırsaydılar, bəkə də ATƏT ərazisində, xüsusilə, Ukraynada indiki facilər yaşanmazdı"- Azay Quliyev bildirib.

Teqlər: ATƏT-PA  







Xəbər lenti