Stresi idarə et: Əsas qaydalar

      Stresi idarə et:    Əsas qaydalar
  30 Noyabr 2022    Oxunub:1935
Stresi fiziki, emosional və ya psixoloji gərginliyə səbəb olan hər hansı dəyişiklik kimi xarakterizə etmək olar. O, bədənin dəyişən şəraitə reaksiyasıdır. Stresli dövrlərdə adətən əhval-ruhiyyənin dəyişməsi, yuxu, həzm problemləri, narahatlıq hissləri, immunitetin azalması və s. müşahidə olunur.
Lakin stresə reaksiya "müsbət" də ola bilir. Bu halda stress enerji axınına, işdə və digər fəaliyyətlərdə istifadə edilə biləcək toparlanmaya səbəb olur. Belə dövrlərdən səmərəli istifadəyə imkan verən xüsusi üsullar mövcuddur. Bunun üçün stresli vəziyyəti idarə etməyi öyrənmək lazımdır.

Ofisdə və ya evdə çoxlu iş görmək həmişə məhsuldar olmur. Çox vaxt insan bir neçə şey arasında bölünür və nəticədə yorulur. Ağır iş üçün hər gün 1-3 saat ayırmaq lazımdır. Bu zaman smartfondan, sosial şəbəkələrdən, çatlardan və ya e-poçtdan istifadə etməmək məsləhətdir. İş zamanı ekrana diqqət yetirməmək üçün bildirişləri söndürmək pis olmaz.

Çoxsaylı videogörüşlər və telefon zəngləri yorucudur, çünki beyin eyni anda çoxlu müxtəlif məlumatı qavramalı olur. Bəzən video-konfranslar zamanı diqqəti yalnız fikirlərə yönəltmək üçün görüntünü bağlamağa dəyər.


İnsan adi rejimdə gücünü bərpa etmək üçün "təbii fasilələrdən" istifadə edir: kofe süzmək, siqaret çəkmək, nəqliyyat səfərləri və s. Stress zamanı diqqətinizi konsentrasiya vəziyyətindən sərbəst şəkildə yayındırmalısınız. Qrafikdə bir işi digərindən ayıran fasilələr olmalıdır. Bu, qısa bir gəzinti, ev heyvanları ilə ünsiyyət, idman ola bilər. Mikrofasilə zamanı smartfondan istifadə etmək məsələhət deyil, çünki bu, daha çox koqnitiv yorğunluğa səbəb olacaq.

Yaxşı yatın

Yuxu cədvəlini dəqiq təyin edin: təxminən eyni vaxtda yatağa girin və 7-9 saat yatın. Alkoqol, kofein, ağır yeməklər və yatmazdan əvvəl sosial şəbəkələrdə gəzişmək düzgün deyil. Həftə sonu "doyunca yatmaq" cəhdləri yalnız bədənin gündəlik ritmlərini aşağı salır.

İdmanı vərdiş halına salın

Cədvəlinizdə bədən tərbiyəsi, o cümlədən sürətli gəzinti üçün 10-15 dəqiqəlik fasilələri nəzərə almağa dəyər. Daimi məşq əhval-ruhiyyəni yaxşılaşdırır, emosiyaları tənzimləməyə kömək edir. Ayaq üstdə nə edə biləcəyinizi əvvəlcədən planlaşdırın - məsələn, gəzinti zamanı işlə bağlı danışa bilərsiniz.


İşdən qabaq gəzişin. Bu, ofisə getmək, evdən işlədiyiniz halda isə gəzinti ola bilər. Hər gün müəyyən sayda addım atmağı qarşıya məqsəd qoya bilərsiniz.

Düzgün qidalanın və su balansına əməl edin

Qeyri-sağlam yemək vərdişləri emosional vəziyyətə təsir edən narahatlığa və sağlamlıq problemlərinə səbəb olur. Kifayət qədər maye qəbul etmək də vacibdir. Məsələn, soyuducuya yaxınlaşıb bir stəkan su içmək üçün mikrofasilə verə bilərsiniz.

Nəfəs gimnastikalarından istifadə edin

Stress zamanı dərindən nəfəs almaq faydalıdır. Cəmi bir dəqiqəlik dərin nəfəs parasimpatik sistemi bərpa və stresi aradan qaldırmağa kömək edir. Vacib işlər arasında nəfəs almağı xatırlamaq üçün taymer qura bilərsiniz.

İş qrafikinizə sadiq qalın

İş gününüzü uzatmağa ehtiyac yoxdur. İşin sonunu təyin etmək üçün xüsusi bir vərdiş yarada bilərsiniz - məsələn, ailə və ya dostlara zəng etmək. İş gününün sonunda bitirmə ritualını yerinə yetirin. Bu, iş və istirahət arasında dəqiq sədd qoymağa imkan verəcək. İş otağı evdə olsa belə, onu tərk edib qapını bağlaya bilərsiniz. Belə bir otaq yoxdursa, iş yerini yığışdıra bilərsiniz ki, işlə bağlı əşyalar ertəsi günə qədər özünü sizə xatırlatmasın. Ofisdən evə gedən yolu imitasiya edərək gəzintiyə də çıxa bilərsiniz.


Stresli yaxınlara necə kömək etmək olar

Bəzən başqalarının streslə mübarizədə köməyə ehtiyacı olur. Bunun üçün əvvəla, kollektivdə müsbət mühit yaratmağa çalışmalı, həmkarlara empatiya göstərməlisən. Bəzi işləri müvəqqəti ləğv edə və onları gəzinti və ya qəhvə fasiləsi ilə əvəz edə bilərsiniz.

İşçilərdən necə, nə vaxt və hansı formada ünsiyyətdə daha rahat olduqlarını soruşun. Ətrafınızdakıların özlərini daha rahat hiss etmələri üçün hadisələrin standart formatını dəyişməyə dəyər.

Həmkarlarınızın ruhdan düşməsinə və skeptisizminə, eləcə də digər mənfi təzahürlərə diqqət yetirmək vacibdir.

Əməkdaşları çox yükləməmək üçün işi düzgün təşkil etməyə çalışın. Onların ən təşəbbüskar olanlarına diqqət yetirin - belə insanlar tez-tez öz üzərlərinə həddən artıq məsuliyyət götürür, İşin öhdəsindən gəlməkdə çətinlik çəkdiklərini etiraf etmək istəmirlər.

Nadir Quliyev
AzVision.az

Teqlər: Stres   Psixologiya  







Xəbər lenti