İsinmə hərəkətləri: Avropa qızınmağın yollarını axtarır

// Dəmiri çox da isitmədən döyərlər...

      İsinmə hərəkətləri:    Avropa qızınmağın yollarını axtarır
  29 Noyabr 2022    Oxunub:6922
Bu qış Avropa üçün çətin olacaq. Artıq avropalılar elektrikə və qaza qeyri-adi şəkildə qənaət etməyə başlayıblar.
Britaniyada qab-qacağı ləyəndə yumağı, pəncərə və qapı boşluqlarını doldurmağı, istifadə edilmədiyi zaman məişət cihazlarını elektrik şəbəkəsindən çıxarmağı, diod lampalarına keçməyi, vanna yox, duş qəbul etməyi, yaşanmayan otaqlarda istilik sistemini dayandırmağı, digər otaqlarda isə azaltmağı tövsiyə edirlər.
Kommunal xərcləri ödəyə bilməyən sakinlər üçün bir sıra ictimai binalarda istilik məntəqələri yaratmaq istəyirlər. Bəzi məktəblər ən yoxsul tələbələrinə sviter almağı düşünür.


Fransada mağazalara istilik sistemi çalışanda qapıları açıq saxlamaq, gecələr işıqlı lövhələri və ventilyasiyanı işlətmək qadağan edilib. İşıqlandırma sistemi tam gücünün maksimum 70%-dək işləməlidir. Müştərilər olmadıqda isə uzaq başı 50%. Bretanda tələbə auditoriyasını 19 dərəcədən yuxarı qızdırmaq qadağan edilib.

Almaniyada ictimai yerləri 19 dərəcədən yuxarı isitmək, ümumiyyətlə insanların "uzun müddət olmadığı" yerləri, hovuzlardakı suyu qızdırmaq qadağan olunub. Əlləri yumaq üçün isti sudan istifadə tövsiyə olunmur. İctimai binaların və tarixi abidələrin, hətta prezident iqamətgahı fasadının və Brandenburq Qapısının işıqlandırılması dayandırılıb.

Hannoverdə idman salonlarını 15 dərəcədən çox qızdırılmamaq qərarına gəliblər. Münhendə ofislərdə isti suyu bağlayacaqlar, bir sıra ticarət mərkəzləri eskalatorları dayandıracaq.


Baden-Vürtemberq əyalətinin baş naziri evdə yalnız bir otağı isitməyi və duş qəbul etmək əvəzinə, bədəni nəm parça ilə silməyi təklif edib. Qaz şirkəti GASAG pilləkənləri qaçaraq çıxmağı və iki sviter geyinməyi məsləhət görür.

İspaniyada baş nazir nazirləri, məmurları və iş adamlarını qənaət etməyə çağırıb, dövlət müəssisələrini 19 dərəcədən yuxarı isitmək qadağan olunub. Giriş qapıları avtomatik bağlanmalı, vitrin işıqları saat 22.00-a qədər söndürülməlidir.

İtaliyada da dövlət və təhsil müəssisələrini 27 dərəcədən aşağı soyutmaq və 19 dərəcədən yuxarı qızdırmaq qadağandır. Qadağaya əməl etməməyə görə 500-dən 3 min avroya qədər cərimə nəzərdə tutulur.


Finlandiyada şəbəkə operatoru Finqrid bildirib ki, qışda dükanlar elektrik enerjisi istehlakını azaltmaq üçün növbə ilə bir neçə saat bağlanmalıdırlar, soyuqlar düşəndə isə işıqlar bir neçə saatlıq kəsilə bilər.

Çexiyada elektrik enerjisinin qiymətinin artması ilə əlaqədar tələbələr distant təhsilə keçirilə bilər.

İsveçrədə ElCom Elektrik Komissiyasının rəhbəri əhalini şam və odun ehtiyatı toplamağa çağırıb.


Polşada vətəndaşlara soyuq gecələrdə donmamaq üçün meşələrdən odun yığmağa icazə verilib.

Litvada qənaət yarışları təşkil edilib - ən orijinal qənaət edənlər mükafat alacaqlar.

Samir Quliyev
AzVision.az



Teqlər: Enerji-böhranı  





Xəbər lenti